AŞPA həmməruzəçilərinin “media nümayəndələri” Siyasət

AŞPA həmməruzəçilərinin “media nümayəndələri”

Hikmət Babaoğlu: "Bir sıra media orqanlarından monipulyativ rıçark kimi istifadə etməyə çalışırlar"
Azər Həsrət: "Onlar faktiki olaraq Azərbaycan mediasından uzaq düşmüş bir qrupdur"

Mayın 19-da Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramint və Cozef Debono Qrex medi təmsilçiləri ilə görüşüblər. AŞPA-nın Bakı ofisində baş tutan görüşdə "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun direktoru Emin Hüseynov,"Ayna-Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı, "Bizim Yol" qəzetinin baş redaktoru Bahəddin Həziyev, "Turan" informasiya agentliyinin direktoru Mehman Əliyev, Media Hüquqları İnstitutundan Xalid Ağaliyev, Azərbaycan Media Mərkəzinin meneceri Gülnarə Axundova, jurnalist Xədicə İsmayıl iştirak edib.
Emin Hüseynov, Xalid Ağaliyev, Gülnarə Axundova və Xədicə İsmayıl nə zamandan Azərbaycan mediasını təmsil etməyə başlayıblar?
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib ki, ümumiyyətlə, bəzi anti-azərbaycançı və hegomon mərkəzlər bir sıra media orqanlarından, milli mətbuat nümunələrindən monipulyativ rıçark kimi istifadə etməyə çalışırlar. Baş redaktorun sözlərinə görə, onlar milli və ya təşkilati maraqlarına uyğun olaraq, ayrı-ayrı ölkələrin mətbuat nümunələrindən öz xeyirlərinə yararlanmağa çalışırlar: "Biz zaman-zaman görürük ki, "Turan" informasiya agentliyi, "Yeni Müsavat" qəzeti, "Ayna-Zerkalo" qəzeti, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu, "Bizim yol" qəzeti və Media İnstitutu orqanları ölkəmizin daxilində stabilliyinin, ictimai ahəngdarlığın pozulması, vətəndaş qarşıdurmasının yaradılması meyllərinə stimul verəcək ayrı-ayrı manipulyativ və qeyri-obyektiv informasiyaları yayan mətbu orqanlarıdır. Əgər biz bu nöqteyi-nəzərdən baxsaq məlum olar ki, Azərbaycanın bəzi media nümayəndələri ilə həmin imperialist mərkəzlərin bəzi strukturları arasında bir növ şifahi anlaşma var. Yəni, onlar bununla imperialist maraqlarını təmin etmək üçün Azərbaycanın milli maraqlarını məhdudlaşdırmaq, ölkə daxilində dezinformasiya vasitəsi ilə xaos yaratmaq, insan hüquq və azadlıqları, demokratiya məsələsini istismar edərək, bundan öz şəxsi maraqları üçün yararlanmaq məqsədini güdürlər. Məhz buna görə də adını sadaladığımız həmin mətbuat orqanlarının AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri ilə görüşü bu məsələlərə xidmət edir. Təbii ki, sağlam Azərbaycan mediası, milli mediamız buna qarşıdır. Hesab edirəm ki, bu görüşlər nə Azərbaycan mətbuatı, nə dövlət maraqları, nə də ki həmin görüşdə iştirak edənlərin özləri üçün müsbət nəticələnəcək hal deyil. Bu gün Azərbaycan demokratik ölkədir və beləcə, ölkə mətbuatı da milli maraqlara sahib çıxmalıdır".
Tanınmış jurnalist Azər Həsrət dedi ki, adı çəkilən şəxslər faktiki olaraq Azərbaycan mediasından uzaq düşmüş bir qrupdur: "Bunlar iddia edə bilər ki, jurnalistikamızı təmsil edirlər. Amma ətraflarındakı adamlara, əlaqədə olduqları təşkilatlara, eyni zamanda onların yanaşma tərzinə baxılarsa, anlaşılır ki, bunlar heç bir halda Azərbaycan jurnalistlərini təmsil edəcək durumda deyillər. Olsa-olsa, özlərini və bundan irəli gələn şəxsi maraqlarını təmsil edə bilərlər. Bununsa bizə heç bir formada dəxli yoxdur. Sadəcə bu Avropa Şurasından gələnləri anlamıram ki, ölkə mediasını təmsil etmək üçün mandatı olmayan bu adamlarla nə söhbət edirlər, niyə görüşürlər? Görünür, onlara hər şeyi qara rəngdə görən adamlar lazımdır, bu işlə də adı çəkilən şəxslər məşğul olduğundan belə bir görüş baş tutur. Mən olsam o Avropa Şurası məruzəçilərinə sual edərdim ki, siz niyə arxasında yüzdən artıq jurnalist olmaqla ölkə mediasının bütün spektrini əhatə edən CASCFEN kimi bir təşkilatla görüşmək istəmirsiniz, amma özlərindən başqa kimsəni təmsil etməyən şəxslərlə görüşürsünüz".
