“Bu təşəbbüsü genişləndirməyə ehtiyac var” Siyasət

“Bu təşəbbüsü genişləndirməyə ehtiyac var”

Qeyd edilir ki, “Sülh körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə növbəti görüş ilin sonuna kimi baş tutacaq.

Məsələ ilə bağlı xalqcebhesi.az-a açıqlama verən siyasi şərhçi Azər Həsrət deyib ki, müharibədən 6 ildən artıq müddət keçib, təbiidir ki, xalqlar arasında qarşılıqlı anlaşma, etimad, sülh mühiti formalaşdırılmalıdır: “Bu baxımdan da qeyd olunan təşəbbüs çərçivəsində görüşlərin davam etdirilməsi məqsədəuyğundur. Bu cür görüşləri intensivləşdirmək, daha geniş kateqoriyadan olan insanlar arasında keçirmək vacibdir. Yəni heyətlər bəllidir və görüşlər keçirilir. Amma artıq bu heyətləri də genişləndirmək lazımdır”.

A.Həsrət əlavə edib ki, müxtəlif istiqamətli insanları da bu proseslərə cəlb etmək lazımdır: “Yəni təkcə bu adamlar məsələni kökündən həll edəcək deyil. Onlarda o potensial da yoxdur, imkan da yoxdur, həm də iki xalq arasında etimadın bərpa olunmasından, xalqlar arasında qarşılıqlı anlaşmadan söhbət gedir. Ona görə də bu təşəbbüsü genişləndirməyə ehtiyac, zərurət var. Bu cür görüşlər mütləq müsbət nəticəyə gətirib çıxarır. Çünki istənilən halda masa arxasında oturmaq, fikir mübadiləsi aparmaq ümumi ovqata müsbət təsir göstərir”.

Röya İsrafilova