“Human Rights Watch”un növbəti qərəzi Siyasət

“Human Rights Watch”un növbəti qərəzi

Asim Mollazadə: "Biz burada erməni diasporunun fəallığını və digər qurumların ölkəmizə qarşı səylərini görürük"
Səbuhi Abbasov: "Azərbaycan dövlətinin müstəqil xarici siyasət yürütməsini bir çox beynəlxalq qurumlar həzm edə bilmirlər"

"Human Rights Watch" beynəlxalq hüquq-müdafiə təşkilatının "Azərbaycan: yeni həbslər və tənqidi səslərin məhkəməsi" adlı yeni araşdırmasında deyilir ki, Avropa Şurası Nazirlər Komitəsində sədrliyə başlayan Azərbaycan insan hüquqları sahəsində bu təşkilatın qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməkdə geri qalır.
Bu üzdəniraq qurumun Cənubi Qafqaz üzrə baş araşdırmaçısı Georgi Qoqiya deyib: "Avropa Şurası insan hüquqları sahəsində aparıcı təşkilatdır, lakin Azərbaycan sədrliyə onun standartlarına məhəl qoymadan başlayır. Avropa Şurası açıq şəkildə Azərbaycan rəhbərliyinə bildirməlidir ki, hökuməti tənqid edən şəxslərin həbsə alınması ədalətsizlikdir və onlar dərhal azad edilməlidir, insan hüquqları və demokratiya sahəsində geniş islahatlar aparılmalıdır".
Sənəddə qeyd olunur ki, son 2 ildə Azərbaycan hakimiyyəti ən azı 38 siyasi fəal, jurnalist və blogeri uydurma ittihamlarla təhlükə və cinayət təqiblərinə məruz qoyub, onların çoxu həbs edilib.
"Human Rights Watch"un qərəz dolu ənənvi hesabatı həmişəki kimi Azərbaycan ictimaiyyətində sərt reaksiyalar doğurub. Millət vəkili Asim Mollazadə deyib ki, Azərbaycana təzyiq göstərmək istəyən bir sıra ölkələr insan haqları amilini qabardaraq, bunu ölkəmizə qarşı istifadə edirlər. Onun sözlərinə görə, bu kimi təşkilatlar Azərbaycanla Qərb arasında olan münasibətlərə xələl gətirmək istəyirlər: "Biz burada erməni diasporunun fəallığını və digər qurumların ölkəmizə qarşı səylərini görürük. Azərbaycan bu kimi beynəlxalq təşkilatların hesabatlarını çox ciddi bir şəkildə araşdırmalıdır. Biz başlıca olaraq bilməliyik ki, bu hesabatlardan ən çox istifadə edən məhz erməni diasporu və işğalçı Ermənistan dövlətidir. Təbii ki, onların Azərbaycana qarşı digər vasitələrlə təzyiq göstərmək imkanları az olduğuna görə, çalışırlar ki, hər bir fürsətdən istifadə edərək ölkəmizlə Qərbin, Avropa Birliyi ilə ABŞ-ın münasibətlərinə xələl gətirsinlər".
Strateji Təhlil Mərkəzinin direktoru Səbuhi Abbasov bildirib ki, bu təşkilat insan haqlarını qorumaqla yox, siyasi alverlə məşğuldur: "Əvvəla artıq heç kimə sirr deyil ki, "Human Rights Watch" təşkilatı erməni lobbisi tərəfindən maliyyələşdirilir. Əslində bu fakt özlüyündə təşkilatın Azərbaycana olan qərəzli münasibətinin səbəblərini tam olaraq ortaya qoyur. Belə olmasaydı "Human Rights Watch" Azərbaycanda qaçqınlar və onların hüquqlarının pozulması haqqında bir dəfə hesabat hazırlayardı. Bu tip təşkilatlar həmişə təlimatla işləyib, onların qarşısında qoyulmuş vəzifələri yerinə yetirməyə xidmət edirlər. Belə təşkilatlar nəhayət anlamalıdırlar ki, onların vaxtaşırı nümayiş etdirdikləri qərəzli mövqelər bumeranqa çevrilərək yavaş-yavaş özlərinə təhlükə yaradacaq. Azərbaycan dövlətinin günü-gündən inkişaf etməsini, əhalisinin rifahının yüksəlməsini, müstəqil siyasət yürüdülməsini bir çox xarici qurumlar, eləcə də onların təsirində olan daxili destruktiv qüvvələr həzm edə bilmirlər".

Əli