Azərbaycanın haqq səsi Siyasət

Azərbaycanın haqq səsi

İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb. Düşmənin atəş nöqtələri cavab atəşi ilə susdurulub. Bu hərbi cinayət işğalçı Ermənistanın növbəti təxribatı, erməni vandalizminin növbəti nümunəsidir və Ermənistandakı hərbi-siyasi rejimin terrorçu mahiyyətini nümayiş etdirib.
Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, erməni faşizmini ifşa etmək, torpaqlarımızın işğaldan azad edilməsi yönündə fəaliyyətə töhfə vermək, ümumən ictimai və dövlət maraqların müdafiəsi hər bir vətəndaşın borcudur. Müasir dünyada cəbhədə qələbələrin əsası öncə informasiya savaşında qoyulur. Bəs işğalçıların son vəhşiliyi fonunda yaranan mənzərə hansı reallığı ortaya qoyur?

Vahid amal

Keçən ilin aprelində dünya ictimaiyyəti torpaqlarımızın işğaldan azad edilməsinin Azərbaycan xalqının və ordusunun vahid amal kimi öz ətrafında birləşdirdiyinin şahidi oldu. Bu, həm də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan dövlətçiliyinin müdafiəsi və torpaqlarımızın azad edilməsi istiqamətində fəaliyyəti, həyata keçirilən vətənpərvər siyasətinin nəticəsi idi. Ermənistan silahlı bölmələrinin yaşayış məntəqələrini ağır silahlarla atəşə tutmasına baxmayaraq, 1990-cı illərində əvvəlindən fərqli olaraq, əhali doğma yurd-yuvalarını tərk etmədi. Əks-hücuma keçən Azərbaycan ordusu Talış kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ətrafında strateji yüksəklikləri azad etdi. Xalqın və dövlətin dəstəyinə malik Azərbaycan ordusu düşmənə abır zərbə vurdu. Ermənistanın Rusiya və digər dövlətlərə xahişləri ilə əlaqədar Azərbaycan ordusu hərbi əməliyyatları dayandırdı. Bununla da Ermənistanın faşist-şovinist hakimiyyətinin illərdir ki, guya işğalçı ordunun məğlubedilməz olduğu, Azərbaycan torpaqlarını böyük himayədarlarının dəstəyi ilə deyil, öz "döyüş qabiliyyətləri" ilə işğal etdikləri barədə mif aradan qalxdı. Sadə ermənilər də dərk etdilər ki, Azərbaycan xalqı və dövləti heç bir halda torpaqlarının işğal altında qalması faktı ilə barışmayacaq.
Azərbaycan ordusu ilə açıq döyüşdə məğlubiyyətə uğramış işğalçı ordunun növbəti dəfə təmas xətti yaxınlığında yerləşən kəndləri, Azərbaycanın mülki əhalisini hədəf seçməsi də təsadüfi deyil. Bu, qorxaqlıqdan doğan vəhşiliyin təzahürüdür. Azərbaycan dövləti, ictimaiyyəti və dünyadakı azərbaycanlılar isə yenə də vahid mövqedən çıxış edərək, dünya ictimaiyyətinin diqqətini erməni vandalizminə cəlb etməkdə, işğala məruz qalan Azərbaycanın haqlı mövqeyini ortaya qoymaqda, torpaqlarımızın işğaldan azad edilməsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas vacib şərt olduğunu diqqətə çatdırmaqdadır.

Dünyaya mesaj

Azərbaycan prezidenti İlham Əliyev "Twitter" səhifəsində yazıb ki, dünya ictimaiyyəti günahsız insanların qətlinə göz yummamalıdır. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan silahlı qüvvələrinin bu təxribatı nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürülməsi, digər mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulmasının vandalizm aktı olaraq Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut etdiyini bəyan edib. Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğu münaqişə zonasında gərginliyin və insidentlərin yaranmasının əsas səbəbidir və münaqişənin siyasi həllinə başlıca maneədir. XİN vurğulayıb ki, Ermənistanın siyasi-hərbi rəhbərliyinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin və beynəlxalq təşkilatların münaqişənin həlli üçün substantiv danışıqlara çağırışlarına mülki şəxslərin qəddar şəkildə öldürülməsi ilə cavabı bir daha onu sübut edir ki, həmsədrlər beynəlxalq hüququn norma və prinsipləri və beynəlxalq təşkilatların qərar və qətnamələrinə uyğun olaraq Ermənistanın öz qoşunlarını tezliklə Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmasını və işğala əsaslanan status-kvonun dəyişdirilməsini tələb etməlidirlər.
Ermənistan hakimiyyətinin dərhal dünya ictimaiyyətini aldatmaq üçün yalan məlumatlar yayaraq, Azərbaycan Silahlı Qüvvələrinin dinc əhalidən guya sipər kimi istifadə etdiyini iddia etməsinə də arqument və sübutlarla cavab verilib. İyulun 6-da Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Respublika Baş Prokurorluğu və Füzuli rayonunun İcra Hakimiyyəti tərəfindən Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərin və xarici KİV nümayəndələrinin Alxanlı kəndinə səfəri təşkil edilib. Hərbi attaşelər və KİV nümayəndələri kənd ərazisində Silahlı Qüvvələrin bölmələrinin heç bir qərargahının və atəş nöqtələrinin olmadığına yerində əmin olublar. Bu fakt bir daha təsdiq edir ki, Ermənistan silahlı bölmələrinin əsas hədəfi dinc Azərbaycan əhalisi olub.
Hüquqi müstəvidə də ilk addımlar atılıb. Alxanlıda baş verən hadisə ilə bağlı artıq Füzuli Rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq qrupu yaradılıb.

