17:31
280
“Müharibələr başa çatdıqdan sonra münaqişə tərəfi olmuş cəmiyyətlərin sülh dövrünə hazırlanması kifayət qədər mürəkkəb və uzunmüddətli prosesdir. Bu prosesdə vətəndaş cəmiyyəti institutlarının, QHT-lərin və medianın rolu olduqca böyükdür”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü media eksperti Müşfiq Ələsgərli deyib.
Ekspert bildirib ki, Azərbaycan da sülh gündəliyinə məhz bu kontekstdən yanaşır: “Cəmiyyətlərin sülhə hazırlanması, qarşılıqlı etimad mühitinin formalaşdırılması üçün müxtəlif təşəbbüsləri dəstəkləyir və zəruri addımlar atır. “Sülh körpüsü” dialoq platforması da bu prosesin tərkib hissəsidir. Belə təmasların keçirilməsi, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin bir masa arxasında əyləşməsi, mövcud problemləri müzakirə etməsi, bir-birinin mövqeyini dinləməsi, şübhəsiz ki, müsbət hadisədir. Lakin təəssüf ki, Ermənistan tərəfinin bu prosesə münasibətində hələ də müəyyən ziddiyyətlər müşahidə olunur. Zahiri müstəvidə dialoqa qoşulmaq istəyi nümayiş etdirilsə də, Ermənistan cəmiyyətinin sülhə hazırlanması istiqamətində Azərbaycanla eyni səviyyədə ardıcıl və səmimi fəaliyyət görmürük”.
“Ermənistanın media məkanında, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətində revanşist düşüncənin, keçmiş münaqişə ritorikasının təsirləri hələ də davam edir. Bu cür ziddiyyətli yanaşmalar yalnız vətəndaş cəmiyyəti təmsilçilərinin fəaliyyətində deyil, Ermənistanın siyasi və ictimai mühitində, hakimiyyət təmsilçilərinin davranışlarında da özünü göstərir. Düşünürəm ki, “Sülh körpüsü” çərçivəsində təmasların müəyyən müddət ləngiməsinə səbəb olan amillərdən biri də məhz qarşılıqlı yanaşmalardakı bu fərqlərdir” - deyə o əlavə edib.
M.Ələsgərlinin sözlərinə görə, bununla belə, Azərbaycan tərəfi “Sülh körpüsü” təşəbbüsünü dəstəkləyir və bu cür dialoq platformalarının fəaliyyətini vacib hesab edir: “Arzumuz və gözləntimiz qarşı tərəfin də prosesə eyni məsuliyyət, ardıcıllıq və səmimiyyətlə yanaşmasıdır. Ermənistan tərəfi öz cəmiyyətində revanşist çağırışlara, düşmənçilik ritorikasına qarşı prinsipial mövqe ortaya qoymalıdır”.
Röya İsrafilova