Ermənistan cəzalandırılacaq Siyasət

Ermənistan cəzalandırılacaq

Heç kimə sirr deyil ki, artıq 30 ilə yaxındır ki, davam edən Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinin səbəblərindən biri də beynəlxalq ictimaiyyətin işğalçı Ermənistana qarşı qəti sanksiyalar tətbiq etməməsi, təcavüzkarın cəzalandırılmamasıdır. Bu isə ikili standartlı yanaşma deməkdir. Bu cəzasızlıq sindromu isə Ermənistanı öz işğalçı, faşizm və terror siyasətini rahat davam etdirməyə rəvac verir.
Ermənistana öz yerini göstərməli olan beynəlxalq təşkilatlardan biri isə BMT-dir. Çünki BMT Təhlükəsizlik Şurası artıq təxminən 25 ilə yaxındır ki, erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı 4 qətnamə qəbul edib. Lakin onların heç biri bu günədək icra olunmayıb. Halbuki, bəzən özlərinə lazım olduqda bir sıra dövlətlərə qarşı BMT-nin qətnamələri dərhal icra olunması üçün bütün mexanizmlər işə salınır. Deməli, işğal faktına qarşı ikili standart nümayiş etdirən ən böyük təsisat elə BMT-nin özüdür.
Təsadüfi deyil ki, artıq uzun müddətdir ki, bu təşkilatda islahatların aparılması təklif, hətta tələb edilir. Bu məsələ hazırda Nyu-Yorkda davam edən BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında da müzakirə olunur və sessiyada bu cür mövqe ilə çıxış edənlərdən biri də ABŞ prezidenti Donald Tramp oldu. Lakin unudulmamalıdır ki, BMT-də islahatlar təklif ilə çıxış edən ilk şəxslərdən biri Azərbaycan prezidenti İlham Əliyev olub. Dövlət başçısı sentyabrın 20-dəki çıxışı zamanı da bu məsələyə diqqət çəkərək ikili standarta əsaslanan yanaşmaya son qoyulmasına və işğalçı Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinə çağırıb.
Məsələyə münasibət bildirən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev Milli.Az-a açıqlamasında deyib ki, yaxın gələcəkdə BMT-də islahatların aparılması və bu baxımdan Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi o qədər də real görünmür:
"İlk dəfə deyil ki, Azərbaycan prezidenti BMT-də islahatlar məsələsini elə BMT-nin öz kürsüsündən səsləndirir. Sevindiricidir ki, artıq ABŞ da prezident Donald Trampın timsalında BMT-də islahatların aparılmasını dilə gətirir. Amma BMT TŞ-nin bəzi üzvlərinin reaksiyasından belə görünür ki, onların heç də hamısı bu cür islahatların aparılmasına tərəfdar deyillər.
Qətnamələrin icra mexanizminə gəlincə, bunun üçün BMT TŞ-nin özünün funksional orqanları var. 7 maddəlik məsələlərdən ikisi məhz təcavüzkara qarşı sanksiya tətbiqi ilə bağlıdır ki, bu da olunmur. Ardınca isə meydana BMT adından müharibə elan edilməsi məsələsi gəlir ki, bu da yerinə yetirilmir.
Əgər BMT TŞ-nin daimi üzvləri doğrudan da beynəlxalq normaların indiki şəkildə tapdanmasının qarşısının alınmasını, beynəlxalq hüquqa azca da olsa önəm verilməsini istəyirlərsə, prezident İlham Əliyevin bu təklifi mütləq yerinə yetirilməlidir. Əks təqdirdə, dünyanı daha böyük ədalətsizliklər və böyük xaoslar gözləyir. Bununla yanaşı, Dağlıq Qarabağ münaqişəsinin də bircə həll yolu qalır ki, o da savaşdır. Çünki Ermənistanda hərbi xuntanın başında duran Serj Sarkisyanın çıxışı da açıq şəkildə göstərdi ki, ermənilər heç bir kompromisə və sülhə hazır deyillər, indiyədək yürütdükləri siyasəti bundan sonra da davam etdirmək fikrindədirlər.
Artıq qeyd etdiyim kimi, BMT TŞ-nin bəzi üzvləri islahatlarda, qətnamələrin icra mexanizmlərinin təkmilləşməsində maraqlı deyillər. Ona görə də Ermənistana qarşı sanksiyaların tətbiq ediləcəyi və mövcud qətnamələrin icrası çətin görünür. Amma bu qaçılmazdır və gec-tez buna getməli olacaqlar".
Xatırladaq ki, prezident İlham Əliyev BMT Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışı zamanı deyib: "Aparıcı beynəlxalq təşkilatlar Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən qətnamələr qəbul ediblər. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir.
İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurasının Parlament Assambleyası və Avropa Parlamenti kimi digər beynəlxalq təşkilatlar oxşar qərar və qətnamələri qəbul etmişlər. Ermənistan bu qərar və qətnamələri icra etmir. Ermənistan 24 ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar ki, o, buna görə cəzalandırılmır. Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Bizə gəldikdə isə 24 ildir ki, qətnamələr icra olunmur. Bu, ikili standarta əsaslanan yanaşmadır. Bu yanaşma qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiyalar qəbul edilməlidir. BMT-nin mühüm islahatlarından biri Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması olmalıdır.
Ermənistan status-kvonun dəyişməz qalması üçün əlindən gələni edir, substantiv danışıqların qarşısını alır. ATƏT-in Minsk qrupunun həmsədrləri - Fransa, Rusiya və ABŞ dəfələrlə bildiriblər ki, status-kvo qəbuledilməzdir.
Sual verilir: necə olur ki, despotik və orta əsrlər rejiminin idarə etdiyi bu cür korrupsiyaya uğramış, uğursuz dövlət uzun illər ərzində beynəlxalq hüququ pozmağa, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymamağa müvəffəq olur? Buna cavab isə ikili standartlardır. Təcavüzkara heç bir beynəlxalq təzyiq göstərilmir, Ermənistan diktatorluğuna heç bir beynəlxalq sanksiya tətbiq edilmir. Bu siyasətə son qoyulmalıdır.
Təcavüzkara münasibətdə bu cür siyasət təkcə ədalətsizliyi nümayiş etdirmir, eyni zamanda, Ermənistan diktatorluğunda elə bir illüziya yaradır ki, sanki onlar öz terror siyasətini bundan sonra da davam etdirə bilərlər".