İctimaiyyətin təpgisi və son xəbərdarlıq

Azərbaycandakı dini konfessiyaların rəhbərləri erməni silahlıları tərəfindən Füzuli rayonunun Alxanlı kəndində törədilmiş cinayətlə əlaqədar beynəlxalq təşkilatlara və dini liderlərə müraciət ünvanlayıblar. Müraciəti Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Bakı şəhəri Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milih Yevdayev, Azərbaycan Respublikasının Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili imzalayıb. Dini konfessiyalar BMT-ni, Avropa İttifaqını, Avropa Şurasını, ATƏT-in Minsk qrupunu, İslam Əməkdaşlıq Təşkilatını və dünya dini liderlərini mülki şəxsləri, məsum körpələri, qadın və qocaları hədəf seçən bu terror və vandalizm cinayətini törədənlərin tezliklə cəzalandırılması istiqamətində səylərini birləşdirməyə çağırıb. Azərbaycan Mətbuat Şurası da dünyanın media ictimaiyyətinə ünvanlanmış bəyanatında bu vandalizm aktını qətiyyətlə pisləyib, dünyanın media ictimaiyyətini Ermənistanın işğalçı və terrorçu mahiyyətini bir daha sübut etməyə çağırıb.
Dünyanın müxtəlif ölkələrində diaspor təşkilatlarımız Ermənistandakı hərbi-siyasi rejimin terrorçu mahiyyətinin ifşa edilməsi istiqamətində fəallıq nümayiş etdirir, müxtəlif aksiyalar keçirir, böyük dövlətlərin müvafiq qurumlarına, beynəlxalq təşkilatlara müraciətlər ünvanlayırlar.
Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin açıqlamasında dövlətin və ictimaiyyətin vahid mövqeyinə toxunulur. Ramiz Mehdiyev bu növbəti qanlı cinayətin Ermənistandakı hərbi-siyasi rejimin terrorçu mahiyyətini, qeyri-insani və cinayətkar simasını bir daha nümayiş etdirdiyini qeyd edib. PA rəhbəri son illər Azərbaycan dövlətinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həlli istiqamətində səylərini daha da gücləndirdiyini, prezident İlham Əliyevin qətiyyətli, prinsipial və düşünülmüş siyasəti sayəsində dövlətimiz həm diplomatik, həm də hərbi sahədə mühüm üstünlüklər əldə etdiyini xatırladıb. Tarixi aprel qələbəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ölkəmizin mövqeyini əsaslı şəkildə möhkəmləndirib. Ramiz Mehdiyev bu gün işğaldan azad olunmuş və təhlükəsizliyi təmin edilmiş ərazilərimizə həyatın yenidən qayıtdığını, Cocuq Mərcanlının öz yurdlarından didərgin düşmüş bir milyondan artıq azərbaycanlı, bütün cəmiyyətimiz üçün əzəli torpaqlarımıza qayıdışın simvoluna çevrildiyini nəzərə çatdırıb. PA rəhbəri vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ikili standartlar siyasəti, cəzasızlıq mühiti Ermənistanın hərbi-siyasi rejiminin yeni cinayətlərini şərtləndirən başlıca səbəblərdir. Mövcud reallıq onu göstərir ki, artıq proseslər dözülməz həddə çatıb: "Artıq dərk etməyin vaxtıdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil və hər an yenidən alovlana, bütün region üçün ciddi fəsadlar törədə bilər. Azərbaycan dövləti işğal faktı ilə heç vaxt barışmayacaq, öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək, ərazi bütövlüyünü və əhalisinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görəcək. Beynəlxalq birlik, ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistanın cinayətkar rejimi bu reallığı dərk etməlidirlər".

