Lapşin İsrailə təhvil verilə bilər Siyasət

Lapşin İsrailə təhvil verilə bilər

Azərbaycanda həbsdə olan bloqger Aleksandr Lapşinin barəsində olan hökmdən apellyasiya şikayəti verməkdən imtina edib.
Bu barədə APA-ya onun vəkili Eduard Çernin məlumat verib.
Vəkil bildirib ki, Aleksandr Lapşin bu gün İsrailin Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüşüb və onlara İsrailə ekstradisiya olunmaq istədiyini deyib.
Vəkil deyib ki, Aleksandr Lapşin İsrailə verilməsi istiqamətində işlər aparılacaq.
Qeyd edək ki, Aleksandr Lapşin iyulun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilib.
Aleksandr Lapşinə qarşı Cinayət Məcəlləsinin 281.2 (Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma- Eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə irəli sürülən ittihama xitam verilib. Məhkəmə bu maddə üzrə ittihamın təsdiqini tapmaması qənaətinə gəlib.
Xatırladaq ki, prokuror Aleksandr Lapşin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 il 6 ay müddətində azadlıqdan məhrum edilməsini istəyib.
Aleksandr Lapşin məhkəmədə son söz deyərkən verilən ittihamları qəbul etmədiyini bildirib.
Aleksandr Lapşin Azərbaycan xalqına mənəvi əzab verdiyi üçün peşman olduğunu deyib: "Mənim Azərbaycan xalqı qarşısında günahım yalnız mənəvi sahədədir, heç bir halda hüquqi müstəvidə deyil. Mən başa düşürəm ki, Qarabağ Azərbaycan üçün nə qədər vacibdir. Men heç bir halda erməni hakimiyyəti ilə cinayət əlaqəsinə girməmişəm".
Aleksandr Lapşin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağına ümid etdiyini deyib: "Mən peşmanam ki, Qarabağa səfər edərək, işğal nəticəsində əziyyət çəkən sakinlərə mənəvi əzab vermişəm. Mənim işğal haqqında təsəvvürüm olmayıb. Burda olanda da mənə yaxşı münasibət göstərilib".
Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov APA-ya açıqlamasında deyib ki, Aleksandr Lapşinin müraciətinə o zaman baxıla bilər ki, onun barəsində olan hökm qanuni qüvvəyə minsin".
Lapşinin İsrailin Azərbaycandakı səfirliyinə bu ölkəyə təhvil verilməsi üçün müraciətinə münasibət bildirən Faiq Qurbanov bildirib ki, məhkəmə qərarı qüvvəyə minəndən sonra beynəlxalq müqavilələr, normalar əsasında bu məsələyə baxıla bilər: "Qanunvericiliyə uyğun olaraq, hər bir məhkumun belə müraciət etmək hüquq var və ondan istifadə edə bilər".