Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək? Gündəm

Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?

“Tayvanın vitse-prezidenti Hsiao Bi-khim xarici işlər naziri Lin Chia-lunqla birlikdə İtaliyaya nadir səfər edərək Ventotenedə keçirilən Azadlıq və Demokratiya Konfransına qatılıb. Tayvanla rəsmi diplomatik münasibətləri olmayan Avropa ölkələrindən birində bu səviyyəli təmsilçilik Pekinin sərt reaksiyasına səbəb olub”.

Bu fikirləri xalqcebhesi.az-a siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva söyləyib.

Z.Qarayeva əlavə edib ki, Çin səfəri “vahid Çin” prinsipinə qarşı addım kimi qiymətləndirərək həm İtaliyaya, həm də Avropa İttifaqına diplomatik etirazını çatdırıb: “İtaliya hökuməti Tayvan nümayəndə heyəti ilə rəsmi görüş keçirməməklə Pekinlə açıq böhrandan yayınmağa çalışsa da, səfərin özü Tayvanın Avropadakı siyasi görünürlüğünün artdığını göstərir. Bu hadisə Aİ-nin Tayvan məsələsində qarşılaşdığı strateji dilemmanı üzə çıxarır. Avropa dövlətləri Çinlə böyük iqtisadi əlaqələrini qorumaq istəyir, lakin Pekinin Tayvana hərbi təzyiqi və Rusiyaya yaxınlaşması onları daha ehtiyatlı siyasət yürütməyə məcbur edir”.

Politoloqun sözlərinə görə, Aİ yaxın perspektivdə Tayvanı müstəqil dövlət kimi tanımağa hazır görünmür, ancaq parlament, iqtisadi və qeyri-rəsmi diplomatik kanallarla Taypey ilə münasibətləri genişləndirir: “Pekinin hər belə təmasa kəskin reaksiya verməsi isə paradoksal şəkildə Tayvan məsələsini Avropa siyasi gündəmində daha görünən edir. Buna görə Hsiao Bi-khimin səfəri sadəcə konfransda iştirak deyil, Avropanın Çin qarşısında siyasi sərhədlərini yoxlayan diplomatik addım kimi qiymətləndirilə bilər”.

Röya İsrafilova