“Bu təzahürlərin görünən və pərdəarxasında gizlənən çoxlu tərəfləri var” Siyasət

“Bu təzahürlərin görünən və pərdəarxasında gizlənən çoxlu tərəfləri var”

Musa Qasımlı: "Belə davranışların hamısı ilk növbədə Azərbaycan-Türkiyə münasibətlərini pozmağa yönəlib"

Aydın Mirzəzadə: "Bu hadisə qardaşlıq münasibətlərini poza bilməz"

Bir qrup Türkiyə vətəndaşının Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçməsi və ermənilərlə görüşməsi ilə bağlı məsələnin müzakirələri bitməmiş Türkiyəni təmsil edən bir qrup deputatın AŞPA-da Azərbaycanın əleyhinə səs verməsi daha bir şok effekti yaratdı. Ekspertlər hesab edirlər ki, Türkiyə iki qardaş ölkə arasına nifaq toxumu səpən bu insanlar barəsində ciddi tədbir görmədikcə bu cür təxribatçı əməllərin sayı artacaq.
Millət vəkili Musa Qasımlı bildirib ki, Azərbaycan-Türkiyə münasibətlərini arzuolunmaz məcraya yönəldən bu halların xoşagəlməz nəticələrinin qarşısını almaq üçün Türkiyə hökuməti Azərbaycanın dünya birliyi tərəfindən tanınmış dövlət sərhədini qanunsuz olaraq keçmiş vətəndaşları haqqında hüquq çərçivəsində iş başlatmalıdır. Onun sözlərinə görə, Türkiyə vətəndaşları Ufuk Uras, Səid Çətinoğlu, Əli Bayramoğlu və Erol Qatırçıoğlunun Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə səfər etmələrinin, TBMM üzvü, erməni mənşəli millət vəkili Karo Paylanın Ermənistana tez-tez səfərlər edərək prezident Serj Sarkisyanla "Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması üçün apardığı danışıqların", Avropa Şurası Parlament Assambleyasında Azərbaycanla bağlı aparılan müzakirələrdə TBMM-in CHP-dən olan deputatlarının - Dəniz Baykal, Gülsün Bilgəhan, İlhan Kəsicinin Azərbaycanın öhdəliklərinə dair həmməruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları "Azərbaycanda demokratik təsisatların vəziyyəti" adlı tənqidi hesabat üzrə qətnamənin lehinə səs vermələrinin atxasında bir neçə məqsəd güdülür və bu davranışlara daha geniş baxılması zəruridir.
Deputat hesab edir ki, həmin təzahürlərin görünən və pərdəarxasında gizlənən çoxlu tərəfləri var: " Bu davranışların hamısı birlikdə ilk növbədə, Azərbaycan-Türkiyə münasibətlərini pozmağa yönəlib. İkincisi, Türkiyə daxilində Rəcəb Tayyib Ərdoğan hakimiyyətini gözdən düşürməyə çalışan dairələrin planlarının tərkib hissəsidir. Layihəni planlayıb həyata keçirənlər yaxşı başa düşürlər ki, türk hökuməti vətəndaşları olan həmin şəxsləri Türkiyə qanunları ilə tutub Azərbaycana təhvil verə bilməz. Bu da iki ölkə arasında münasibətləri zədələyəcək və mövcud hakimiyyəti ictimai rəydə gözdən düşürəcək. Planın müəllifləri bu iş üçün seçdikləri şəxslərin kimliyini, siyasi mövqelərini də dərindən nəzərə alıblar. Həmin şəxslər türk kimliyi şübhə doğuran, sonradan islamı qəbul etmiş şəxslərin törəmələri, Türkiyədə mövcud hakimiyyəti sevməyən və bölücülüyü təşviq edən adamlardır".
M.Qasımlı deyib ki, Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə bu şəxslərin qanunsuz səfər etmələri özündə bir çox məsələləri birləşdirərək xoşagəlməz nəticələr doğurur. Onlar ilk növbədə, vətəndaşları olduqları Türkiyənin qəbul etdiyi və imzası olan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozublar.
M.Qasımlı deyib ki, Türkiyə öz imzasına hörmət edən bir dövlət olduğundan dövləti təmsil edən türk hökuməti qanun çərçivəsində davranmağa məhkumdur: "İkincisi, həmin şəxslər bu davranışları ilə Azərbaycan və Türkiyə arasındakı mövcud dostluq və qardaşlıq münasibətlərinə zidd fəaliyyət göstəriblər. Deməli, türk ictimaiyyəti də onlara qarşı sərt mövqeyini ortaya qoymalıdır. Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər edənlərin Türkiyə qəzet və saytlarına səfərləri və səfər təəssüratları haqqında geniş müsahibələr vermələri, televiziya proqramlarında nümayişkaranə şəkildə Qarabağ ermənilərinin qonaqpərvərliyindən, mövcud vəziyyətlərindən müsbət mənada danışmaları məlum dairələrin həmin planının düşünülmüş şəkildə həyata keçirildiyini bir daha təqdiq edir.
