“Hər kəs məsuliyyətini dərk etməlidir” Siyasət

“Hər kəs məsuliyyətini dərk etməlidir”

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral gələn il Qafqaz Ordusunun Bakını azad etməsinin 100 illiyi ilə əlaqədar Nuru Paşanın abidəsinin ucaldılması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.
Səfir deyib ki, Bakıda belə bir abidənin ucaldılmasını hər bir türk istəyir. Erkan Özoral ümid etdiyini deyib ki, Bakının azad olunmasının 100 illik yubileyi ərəfəsində bu, həyata keçər: "15 sentyabr tarixi ilə bağlı keçirilən tədbirlərdə Azərbaycandakı qardaşlarımız bu təklifi irəli sürürlər. Bu da bizi məmnun edir. İnanırıq ki, Bakının erməni və bolşeviklərdən azad edilməsinin yubileyi gələn il lazımi səviyyədə qeyd olunacaq".
Azərbaycan torpaqlarının işğal altında olması faktina münasibət bildirən səfir Erkan Özoral qeyd edib ki, bu gün Azərbaycanın və Türkiyənin ən böyük problemi Qarabağ məsələsidir".
Səfir bildirib ki, Türkiyə hər zaman Azərbaycanın yanında olaraq bu problemin diplomatik, müzakirələr, sülh yolu, Azərbaycanın ərazi bütövlüyünün qorunması çərçivəsində həllini arzu edir: "Problemin qısa zamanda yurd-yuvalarından qaçqın və məcburi köçkün olan vətəndaşların öz torpaqlarına qayıdacağı şəkildə həll edilməsini istəyirik. Hər şeydən önəmli bu problemin sülh yolu ilə həll edilməsidir. Müzakirələrin nəticə verməsi üçün hər kəs məsuliyyətini dərk etməli, ağlını başına yığmalıdır. Ötən keçən il yaşanan aprel hadisələri bizə Azərbaycanın ordusunun nələrə qadir olduğunu göstərdi. Hər kəs bunu görməlidir".