Dünya Ermənistanın vandalizm aktını pisləyir Siyasət

Dünya Ermənistanın vandalizm aktını pisləyir

İyul ayının 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Sahibə Quliyeva və onun nəvəsi 2 yaşlı Zəhra Quliyevanın öldürülməsi faktı Ermənistanın işğalçılıq və vandalizm aktını bir daha dünya ictimaiyyətinə çatdırdı.
Ermənistanın bu hərəkəti azərbaycanlı mülki əhaliyə qarşı olan qəsd, məqsədli şəkildə törədilmiş hücumdur. İşğalçı ölkənin bu qəddarlığı 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının müddəalarına və cəbhə xəttində uşaqların, mülki əhalinin hüquqlarını müdafiə edən digər əlavə protokollara ziddir.
Xarici ekspertlər də ermənilərin bu barbarlığını pisləyiblər.
"Yeni Rusiya" ictimai-siyasi hərəkatının lideri Nikita İsayev söyləyib ki, Alxanlıda baş verən son hadisələr göstərdi ki, Dağlıq Qarabağ konflikti yenidən alovlanmağa başlayır.
"Dinc sakinlər arasında olan itki bu konfliktin daha təhlükəli mərhələyə keçdiyini göstərir. Biz yaxşı anlayırıq ki, bu, elan edilməmiş müharibədir. Vasitəçi qrupun aktiv fəaliyyəti ilə bu konflikt bitməyəcək. Alxanlı hadisələri konflikt üçün barıt çəlləyi ola bilər. Bunun nəticəsində bölgədəki situasiya yekun şəkildə pozulacaq, aprel hadisələrindən daha ciddi olan müharibə başlayacaq.
Baş verənlərin əsas səbəbi Dağlıq Qarabağ üzrə əsas vasitəçi olan Rusiya və ABŞ-ın bu konfliktin həllinə xüsusi diqqət ayırmamalarıdır. Buna görə də konflikt tərəfləri, özəlliklə də İrəvan millitarist siyasət yeridir. Ermənistanda bu siyasət parlament seçkisinin nəticələri ilə əlaqədardır. Biz hamımız Serj Sərkisyanın seçkiqabağı kampaniya zamanı necə sərt militarist bəyanatlarla çıxış etdiyini xatırlayırıq.
ABŞ və digər dövlətlər Qarabağdakı situasiyaya müdaxilə etməyənə qədər müharibə bitməyəcək. Beynəlxalq ictimaiyyət hazırda qlobal siyasi sistemin qurulması ilə məşğuldur. Qarabağ konflikti nə ABŞ, nə Fransa, nə də Rusiyanın gündəmində ilk yerdə dayanır. Onların hansı bəyanat verməsindən asılı olmayaraq, konfliktin həlli üçün heç bir iş görməyəcəklər. Beynəlxalq ictimaiyyət yalnız bu konfliktin onlar üçün həll edilməsi vacib olan problem kimi görünəcəyi zaman Qarabağ üçün irəliyə addım atılacaq", – deyə o bildirib.
"Dünya ictimaiyyəti Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazisində törətdiyi zorakılıq aktlarını qınamalıdır".
Bunu isə amerikalı politoloq Piter Teys ermənilərin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində 2 yaşlı qız və onun nənəsinin ölməsi, eləcə də bir sakinin yaralanmasıyla nəticələnən hadisəni şərh edərkən deyib.
"Avropa İttifaqı, Avropa Komissiyası və Ağ Ev rəhbərlərinin bu məsələyə səssiz qalması dəhşətli tarixi səhvdir, qəbuledilməzdir. Ermənilərin qətlə yetirdiyi uşaq Londonda, Parisdə və dünyanın digər yerlərində törədilən terror aktlarında ölənlər kimi günahsız idi. Dünya ictimaiyyəti ikili standartlarla ləkələnib. ATƏT-in Minsk qrupu isə zəif işinə və heç bir nəticə əldə edə bilmədiyinə görə uğursuz strukturdur", - P.Teys bildirib.
