16:01
182
ABŞ və İsrail İranın guya "çirkli bomba" hazırlaması da daxil olmaqla əsassız xəbərlər yaymaqla İrana qarşı yeni təcavüz üçün informasiya zəmini yaradırlar.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi bəyan edib.
Xatırladaq ki, noyabrın 16-da CNN telekanalı mənbələrə istinadən məlumat yayıb ki, ABŞ kəşfiyyatının məlumatına görə, İran Vaşinqtonda "çirkli bomba"nın mümkün partladılması planlarını hazırlayır və hədəfdə Tramp administrasiyasının yüksək vəzifəli nümayəndələri ola bilər.
"İrana qarşı təcavüzə başlayanlar (ABŞ və İsrail) indi "The New York Times"ın son iddiaları və CNN tərəfindən yayılan "çirkli bomba" ilə bağlı uydurma media hekayəsi də daxil olmaqla əsassız ittihamlar uydurub yaymaqla öz pis niyyətləri üçün media zəmini hazırlamağa çalışırlar. Addım-addım gələcək təcavüz və vəhşiliklər üçün legitimlik görüntüsü yaratmağa cəhd edirlər", – deyə o, "X" sosial şəbəkəsində yazıb.
Bəqayinin sözlərinə görə, İran istənilən təcavüzə elə cavab verməyi bilir ki, bu cavab uzun müddət yadda qalsın. O həmçinin İran bəndlərini raket bazaları ilə əlaqələndirmək cəhdlərini rədd edərək, bunu həyati əhəmiyyətli infrastruktura zərbələr endirmək üçün bəhanə adlandırıb və xatırladıb ki, ABŞ və İsrailin son təcavüzü zamanı su anbarları və duzsuzlaşdırma qurğuları zərər görüb, bu da mülki əhalinin su təchizatını pozub.
Məryəm Quliyeva