Prezidentin köməkçisi: Azərbaycanın təcrübəsi digər postmünaqişə bölgələrində də tətbiq oluna bilər Siyasət

Prezidentin köməkçisi: Azərbaycanın təcrübəsi digər postmünaqişə bölgələrində də tətbiq oluna bilər

“Avropa İttifaqından olan tərəfdaşlarımızdan və digər tərəfdaşlardan Qarabağın bərpası və yenidən qurulması istiqamətində səylərimizə dəstək verməyə hazır olduqlarına dair müsbət siqnallar alırıq. Bu, təkcə regionumuz üçün deyil, daha geniş Avrasiya qitəsi üçün də yeni bağlantı imkanları yaradacaq. Şərq-Qərb dəhlizi və Orta Dəhliz üçün yeni imkanlar formalaşacaq. Bu, regionumuzun ümumi mənzərəsini dəyişəcək və Ermənistanın regional inkişaf proseslərinə inteqrasiyasını da təmin edəcək”.

APA-nın Qarabağa ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndi şəhərindəki Mədəniyyət Mərkəzini ziyarət edən diplomatik korpusa müraciətində deyib.

O, bərpa işlərinin və inkişafların cəmi altı il ərzində baş verdiyini və bunun Azərbaycan hökuməti və Azərbaycan xalqı tərəfindən böyük səylər tələb etdiyini bildirib: “Siz bizim bu prosesə tam sadiqliyimizin şahidi ola bilərsiniz. Bu, asan məsələ deyil. Biz sıfırdan başlamadıq, mənfi beşdən başladıq. Bu ərazi hələ də minalarla çirklənmədən əziyyət çəkir. Bu, qarşımızda duran nəhəng bir problemdir. Elə dünən daha bir mina hadisəsi baş verib. Xankəndiyə gedərkən bizə daha bir mina hadisəsi barədə məlumat daxil oldu və nəticədə bir mülki şəxs xəsarət alıb.

Minalar bizim yenidənqurma və bərpa səylərimizə mane olur, lakin onlar mümkün qədər tez bərpa və yenidənqurma işlərini həyata keçirmək, məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasını təmin etmək əzmimizi və iradəmizi sarsıda bilməz”.

Prezidentin köməkçisi sözlərinə görə, Qarabağa gedən yol boyunca şəhərlərdə və yaşayış məntəqələrində tikinti işləri aparılır: “Ümumilikdə isə Qarabağda təxminən 100 min mülki şəxs işləyir, yaşayır və təhsil alır. Bu, Azərbaycanın münaqişədən sonrakı bərpa və yenidənqurma sahəsində topladığı unikal təcrübədir. Düşünürük ki, Azərbaycanın təcrübəsi münaqişələrdən və müharibələrdən əziyyət çəkmiş dünyanın digər bölgələrində də tətbiq oluna bilər”.