ATƏT niyə nüfuzunu itirir? Siyasət

ATƏT niyə nüfuzunu itirir?

Bahar Muradova: "Münaqişələr məsələsində ATƏT-in mövqeyi heç bir münaqişəyə məruz qalmış ölkəni qane etmir"

"ATƏT PA-nın 2014-cü il yay sessiyası Bakıda keçiriləcək. Sessiyaya hazırlıq qrafikə uyğun gedir və artıq demək olar ki, bir çox texniki məsələlər həllini tapıb. Xırda detallar qalıb ki, onlar da zamana bağlı olan məsələlərdir. Bu yaxınlarda, yəni, ATƏT katibliyinin - ATƏT Parlament Assambleyasının nümayəndələri Bakıda oldular, bir dəfə də may ayının sonlarında Bakıda olmaları gözlənilir".
Bu barədə Milli Məclis sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib. Onun sözlərinə görə, Azərbaycan üzərinə düşən təşkilati işləri zamanında yüksək səviyyədə yerinə yetirəcək və Parlament Assambleyasının 23-cü sessiyasının keçirilməsi üçün lazım olan bütün şərait yaradılacaq: "O ki qaldı Ermənistan nümayəndə heyətinin gəlib-gəlməməsinə, bunun üçün xüsusi prosedur yoxdur. Tədbirdə iştirak qaydaları hamı üçün eyni şəkildə müəyyənləşdirilib və ayrı-ayrı ölkələrin nümayəndə heyətləri bu qaydalara uyğun iştirak edir. Xüsusi bir münasibət sərgiləməyə o qədər lüzum yoxdur. Hələ zamana var, gəlib-gəlməyəcəklərini qarşıdakı vaxtda bilmək olar".
Bahar Muradovanın sözlərinə görə Ermənistanın bu tədbirdə iştirak etməməsi sessiyanın ümumi işinə və Azərbaycanın bu təşkilat çərçivəsindəki fəaliyyətinə hansısa zərər gətirə bilməz.
Vitse-spiker qeyd edib ki, ATƏT Parlament Assambleyası ATƏT-in bir vacib institutu olsa da, bu qurum Azərbaycanda o qədər də böyük nüfuz sahibi ola bilməyib: "Bunun səbəbi Dağlıq Qarabağ məsələsində Azərbaycanın gözləntilərinin doğrulmaması, bu təşkilatın öz missiyasını imkanlarına uyğun aparmaması və işğal siyasətini yeridən ölkəyə lazımi təzyiqləri göstərməməsidir. Amma ATƏT təkcə bir Qarabağ məsələsi ilə məşğul olmur. Onun üç istiqamətdə məşğul olduğu çoxsaylı məsələlər var ki, Azərbaycan dövləti digər məsələlərlə bağlı qurumla çox ciddi əməkdaşlıq edir və çox yaxşı da uğurlar var. Ümumiyyətlə, münaqişələr məsələsində ATƏT-in tutduğu mövqe heç bir münaqişəyə məruz qalmış ölkəni qane etmir. Təkcə Azərbaycanı yox, eləcə də Moldovanı, Gürcüstanı və digər münaqişə bölgələrini qazı salmır. Çünki ATƏT öz imkanlarından təkcə Qarabağ məsələsində deyil, bu məsələlərdə də lazımınca istifadə etmir. O nöqteyi-nəzərdən bu quruma münasibət digər ölkələrdə də oxşardır. Amma çox təəssüf ki, bu fikirlər ardıcıl olaraq ifadə edilsə də, ATƏT-in bu mövqeyinin dəyişməsinə çox ciddi çağırışlar olsa da, bu təşkilat elə bil ki, bir qapalı dairədə fırlanaraq öz imkanlarının məhdudluğu, mandatının imkan vermədiyi səbəbindən nə bu mandatın və yaxud da imkanların dəyişdirilməsi ilə bağlı ciddi addımlar atmır, ata bilmir, nə də mövcud imkanları çərçivəsində effektiv fəaliyyətlər ortaya qoymur, qoya bilmir. Ona görə bu təşkilatın hər hansı bir tədbirini istər Azərbaycanda keçirsin, istər başqa yerdə, istər Dağlıq Qarabağ məsələsi ilə, yaxud da, digər həlli uzadılmış münaqişələrlə bağlı bir tədbirinin təsirli olması ilə əlaqədar fikir söyləməkdən uzağam. Çünki biz zamanında belə ümidlər bəsləmişik və o ümidlərimiz doğrulmayıb".