Yaxın və uzaq xaricin səsi

Bu hərbi cinayətə dövlət başçıları və beynəlxalq təşkilatlar da ciddi reaksiya verməkdədirlər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edərək Azərbaycan prezidentinə və həlak olanların doğmalarına dərin hüznlə başsağlığı verib, Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistan silahlı birləşmələrinin Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutması nəticəsində azyaşlı da daxil olmaqla 2 dinc sakinin ölümü və 1 nəfərin yaralanması ilə bağlı təəssüfünü bildirib. Türkiyənin Xarici İşlər Nazirliyi Füzuli rayonunda ermənilərin dinc sakinləri öldürməsi hadisəsi ilə bağlı bəyanat yayıb, bu xain hücumu şiddətlə qınayıb. Türkiyə XİN vurğulayıb ki, beynəlxalq ictimaiyyət Ermənistanın işğal etdiyi torpaqlardan çıxarılması üçün təzyiq göstərilməlidir. İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə bəyan edib ki, Azərbaycan dövləti öz mülki vətəndaşlarına qarşı atılan qeyri-qanuni addımları aidiyyəti beynəlxalq təşkilat səviyyəsində araşdırmaq hüququna malikdir. Səfir bu hadisəni cinayət adlandırıb, ATƏT-in Minsk Qrupu üzərinə götürdüyü missiyanı yerinə yetirməyə çağırıb. İsrailin Azərbaycandakı səfiri Jan Stav ermənilərin atəşi nəticəsində iki yaşlı Zəhranın və nənəsinin öldürülməsindən dəhşətə gəldiyini bildirib.
ABŞ Dövlət departamenti Dağlıq Qarabağ münaqişəsində atəşkəs rejiminin pozulması nəticəsində bir neçə dinc sakinin, o cümlədən iki yaşlı uşağın həlak olmasına görə dərin narahatlığını ifadə edib. Bəyanatda münaqişənin ərazi bütövlüyü prinsipi və beynəlxalq hüququn normalarına uyğun tənzimlənməsi xüsusi qeyd edilir. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin isə tərəfləri atəşkəsi qorumağa çağıran və formal xarakter daşıyan birinci bəyanatından az sonra ikinci bəyanatla çıxış etmələri də diqqət çəkir. Həmsədrlər bildiriblər ki, iyulun 4-də baş verən bu ciddi insidenti sülh səylərini və qarşıdan gələn danışıqları poza bilən təxribatçı əməl kimi nəzərdən keçirirlər. Həmsədrlər tərəflərə Cenevrə konvensiyalarına əsasən mülki insanların qəbuledilməz tələfatına yol açan zorakı addımlardan kənar durmaq barədə öhdəliklərini xatırladırlar.
Minsk Qrupunun həmsədrlərinin ikinci bəyanatlarında təxribatların Ermənistan tərəfindən törədildiyi, bu ölkənin Cenevrə konvensiyalarının, digər beynəlxalq qanunvericilik aktlarının tələblərini və danışıqlar prosesini pozduğu aydın şəkildə görünür. ATƏT-in Minsk Qrupunun həmsədrləri faktiki olaraq qeyd edirlər ki, Ermənistan silahlı qüvvələrinin son təxribatı danışıqlar prosesinin və həmsədrlərinin səylərinin pozulmasına hesablanıb. Bütün bunlar göstərir ki, artıq beynəlxalq birlik Ermənistanı təxribatçı, beynəlxalq qanunvericiliyin tələblərini kobud şəkildə pozan və ona riayət etməyən, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesini pozan dövlət kimi qəbul edir, münaqişənin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini istəyir. Eyni zamanda beynəlxalq birlik Azərbaycanın haqlı tərəf olduğunu etiraf edir və bölüşür, Ermənistanı pozucu fəaliyyətdən çəkinməyə çağırır. Beynəlxalq birliyin reaksiyası, xüsusilə ATƏT MQ-nin ikinci dəfə bəyanat yayaraq baş vermiş hadisəyə dair obyektiv mövqe ifadə etməsi həm də Azərbaycan dövlətinin artan beynəlxalq nüfuzunun, gücünün, haqlı mövqeyinin, öz mənafelərini lazımi şəkildə müdafiə etmək imkanlarının və bacarığının etiraf olunması deməkdir.
Bütün bunlar bir daha təsdiqləyir ki, dünyada haqqımızın tanınması, torpaqlarımızın işğaldan azad olunmasının yolu məhz dövlət və xalqın həmrəyliyinin hər zaman nümayiş etdirilməsindən keçir.

Ramiz Mikayıloğlu

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb.