İranın Dağlıq Qarabağ tənzimlənməsinə digər dövlətləri dəvəti, yoxsa... Siyasət

İranın Dağlıq Qarabağ tənzimlənməsinə digər dövlətləri dəvəti, yoxsa...

İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bəhram Qasimi Moskvada Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının görüşündən sonra rəsmi Moskvanın tənzimlənmədə təkbaşına roluna münasibət bildirdi: "Qarabağ böhranını bir şəxs və ya ölkə tərəfindən həll edilə biləcəyi ilə bağlı söylənən fikirlər düzgün deyil... Bu böhranı xalqın roluna diqqət etmədən həll etmək mümkün deyil. Xalqın bu münaqişənin həllində rolu həlledici olacaq".
Politoloq Mübariz Əhmədoğlu məlum açıqlama ilə bağlı bəzi nüanslara toxunub:
İİR XİN-in bəyanatında olan mesajlar:
I. İran RF-in Dağlıq Qarabağ tənzimlənməsində rolunu rəsmən şübhə altına alır. Bu ilk dəfədir. Əvvəla, Rusiya həm də region dövlətidir. İkincisi, ABŞ-ın İrana bəlli münasibəti fonunda İİR RF-ə möhtacdır.. Belə vaxtda B.Qasimi rəsmi şəxs kimi öz dövləti ilə Rusiyanın arasında gərginlik yaratmaq istəyirsə demək B.Qasimi nədənsə narazıdır və yaxud İrandan kənardakı antiiran qüvvələrə işləyir.
II.Ermənistan antiRusiya mövqeyini İranla koordinasiya edir. Azərbaycan Respublikası Prezident Administrasiyasının yüksək çinli rəsmisi N. Məmmədov son gorüşdə RF-in Ermənistana təzyiq etdiyini bildirdi. İİR XİN görüşdən cəmi bir neçə saat keçmiş Rusiyanın rolunu inkar edən, Ermənistanın maraqlarına cavab verən bəyanat verdi. Ermənistanın razılaşmadığı məhz indi bəlli oldu.
III. B.Qasiminin mövqeyi İİR-in rəsmi konsepsiyasına ziddir. İranın rəsmi konsepsiyasına görə Dağlıq Qarabağ münaqişəsini xalqlar başlamayıb. Bu münaqişə xristian dövlətlərinin geosiyasi oyununun nəticəsidir.
IV. İran Dağlıq Qarabağ münaqişəsinin həllini uzatmaqla Azərbaycana əlavə təzyiq rıçaqları yaradır və ya bu təzyiq rıçaqlarını təkmilləşdirir. Dağlıq Qarabağ probleminin həllində İranın müstəsna imkanları var. Bir neçə saata o bu problemi həll edə bilər. İran Dağlıq Qarabağ problemini həll etsəydi İsrailin mövqeyi bu qədər aktual olmazdı. İran istəsəydi Səudiyyə Ərəbistanı bu problemlə maraqlanmağa imkan tapmazdı. Son vaxtlar Səudiyyə Ərəbistanının Dağlıq Qarabağ tənzimləməsinə diqqət ayırması İranı narahat edir.
İranın Xarici İşlər Nazirliyində son dövrlərdə aparılan təyinatlarda savad heç də ən vacib kriteriya deyil. İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bəhram Qasimi də həmin savadsızlardan biridir.
Biz Bəhram Qasiminin "Dağlıq Qarabağ münaqişəsini bir dövlət həll edə bilməz" mövqeyini düzgün qəbul edə bilərik. Əgər belədirsə, onda İİR Ərəb və digər müsəlman dövlətlərinin, məsələn Pakistanın da bu tənzimlənməyə qoşulmasına şərait yaratsın. Belə müraciətlə çıxış etsin. Ərəb dövlətləri İrana özündən 1200 km aralıda yerləşən Fələstin torpaqlarının İsrail işğalından azad olunması ilə məşğul olmasına hər cür şərait yaradıblar. Eyni ilə o qaydada İran arzulayan Ərəb dövlətlərinə, və Pakistana İranın ərazisindən istifadə etməklə Dağlıq Qarabağ münaqişəsi regionuna yaxınlaşmasına imkan yarada bilər. İİR Dağlıq Qarabağ münaqişəsi regionunun yeganə qonşusudur.
İİR-in savadsız məmurları bu ölkənin başına çox oyunlar açacaq. İİR-in erməni terrorizmini dəstəkləməsi sübut olunacaq.