“TRIPP layihəsi kontinental əhəmiyyətlidir” Gündəm

“TRIPP layihəsi kontinental əhəmiyyətlidir”

“TRIPP layihəsinin icrası tək Azərbaycan və Ermənistan arasında deyil, həm də regional, hətta kontinental əhəmiyyətlidir. Belə ki, TRIPP layihəsinin icrası Orta Dəhlizin funksionallığını, fəaliyyətini təmin edəcək və onun ayrılmaz bir hissəsi olacaq. Bu da Orta Dəhlizin rəqabətliliyini, ölkənin, regionun tranzit və yükdaşıma imkanlarını ciddi şəkildə artıracaq”.

Bunu xalqcebhesi.az-a İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı Eyyub Kərimli söyləyib.

E.Kərimli deyib ki, bu, digər tərəfdən, həm Azərbaycanın, həm Ermənistanın ixrac imkanlarını genişləndirəcək, tranzit haqlarından əlavə gəlirlər əldə olunmasına dəstək verəcək: “Eləcə də bu, həm də Azərbaycanı və Orta Asiyanı, həmçinin Çini Avropa ilə birləşdirən ciddi bir qovşaq - nəqliyyat xətti olacaq. Bu, həm də Türkiyənin ixrac imkanlarına və qarşılıqlı xarici ticarət əlaqələrinin genişlənməsinə imkan verəcək. Sözsüz ki, bu layihənin baş tutması ciddi iqtisadi və həm də siyasi hadisədir. Regionda sahibkarlığın inkişafına əhəmiyyətli təsir göstərəcək, Azərbaycanın iqtisadi imkanlarını genişləndirəcək və xarici ticarət dövriyyəsinin artmasına ciddi təsir göstərəcək”.

İqtisadçı hesab edir ki, bu, həm də ölkəmizin ciddi sahibkarlıq fəaliyyətinin və ixrac-istehsal imkanlarının, digər tərəfdən yükaşırma infrastrukturunun artmasına səbəb olacaq: “Həmçinin ölkənin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə, əlavə investisiyanın cəlb olunmasına ciddi dəstək vermiş olacaq. Ümumiyyətlə, TRIPP layihəsi qeyd etdiyim kimi həm də kontinental əhəmiyyətlidir. Bu, Çindən Avropaya uzanan nəqliyyat xəttidir və bunun həm də Avropa iqtisadiyyatına müsbət təsirləri olacaq. Belə ki, Çin məhsulları həm qısa müddətdə, həm də daha az nəqliyyat xərcləri ilə Avropaya çatdırılacaq. Bu da Avropa iqtisadiyyatında ciddi təsir imkanlarına malik olacaq”.

Röya İsrafilova