“Azərbaycan-Aİ əməkdaşlığının genişləndirilməsi ölkəmizə üstünlüklər qazandıra bilər” Siyasət

“Azərbaycan-Aİ əməkdaşlığının genişləndirilməsi ölkəmizə üstünlüklər qazandıra bilər”

“Hikmət Hacıyevin Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşü Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin yeni istiqamətlər üzrə inkişaf etdirilməsi baxımından diqqətəlayiqdir. Enerji təhlükəsizliyi, nəqliyyat-logistika əlaqələri və regional sabitlik məsələlərinin müzakirəsi göstərir ki, tərəfdaşlığın gündəliyi ənənəvi enerji əməkdaşlığından daha geniş iqtisadi və geosiyasi məzmun qazanır. Bu proses Azərbaycan üçün həm iqtisadiyyatın şaxələndirilməsi, həm də beynəlxalq mövqelərinin möhkəmləndirilməsi baxımından yeni imkanlar yaradır”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Yusif Bağırzadə söyləyib.

Y.Bağırzadə bildirib ki, ilk növbədə, əməkdaşlığın genişlənməsi Azərbaycan iqtisadiyyatına Avropa investisiyalarının cəlb edilməsi üçün əlavə imkanlar aça bilər: “Avropa İttifaqı ilə ticarət əlaqələrinin genişləndirilməsi, sənaye, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar və yaşıl iqtisadiyyat sahələrində birgə layihələrin həyata keçirilməsi qeyri-neft sektorunun inkişafına töhfə verə bilər. Xüsusilə Avropa şirkətlərinin texnologiya, idarəetmə təcrübəsi və maliyyə imkanlarından istifadə Azərbaycanın istehsal potensialının artırılması və ixrac coğrafiyasının genişləndirilməsi baxımından əhəmiyyətlidir. 2026–2030-cu illər üzrə yeni Tərəfdaşlıq Prioritetlərinin razılaşdırılması və ikitərəfli saziş üzrə danışıqların bərpası bu istiqamətdə institusional zəmin yaradır. Enerji sahəsində isə Azərbaycanın imkanları daha geniş perspektivlər vəd edir. Avropa İttifaqının enerji mənbələrinin və marşrutlarının şaxələndirilməsinə ehtiyacı Azərbaycanın strateji əhəmiyyətini artırır. Təbii qaz ixracı ilə yanaşı, bərpaolunan enerji mənbələrinin inkişafı, Xəzər hövzəsində külək enerjisi potensialının reallaşdırılması və elektrik enerjisinin Avropa bazarlarına ötürülməsi yeni əməkdaşlıq istiqamətləri kimi çıxış edir. Bu, Azərbaycana enerji ixracından əldə olunan gəlirləri artırmaqla yanaşı, gələcəkdə regional yaşıl enerji mərkəzinə çevrilmək imkanı da verə bilər”.

“Nəqliyyat və logistika sahəsində əməkdaşlıq Azərbaycanın qarşısında açılan digər mühüm fürsətdir. Orta Dəhlizin inkişafı ölkəmizin Avropa ilə Mərkəzi Asiya arasında əsas tranzit qovşaqlarından biri kimi mövqeyini gücləndirə bilər. Avropa İttifaqının Global Gateway təşəbbüsü çərçivəsində Naxçıvan dəmir yolu layihəsinin inkişafına dəstək verməsi və regional bağlantılara investisiya ayırması bu baxımdan əhəmiyyətlidir. 2026-cı ilin iyulunda elan edilmiş 200 milyon avroyadək maliyyə dəstəyi və bunun vasitəsilə 2 milyard avroyadək investisiyanın səfərbər edilməsi perspektivi Azərbaycanın nəqliyyat infrastrukturuna əlavə kapital cəlb edə bilər” – deyə politoloq əlavə edib.

O həmçinin qeyd edib ki, digər tərəfdən, əməkdaşlığın genişlənməsi Azərbaycanın regional təhlükəsizlik məsələlərində diplomatik mövqelərinin daha geniş platformalarda ifadə olunmasına şərait yaradır: “Aİ ilə dialoqun siyasi və təhlükəsizlik dialoqu formatında genişləndirilməsi, mina təhlükəsi ilə mübarizə və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dəstək bu baxımdan əhəmiyyətlidir. Bununla belə, Bakı-Brüssel münasibətlərində qarşılıqlı maraqların qorunması, Azərbaycanın suverenliyinə və milli maraqlarına hörmət, eləcə də iqtisadi əməkdaşlıqda bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsas şərtlər olaraq qalmalıdır. Ümumiləşdirərək deyim ki, Azərbaycan-Aİ əməkdaşlığının genişləndirilməsi ölkəmizə investisiya, texnologiya, yeni bazarlara çıxış, enerji ixracının şaxələndirilməsi və tranzit imkanlarının artırılması kimi konkret üstünlüklər qazandıra bilər”.

Röya İsrafilova