“TRIPP layihəsi Azərbaycanın tranzit gəlirlərini artıracaq” Gündəm

“TRIPP layihəsi Azərbaycanın tranzit gəlirlərini artıracaq”

“TRIPP layihəsinin icrası regionda ticarət, kommunikasiya əlaqələrinin açılmasına, yükdaşımaların artmasına, ölkələrarası ticarət dövriyyəsinin yaxşılaşmasına gətirib çıxaracaq. Ermənistan blokadadan çıxacaq və onun TRIPP marşrutu, Azərbaycanın dəmir yolu xəttləri vasitəsilə Rusiya ilə birbaşa əlaqələri formalaşacaq”.

Bunu xalqcebhesi.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.

Ekspert diqqətə çatdırıb ki, TRIPP marşrutu həm də Ermənistanın Türkiyə ilə əlaqələrinin yaranması üçün bir vəsilədir: “Bu, Ermənistanın həm Türkiyə, həm də Azərbaycanla ticarət əlaqələrinin formalaşmasına gətirib çıxaracaq. TRIPP marşrutu imkan verəcək ki, Azərbaycanın Türkiyə və Naxçıvanla birbaşa əlaqələri formalaşsın. Həmçinin TRIPP marşrutu Mərkəz Asiyadan gələn yüklərin daha sürətli və effektiv şəkildə Türkiyə üzərində Avropaya keçməsinə imkan yaradacaq. Zəngəzur Dəhlizinin yükgötürmə qabiliyyəti Bakı-Tiflis-Qarsdan dəfələrlə çoxdur. Yəni sözügedən layihənin bu istiqamətdə müsbət təsirləri gözlənilir”.

X.Kərimli söyləyib ki, eyni zamanada, bu, Azərbaycanın tranzit gəlirlərini artıracaq, şirkətlərimizin idxal-ixrac əməliyyatlarının yüksəlməsinə, Naxçıvanın blokadadan çıxmasına gətirib çıxaracaq: “Türkiyə ilə daha qısaməsafəli ucuz kommunikasiya əlaqələrinin formalaşmasına gətirəcək və Türkiyədən idxal da ucuzlaşacaq”.

Röya İsrafilova