Nalbandyan Ermənistanın ənənivi mövqeyini təkzib edir Siyasət

Nalbandyan Ermənistanın ənənivi mövqeyini təkzib edir

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Altıncı ümumerməni "Ermənistan-Dispora" forumunun iştirakçılarının suallarını cavablandırarkən Qarabağ probleminin tənzimlənməsi çərçivəsində Azərbaycana işğal altında olan ərazilərin qaytarılmasından danışıb.
O, "Söhbət o ərazilərdən gedir ki, Qarabağa nə təhlükəsizlik baxımından, nə də inkişaf nöqteyi-nəzərindən təhlükə yaradırr. Digər təfərrüatları açıqlasam, danışıqlar irəliləməz", - deyə bildirib.
Politoloq Elxan Şahinoğlunun qənaətinə görə, Nalbandyanın danışığında heçbir yenilik yoxdur: "Həmin məsələ onsuz da danışıqların predmetidir. Nalbandyan danışığında işğal altındakı torpaqları boşaldacaqlarını desəydi o yenilik olardı. Amma deyir ki, təhlükə törətməyən - uzaq başı 5 rayonu nəzərdə tutur.
Biz 5 rayonun azad ediləcəyini onsuzda bilirik, bizim üçün önəmli olan bu 5 rayondan başqa Kəlbəcər, Şuşa və Laçının məsələsidir. Bu məsələ maraqlı qalır. Bununla bağlı hər hansı bir fikir yoxdur. Əksinə, təhlükəsizlik yaratmayan o deməkdir ki, Şuşa, Kəlbəcər və Laçını boşaltmaq istəmirlər. Boşaltmaq istədikləri Dağlıq Qarabağ ətrafındakı Ağdam, Füzuli və bir neçə rayondur.
Onu onsuzda boşaltmalıdırlar, özü də qeyd-şərtsiz. Nalbandyanın bu sözlərindən böyük sensasiya yaradılmasının əleyhinəyəm. Amma 5 rayonun boşaldılması əvəzində bizdən nə tələb olunur, o məsələ qaranlıq qalır".
Elxan Şahinoğlu söyləyib ki, Ermənistan cəmiyyətinin böyük bir hissəsi Qarabağ problemindən bezib: "Başa düşürlər ki, bu problemə görə ac-yalavac yaşayırlar, ölkəni tərk edirlər. Onların böyük bir hissəsi açıq danışa bilsə torpaqların işğaldan azad olunmasını istəyərlər. Bu gün Nalbandyan 5 rayonun boşaldılmasını desə Ermənistanda buna etiraz edən olmayacaq. Deməyəcəklər ki, Ağdam, Füzuli və digər rayonlar Ermənistanın işğalında qalsın. Onlar bunu açıq deyə bilmirlər, amma bilirlər ki, özlərinə aid olmayan torpağı boşaltmalıdırlar".
BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli isə qeyd edib ki, albandyanın fikirlərində ən maraqlı məqam onun rəsmi İrəvanın indiyədək irəli sürdüyü iddiaları dolayısıyla təkzib etməsidir: "Belə ki, Ermənistan indiyədək Dağlıq Qarabağ ətrafındakı 7 rayonun separatçı bölgənin təhlükəsiliyi üçün işğal altında saxlanıldığını iddia edirdi. Nalbandyan isə diaspor təmsilçiləri ilə görüşdə bildirib ki, "Ermənistan təhlükəsizlik baxımından Dağlıq Qarabağı təhdid etməyən 5 rayonun qaytarılması ilə bağlı Azərbaycanla danışıqlar aparır". Göründüyü kimi Ermənistan əvvəlki mövqeyindən "5 addım" geri çəkilib".
Elçin Mirzəbəylinin özlərinə görə, Ermənistan Lavrov planından imtina etdiyini heç zaman dilə gətirməyib: "Çünki biz Lavrov planının da, Duqinin və Nalbandyanın açıqlamalarının da yalnız görünən və eşidə bildiyimiz tərəfləri ilə tanışıq. Digər detallar isə açıqlanmır. Ermənistanın xarici işlər naziri də iddia edir ki, digər məqamlar açıqlansa danışıqlar prosesi pozula bilər. Bu baxımdan bizə yalnız ehtimal etmək qalır. Bu ehtimalları dəyərləndirmək üçün isə bir suala cavab tapmaq lazımdır: Ermənistan və Rusiya 5 rayonun Azərbaycana qaytarılmasının müqabilində nə istəyirlər...
Sarkisyan Dağlıq Qarabağın müstəqilliyindən danışır. Hesab edirəm ki, nə Azərbaycan dövlətinin, nə də Azərbaycan xalqının "Dağlıq Qarabağın müstəqilliyini" qəbul etməsi mümkün deyil. Dövlət başçısı bunu dəfələrlə bəyan edib və Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə təmin olunmasının qırmızı xətt olduğunu bildirib. Bu baxımdan Sarkisyanın iddialarının üzərindən də qərmızı xətt çəkmək lazımdır və çox güman ki, işğalçı ölkənin başçısı diaspor təmsilçilərini ümidləndirmək və onları davamlı olaraq "sağmaq" üçün belə danışıb.
İndiki məqamda önəmli olan Ermənistandan daha çox Rusiyanın nə istəməsidir. Nə istəyə bilər Rusiya? 5 rayonun müqabilində Azərbaycanın Avrasiya İqtisadi İttifaqına və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyünü? Laçın və Kəlbəcər ərazilərinə, o cümlədən Dağliq Qarabağ ərazisinə "sülhməramlı qüvvələr" adı altında rus qoşunlarının yerləşdirilməsinimi? Sərhədlərin birgə qorunmasınımı?
Biz Rusiyanın arzu və istəklərini yalnız ehtimal edə bilirik. Duqinin çıxışlarında 5 rayonun qaytarılması ilə yanaşı Azərbaycanın Avrasiya İqtisadi İttifaqına və KTMT-yə qoşulması da paralel olaraq yer alır. Mən Duqinin danışıqlar prosesinin məxfi detalları ilə tanış olduğunu düşünmürəm. Hətta bəzi məqamlar haqqında məlumatlı olsa da Kremlin razılığı olmadan onları dilə gətirməz. Bu baxımdan çox güman ki, Duqin də ehtimallarını dilə gətirir.
Bütün bunlardan başqa önəmli olan digər məqamlar da var: Digər 2 rayonun taleyi, Dağlıq Qarabağın aralıq və yekun statuslarının necə olacağı və s. Bütün bu məsələlər necə və hansı öhdəliklər əsasında həyata keçiriləcək? Müddət nə qədər olacaq? Rusiyanın öhdəliklərinə necə "sadiq qaldığını" yaxşı bilirik. Ukraynanın nüvə silahından imtinası müqabilində onun ərazi bütövlüyünə verilən təminata Moskvanın necə əməl etdiyini gördük. Bu baxımdan hesab edirəm ki, indiki mərhələdə Rusiyanın zəmanətlərinə bel bağlamaq olmaz. Rusiya mərhələli həll planını da çox güman ki. öz maraqlarına adaptasiya etməyə çalışır. Belə olduğu təqdirdə problemin tam həllinə nail olmadan Rusiyanın ehtimal edilən arzu və istəklərinə pozitiv cavab verilməsinin mümkünsüzlüyünü düşünürəm. Beş rayonun qaytarılması yalnız danışıqlar prosesinin davam etdirilməsi üçün təhlükəsiz fundament yarada bilər və bu, belə də qəbul edilməlidir".