12:57
259
“Nardaran Sağlamlıq Mərkəzinin ikinci korpusu və məktəblər əsaslı təmirə ehtiyac duyur”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Allahverənov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Deputat 2027-ci ilin dövlət büdcəsi layihəsini müsbət qiymətləndirdiyini və sənədin lehinə səs verəcəyini bildirib.
O, çıxışında təmsil etdiyi seçki dairəsi üzrə bir sıra vacib sosial və infrastruktur məsələlərini diqqətə çatdırıb:
Zabrat qəsəbəsində 21 saylı poliklinikanın əsaslı təmirlə istifadəyə verilməsini təqdir edən deputat, Nardaran Sağlamlıq Mərkəzinin stasionar müalicə üçün nəzərdə tutulan ikinci korpusunun əsaslı təmiri, həmçinin çatışmayan həkim ştatlarının, o cümlədən lor-dermatoloqların təmin olunması zərurətini qeyd edib.
Zabrat və Kürdəxanı qəsəbələrində uşaqların sağlam böyüməsi üçün idman meydançalarının mövcud olmadığını, Pirşağıdakı Mədəniyyət Mərkəzinin isə əsaslı təmirlərə ciddi ehtiyac duyduğunu bildirib.
Zabrat qəsəbəsindəki 192 saylı məktəbdə böyük sıxlığın müşahidə olunduğunu, Nardaran qəsəbəsində isə məktəbəqədər müəssisənin olmamasının valideynlərə əlavə çətinliklər yaratdığını deyən A.Allahverənov bu problemlərin modul tipli korpusların inşası ilə aradan qaldırıla biləcəyini vurğulayıb.
Nardaran və qonşu qəsəbələrdə bağçılıq və gülçülük təsərrüfatlarının inkişaf etdirilməsi, məhsuldarlığın artırılması üçün tədarük məntəqələrinin qurulmasına, eləcə də əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə emalatxana və yeni iş yerlərinin açılmasına böyük ehtiyac olduğunu diqqətə çatdırıb.
Günel Elxan