“Minsk Qrupunun həmsədrləri konkret fəaliyyətə başlamalıdırlar” Siyasət

“Minsk Qrupunun həmsədrləri konkret fəaliyyətə başlamalıdırlar”

"Ermənistan prezidenti Serj Sərkisyan Tavuş rayonun Koxb kəndində Tumo məktəbinin təməlinin qoyulma mərasimində iştirak zamanı diqqət çəkən bəyanat verdi: Bu məktəbdə Azərbaycan və Gürcüstan vətəndaşları da təhsil ala bilərlər. Sərkisyan bəyanatının sonunda ritorik sual da verdi: Niyə də yox?" Bu fikirləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu qeyd edib. O bildirib ki, Tavuş rayonunun bu Koxb kəndi həm Azərbaycan, həm də Gürcüstanla sərhəd ərazidə yerləşir: "Amma Sərkisyanın belə bəyanatının kökündə təkcə coğrafi məsələ dayanmır. Görünür, ATƏT Minsk Qrupu həmsədrləri Ermənistan SSR-dən deportasiya olunmuş azərbaycanlıların və Azərbaycan SSR-i tərk etmiş ermənilərin geri qaytarılması məsələsini aktuallaşdırırlar. Prezident Sərkisyan real mahiyyətdən yayınmaq üçün yalançı ümid yaradır; Guya, Sərkisyan hətta azərbaycanlıların gəlib Ermənistan məktəblərində təhsil almasının tərəfdarıdır. Sərkisyanın bu bəyanatından cəmi iki gün sonra Ermənistan parlamentinin deputatı Nairi Zöhrabyan həyəcan çağırışı etdi ki, Baqrataşendə vəziyyət gərgindir. Baqrataşen Gürcüstan və Ermənistan arasında yerləşən sərhəd-gömrük nəzarət məntəqəsidir. Zöhrabyanın fikrincə, oradan hətta yarım kiloqram meyvənin keçirməsinə icazə vermirlər. Azərbaycanın alma ordusu hal-hazırda Ermənistanda yəqin ki, maddi cəhətdən mövcud deyil, amma görünür virtual baxımdan fəaliyyətdədir və öz işini görür". Onun fikrincə, Azərbaycanın almasına görə öz əhalisini bu qədər incidən Sərkisyanın azərbaycanlıların Ermənistanda təhsil almasına müsbət münasibət bildirməsi qeyri-ciddi məsələdir: "Eləcə də bu həmin Sərkisyandır ki, Dağlıq Qarabağ azərbaycanlıları ilə Dağlıq Qarabağ ermənilərinin görüşünə qadağa qoyub. Eləcə də Sərkisyan bilir ki, Ermənistandan qovulmuş azərbaycanlılarla Azərbaycanı tərk etmiş ermənilərin də dialoqu sonda onun üçün yaxşı heç bir şey vəd verməyəcək. O da nəzərə alınmalıdır ki, Yenilənmiş Madrid Prinsiplərinin V maddəsinin tələbinə görə, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün düşmüş bütün şəxslər ilkin yaşayış məskənlərinə qayıtmalıdır. Sərkisyanın bu bəyanatını ATƏT-in Minsk Qrupunun gördüyü işin nəticəsinə verdiyi reaksiya kimi başa düşmək olar. Ona görə həmsədrlər Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan və Ermənistan arasında yaranmış qaçqın ordusunun problemlərinin həlli istiqamətində işlərini təkmilləşdirsələr daha faydalı ola bilər. Ermənistan SSR ilə Azərbaycan SSR arasında 1987-1988-ci illərdə yaranmış qaçqın məsələsini diqqətlə öyrənməli və bunu BMT Təhlükəsizlik Şurası qarşısında qaldırmalıdır. Beynəlxalq hüquqda, yurisprudensiyada bir qrup məsələlərə yumşalma və yaxud digər güzəştlər tətbiq edilmir. Deportasiya belə cinayətlərdəndir. Ona görə ATƏT-in Minsk Qrupunun həmsədrləri deportasiyaya dözümlü münasibətlərini arxa plana keçirməli və bu məsələ üzrə konkret fəaliyyətə başlamalıdırlar. Bu nəhayət ki, Sərkisyanın prezidentliyinin qalan 10 ayı müddətində daha konstruktiv addım atmasına şərait yarada bilər".