“Azərbaycan bir-birinə zidd olan gücləri əməkdaşlığa cəlb edən mərkəz olduğunu təsdiq edir” Siyasət

“Azərbaycan bir-birinə zidd olan gücləri əməkdaşlığa cəlb edən mərkəz olduğunu təsdiq edir”

Musa Qasımlı: "IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinin dərin mənası, aydın məqsədi var"

Azərbaycan dövləti Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarının keçirilməsi ilə dünyanın bir-birinə zidd olan güclərini əməkdaşlığa cəlb edən mərkəz olduğunu təsdiq edir. Bunu millət vəkili Musa Qasımlı deyib. O, qeyd edib ki, dünya nizamının az qala yox olduğu indiki dövrdə Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinin dərin mənası, aydın məqsədi var: "Azərbaycan bu Forumu keçirməklə nümayiş etdirir ki, dünyanın gələcəyi mədəniyyətlərin, sivilizasiyaların toqquşmasında deyil, müxtəlif mədəniyyətlərin qarşılıqlı əməkdaşlığı və zənginləşməsi ilə bağlıdır. Azərbaycan dövləti ənənə halı alan bu Forum ilə özünün mədəniyyət diplomatiyası vasitəsilə dünyanın bir-birinə zidd olan güclərini birləşdirən, əməkdaşlığa cəlb edən mərkəz olduğunu təsdiq edir, digərlərinə nümunəvi yol göstərir. Hesab edirəm ki, Azərbaycan təcrübəsinin öyrənilməsi fayda verərdi".
Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı deyib ki, Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Forum məhz Azərbaycan adı, ünvanı ilə tanınır və artıq dördüncü dəfədir keçirilir: "Bunlar özlüyündə ciddi önəm daşımaqdadır. Bu arasıkəsilməz tədbir, hər dəfə respublikamızın daha yaxından tanıdılması, daha yaxşı tanıdılması, həqiqətlərimizin gərəyincə göstərilməsi baxımından əvəzsizdir. Hər dəfə bizə yeni dostlar qazandıran bu Forum, sıradan insanların deyil, nüfuzlu dövlət, elm, din, mədəniyyət xadimlərinin iştirakı ilə keçirlməsi ilə bir başqa əlamətdarlıq daşımaqdadır".
Onun sözlərinə görə, Forum hər hansı başqa bir ölkədə keçirilsə də, uluslararası hadisə olacaqdı lakin Azərbaycanda keçirilməsi ikiqat anlamlıdır – elan olunmamış müharibə, işğal, terror, önəmli tarixi abidələrə qarşı vandalizm, bir sözlə, anti-mədəniyyət faktlarından ciddi itkilərə məruz qalan bir respublika olaraq, öz başımıza gələnlər misalında bəşəriyyətin ağrıyan yerlərini göstəririk: "Dünyanı barışa, anlaşmaya, dialoqa çağırmaq üçün ən uyğun yerlərdən birinin, bəlkə də, birincisinin məhz Azərbaycan olduğunu göstəririk. Ayrıca, səmavi dinlərin dinc yanaşı yaşamasının Azərbaycan modelinin necəliyini bir daha nümayiş etdiririk.
Sizi əmin edirəm, Azərbaycanda keçirilən hər uluslararsı tədbirdən sonra Ermənistan başbilənləri xeyli sarsılır, əlavə resurslar axtarmağa, əziyyət çəkməyə məcbur olur, düşmənin iç üzü görsənir və hər dəfə yenidən maskalanmağa məcbur qaldıqca yeni yanlışlıqlar etmiş olurlar. Habelə belə bir ortam, tanıtım isə yalnız mədəni, ideoloji-siyasi deyil, eyni güclə iqtisadi anlam da daşıyır və ölkəmizə turist axınına təsirsiz ötüşmür. Bax, bütün bunlar IV Ümumdünya Mədəniyyətlərarası Forumun qısa özəti olaraq fərqləndirilə bilər".
Millət vəkili Sədaqət Vəliyeva deyib ki, bu istiqamətdə Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər bəşəriyyətin təhlükəsiz gələcəyi və birgəyaşama ənənələrinə, dialoq və mədəni müxtəlifliyə dəstəyin bariz nümunəsidir: "IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dövlətimizin başçısının dünya miqyasında sülh və dialoqa, əməkdaşlığa çağırış siyasətini dəstəkləməsinə əyani sübutdur. Sirr deyil ki, Cənab Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə mədəniyyətlər arasında dialoqun qurulması məqsədilə "Bakı prosesi" təşəbbüsü irəli sürülüb, İslam ölkələri mədəniyyət nazirlərinin VI Konfransı keçirilib, həmçinin, BMT Baş Məclisinin 65-ci sessiyasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşəbbüsü elan edilib. Bu mənada, "Bakı prosesi" çərçivəsində 2011-ci, 2013-cü və 2015-ci illərdə I, II və III Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları, habelə 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu ölkəmizdə yüksək səviyyədə təşkil edilib. Elə IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da bütün deyilənlərin prizmasından istisna təşkil etmir. Forumda 120-dək ölkə rəsmisinin, 39 beynəlxalq təşkilatdan rəsmilərin, 50-dən çox qeyri-hökumət təşkilatlarınin, təqribən 800-dən çox xarici nümayəndənin, həmçinin, dövlət və hökumət və beynəlxalq təşkilatların rəhbərlərinin, parlament rəsmilərinin, alimlərin, səfirlərin, tanınmış şəxslərin, 30-dan çox nazirin iştirak etməsi dövlətimizin siyasətinə dəstəyin ifadəsidir". "Bu Forum böyük strateji hədəflərə hesablanan prosesdir. Burada ölkəmizin beynəlxalq qurumlararası münasibətlərə, beynəlxalq təşkilatlarla ölkələr arasında münasibətlərə, ölkələrarası əlaqələrə, ölkələr daxilində qurumlararası münasibətlərə töhfə vermə imkanları qazandıran fəaliyyətdən söhbət gedir" – deyə diqqətə çatdıran Sədaqət Vəliyeva əlavə edib ki, bu, eyni zamanda Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün böyük imkanlardan biridir.