Bakıda Azərbaycan və Türkiyənin energetika nazirlərinin görüşü olub İqtisadiyyat

Bakıda Azərbaycan və Türkiyənin energetika nazirlərinin görüşü olub

Bakıda Azərbaycan-Türkiyə V Enerji Forumu çərçivəsində energetika naziri Pərviz Şahbazovla Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar arasında ikitərəfli görüş keçirilib.

Energetika Nazirliyindən APA-ya verilən xəbərə görə, görüşdə ortaq tarixə, milli köklərə və qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının son illərdə müttəfiqlik səviyyəsinə yüksəlməsinin enerji əməkdaşlığına da yeni məzmun qazandırdığı qeyd olunub. Birgə enerji layihələrinin iki ölkənin və regionun enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolu vurğulanıb.

İkitərəfli və regional enerji gündəliyində duran məsələlərin cari vəziyyəti nəzərdən keçirilib. Azərbaycan-Türkiyə Enerji Forumu enerji tərəfdaşlığını davamlı inkişaf etdirən və yeni əməkdaşlıq istiqamətləri ilə zənginləşdirən mühüm platforma kimi dəyərləndirilib.

Qlobal enerji arxitekturasında baş verən dəyişikliklər və elektrikləşmənin sürətlənməsi fonunda artan enerji tələbatının elektrik enerjisi bağlantılarının strateji əhəmiyyətini artırdığı bildirilib. Bu kontekstdə Naxçıvan və Gürcüstan üzərindən Azərbaycan-Türkiyə elektrik enerjisi bağlantılarının və yaşıl enerji dəhlizlərinin inkişafı, həmçinin “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Görüşdə, həmçinin Türkiyənin bu ilin noyabrında COP31-ə ev sahibliyi çərçivəsində Azərbaycan-Türkiyə əməkdaşlığına dair fikir mübadiləsi aparılıb. COP31-in “Enerji və Nəqliyyat Günü” çərçivəsində nəzərdə tutulan tədbirlər, eləcə də Azərbaycanın COP29 Sədrliyi dövründə irəli sürdüyü enerji təşəbbüslərinin davam etdirilməsi imkanları nəzərdən keçirilib. Elektrik enerjisi bağlantıları və yaşıl enerji dəhlizləri üzrə birgə layihələrin COP31-in təmiz enerji keçidi və elektrikləşmə prioritetləri ilə uzlaşdığı vurğulanıb. Azərbaycanın COP29 Sədrliyi çərçivəsində qazandığı təcrübəni bölüşərək COP31-ə ev sahibliyi edəcək qardaş Türkiyəyə dəstək verməyə hazır olduğu bildirilib.