Məlum hadisəylə bağlı ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatasının üzvü Donald Şuter (Donald Shooter) Ermənistan prezidenti Serj Sarkisyana açıq məktub ünvanlayıb.
Məktubun bir surəti Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna göndərilib.
Məktubda mülki vətəndaşların, xüsusilə də uşaqların qətlə yetirilməsinin tamamilə qeyri-məqbul olduğu və beynəlxalq hüquq normalarını ciddi şəkildə pozduğu qeyd olunur.
Ermənistan-Azərbaycan münaqişəsi barədə danışan D.Şuter Azərbaycanın suveren ərazisinin 20%-nin Ermənistan tərəfindən işğal edilməsinin və etnik təmizləməyə məruz qoyulmasının çağdaş Avropa tarixinin ən qara səhifələrindən biri adlandırır. O bu ədalətsizliyin yüz minlərlə azərbaycanlı məcburi köçkünün məşəqqətinə səbəb olmaqda davam etdiyini ürək ağrısı ilə vurğulayır.
Münaqişə zamanı azərbaycanlı mülki əhaliyə qarşı Ermənistan qoşunları tərəfindən müxtəlif qəddarlıqların törədildiyini qeyd edən D.Şuter bu səpkidə Xocalı qətliamını diqqətə çatdırır. O qeyd edir ki, yüzlərlə uşaq, qadın və yaşlıların qətlə yetirildiyi bu qətliam müharibə və münaqişələrin mülki şəxslərə vurduğu böyük ziyanların bariz göstəricisidir.
Azərbaycanın işğal olunmuş ərazilərindən erməni qoşunlarının dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin indiyədək yerinə yetirilməməsinin təəssüf doğurduğunu qeyd edən D.Şuter bu münaqişənin bu gün Cənubi Qafqazdakı təhlükəsizliyə ən böyük hədə təşkil etdiyini vurğulayır.
Sonda mülki əhalinin hədəfə alınmasını tamamilə qəbuledilməz olduğunu vurğulayan D.Şuter balaca Zəhra və onun nənəsinin öldürülməsini qətiyyətlə pislədiyini bildirərək, Ermənistan prezidentini bu dəhşətli cinayəti pisləməyə və bu cinayəti törədənləri tezliklə taparaq məsuliyyətə cəlb etməyə, eləcə də belə faciələrin təkrarlanmaması üçün müvafiq tədbirləri görməyə çağırır.
"Mülki vətəndaşların yaşadığı Azərbaycan kəndini qəsdən artilleriya zərbəsinə məruz qoymaq insanlığa qarşı cinayət kimi qiymətləndirilməlidir". Bunu isə ukraynalı politoloq Vadim Karasayev Fizulu rayonunun Alxanlı kəndində yaşanan qanlı insidenti şərh edərkən deyib.
Politoloq hesab edir ki, belə olan hallarda beynəlxalq təşkilatlar dərhal araşdırmalara başlamalı və hadisənin kim tərəfindən qəsdən törədilməsini müəyyənləşdirməlidir.
"Sivilizasiya normalarından çıxış edərək, ilk növbədə Ermənistanın rəhbərliyi araşdırma aparmalıdır ki, mülki vətəndaşların yaşadığı bölgəyə artilleriya zərbəsinin vurulmasını kim əmr edib", - deyə qeyd edən Vadim Karasayevə görə, Azərbaycan simmetrik addım atarsa, bu daha çox qanın tökülməsinə gətirib çıxara bilər.
Ukraynalı politoloq cinayətkarların cəzalandırılmalı olduğunu deyərək, 30 ilə yaxındır davam edən Qarabağ münaqişəsinin dondurulmuş münaqişə olmadığını hesab etdiyini bildirib. O, yeni müharibənin hər an başlaya biləcəyini də istisna etməyib.