Jurnalist Rövşən Ziya dedi ki, Azərbaycan mediasında milli-mənəvi dəyərlər itəndən və jurnalistlərimizin bəzilərinin Azərbaycanı qəpik-quruşa Avropadakı ağalarına satmağa başlayandan bir sıra problemlər meydana gəlib: "Xədicə İsmayılova Azərbaycan jurnalistikasının üz qarasıdır. Kimlərsə onu jurnalist adlandıranda, mən xəcalət çəkirəm ki, bu cür insanlarla bir yerdə fəaliyyət göstərirəm. Hətta bir ara özümə jurnalist deməyə də utanırdım. Mənə elə gəlir ki, Xədicə İsmayılovanı jurnalist adlandırmaq, Azərbaycan jurnalistika tarixinə və məktəbinə, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə irsinə ən böyük xəyanətdir".
"Türküstan" qəzetinin baş redaktoru Aqil Camal vurğuladı ki,
Qərb diplomatları və ya Bakıda onların görüşlərini təşkil edənlər, ölkə mediasına hər zaman ikili yanaşıblar: "Azərbaycan mediası" və ya "media təmsilçiləri" ifadəsi çox geniş məfhumdur. Ona görə də, AŞPA həmməruzəçiləri medianın məsələlərinə kompleks yanaşmalı, bütün maraqlı tərəfləri dinləməyə çalışmalıdırlar. Əks halda, bu cür görüşlərdə səsləndirilən fikirlər subyektiv xarakter daşıyacaq, gəlinən nəticələr tam dolğun olmayacaq, hazırlanan hesabatlar hər zamankı kimi şübhə altına alınacaq. Ona görə də, gələcəkdə Qərb diplomatlarının bu cür formatlara həssas yanaşacağına ümid edirəm".
Araşdırmaçı jurnalist Vasif Həsənli diqqətə çatdırdı ki, Azərbaycanda bu dövlətə və xalqa sağlam əqidə ilə xidmət edən kifayət qədər jurnalistlərimiz var: "Bu həmin jurnalistlərdir ki, onların hazırladığları materiallar bu gün də ölkənin gələcəyi üçün faydalı olur. Ölkədə jurnalistlər üçün kifayət qədər sərbəst şərait yaradılıb. Biz jurnalistlər də bunu öz fəaliyyətimizdə hiss edirik. Ancaq istənilən jurnalist gərək milli maraqları başqa maraqlara qurban verməsin. Onlar üçün ən başçıca məqsəd vətənpərvərlik ideyalarının qorunması olsun. Bu, məsələdə hər bir sağlam jurnalist məsuliyyət hissini dərk etməlidir. Çünki azad mətbuat olan yerdə jurnalist məsuliyyəti önə çıxır. Necə ki, tarixən Azərbaycan jurnalistikası xalqa və dövlətə bağlı olub, bundan sonra da belə olmalıdır. Bəzən elə hallarla rastlaşırsan ki, hansısa bir jurnalist müəyyən maraqlar üçün öz əqidəsini, milli dəyərlərə və Vətəninə bağlılığını unudur. Doğrudur, jurnalist azaddır və nə gördüyünü yaza bilər. Bu, Azərbaycanda da belədir. Digər tərəfdən isə bəzən şəxsi, partiya və korporativ maraqlar ortaya çıxır. Ancaq buna yol vermək olmaz. Daxilində vətənpərvərlik hissi olan jurnalist hər şeyi, hətta bütün fəaliyyətini milli maraqlardan üstün tutmamalıdır. Onun üçün ən əsas məsələ milli maraqlar olmalıdır. Unutmamalıyıq ki, biz müstəqil Azərbaycan dövlətinin vətəndaşlarıyıq və müstəqillik bizim ən böyük dəyərimizdir. Ona görə də jurnalistlərin vətənpərvərliyi çox vacibdir. Dövlətimizin maraqları hər zaman müdafiə edilməlidir, dövlətə zərər verən addımlara yol verilməməlidir. Cəmiyyətdə mövcud olan problemlər isə yalnız və yalnız ölkə daxilində həllini tapmalıdır".

Əli