
“Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi qələbə regional nəqliyyat və kommunikasiya xəttlərinin açılması üçün tamamilə yeni reallıqlar və geoiqtisadi situasiya yaradıb. Bu baxımdan istər regional, istərsə də beynəlxalq kontekstdə xüsusi aktuallıq kəsb edən əsas layihə Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsidir. İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni geosiyasi mühitdə Tramp layihəsi Azərbaycanın regionda diktə etdiyi nəqliyyat və kommunikasiya gündəliyinin qlobal müstəvidə dəstəklənən və regionu beynəlxalq ticarət mərkəzinə çevirməyi hədəfləyən strateji bir layihədir”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Əli Məsimli deyib.
Deputatın sözlərinə görə, Tramp layihəsi çərçivəsində əsas danışıqlar ABŞ və Ermənistan arasında aparılsa da Azərbaycanın iştirakı olmadan bu layihənin reallaşdırılması mümkün deyil: “ABŞ tərəfi proses barədə Azərbaycanı müntəzəm sürətdə məlumatlandırır. Azərbaycan isə bu layihənin reallaşdırılması üçün öz üzərinə düşən işlərin hamısını görür və görməkdə davam edir. Tramp layihəsinin icrası sadəcə Azərbaycanla Ermənistan arasında lokal xarakteri daşıyan bir bağlantı kimi yox, Cənubi Qafqazı Mərkəzi Asiya, Xəzər regionu və Avropa ilə birləşdirən irimiqyaslı geoiqtisadi layihə kimi çox perspektivlər açacaq. Belə ki, ekspert qiymətləndirmələrinə görə Tramp marşrutunun açılması ilə Çindən Avropaya yük daşınmasının müddəti 38 gündən 18 günə qədər azalacaq. Bu marşrut digər yollarla müqayisədə logistika xərclərinin də 35-40 faiz aşağı salınmasına gətirib çıxaracaq. Bu da region ölkələri məhsullarının dünya bazarında rəqabət qabiliyyətini artıracaq. Bu layihə Azərbaycan və Türkiyənin tranzit rolunun gücləndirilməsində də mühüm rol oynayacaq. Eləcə də ölkəmizin Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin daha da güclənməsinə çox güclü impuls verəcək”.
Ə.Məsimli vurğulayıb ki, uzun illər blokada şəraitində yaşayan Naxçıvan Türkiyə, İran və Cənubi Qafqazı birləşdirən mühüm logistika mərkəzi olacaq: “Bu isə Naxçıvanın inkişafına çox böyük təkan verəcək. Azərbaycan şirkətlərinin, o cümlədən kiçik və orta biznes strukturlarının xarici bazarlara çıxışı xeyli asanlaşacaq. Tranzit yüklərin qarşılıqlı daşınması ilə uzun illərdən sonra Cənubi Qafqaz regionunda normal ticari-iqtisadi əlaqələr xeyli dərəcədə bərpa olunacaq. Tramp layihəsi Azərbaycanın aparıcı rolu şəraitində Cənubi Qafqazı Avrasiyanın daha dinamik, təhlükəsiz və iqtisadi baxımdan səmərəli ticarət arteriyalarından birinə çevirəcək”.
Röya İsrafilova