Lakin ən pis olan hal belə bir şəraitdə Türkiyə hökumətinin bu təzahürlərə qarşı münasibətdə seyrçi qalması və ciddi tədbir görməməsidir. Hesab edirəm ki, Azərbaycan-Türkiyə münasibətlərini arzuolunmaz məcraya yönəldən bu halların xoşagəlməz nəticələrinin qarşısını almaq üçün Türkiyə hökuməti imzaladığı beynəlxalq sənədlərə hörmət etməli, Azərbaycan Respublikasının dünya birliyi tərəfindən tanınmış dövlət sərhədini qanunsuz olaraq keçmiş vətəndaşları haqqında hüquq çərçivəsində iş başlatmalı və beləliklə, gələcəkdə Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etmək istəyən digər vətəndaşlarını da belə qanunsuz addımlardan çəkindirməlidir. Qardaş türk xalqı və hökuməti unutmamalıdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman ölkəmizlə yanaşı Türkiyənin də maraqlarını ən üst səviyyədə qoruyub, dost və qardaş ölkənin əleyhinə səsləndirilən iddialara tutarlı cavablar verib. Buna dair çoxlu misallar gətirə bilərəm".
M.Qasımlı deyib ki, ölkəmizin tanınmış siyasi, ictimai və elm xadimləri də heç bir zaman Azərbaycanın və Türkiyənin maraqları arasında fərq qoymayıblar. Türkiyə hökuməti və xalqı üçün həssas olan bütün məsələlərdə Azərbaycan öz dəstəyini heç bir zaman əsirgəməyib: "Bir azərbaycanlının olduğu elmi, siyasi və ictimai toplantılarda kimsə Türkiyənin və qardaş türk xalqının əleyhinə danışmağa cürət etməyib. Buna cəhd edənlər dərhal yerində oturdulub".
M.Qasımlı bildirib ki, Azərbaycan ictimaiyyətinin də Türkiyə hakimiyyətindən müvafiq mövqeni göstərməyi gözləməyə haqqı vardır. Türkiyə hökumətinin həm Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş vətəndaşları, həm də müstəqil olmalarına baxmayaraq, AŞPA-da Azərbaycanın əleyhinə səs vermiş millət vəkilləri barəsində müvafiq tədbirlər görməyəcəyi təqdirdə iki ölkə arasında münasibətlərin perspektivlərinə kölgə düşə bilər. Ölkələrimiz arasında münasibətləri xalqlarımız müəyyən etdiyi üçün qardaş türk xalqının öz qəti mövqeyini bildirməsi də təmənnəmizdir: "Hesab edirəm ki, Türkiyə hökuməti Azərbaycan ictimaiyyətinin həmin şəxslərin hüquqi qaydada məsuliyyətə cəlb edilməsi tələbinə biganə yanaşmamalı, iki qardaş ölkə arasında olan münasibətlərin ruhuna uyğun hərəkət etməlidir".
Deputat Aydın Mirzəzadə deyib ki, bu iki insident hər bir azərbaycanlıya pis təsir edir: "Türkiyə bizim dostumuz, qardaşımız, əzizimizdir, daim bütün məsələlərdə birgə çıxış etdiyimiz dövlətdir. Digər tərəfdən strateji müttəfiqimizdir". Deputat bildirib ki, bu iki mənfi hadisəylə yanaşı Türkiyə tərəfdən Azərbaycana dost-qardaş münasibətini göstərən addımlar da var. A. Mirzəzadənin fikrincə, sözügedən hadisə böyük dostluq münasibətlərini poza bilməz, ona kölgə sala bilməz: "Bu iki hərəkət nə Türkiyə dövlətinin, nə də xalqının Azərbaycana münasibəti demək deyil. 80 milyonluq cəmiyyətdə səhv yol tutan, düşmən mövqeyində olan 4-5 nəfər ola bilər".
Deputat vurğulayıb ki, AŞPA-da 3 türk deputatın Azərbaycan əleyhinə səs verməsi CHP-nin özündə araşdırma mövzusudur: "Ötən həftə CHP-dən bildirdilər ki, nümayəndə heyəti ölkəyə qayıtdıqdan sonra bu məsələ ilə bağlı araşdırma aparmaq fikrindədirlər. Hesab edirəm ki, Azərbaycan-Türkiyə münasibətlərini heç nə poza bilməz. Hər iki dövlət dostluğun möhkəm olmasında maraqlıdır".
Xarici siyasət üzrə türkiyəli ekspert və "Beyaz Hareket" siyasi hərəkatının baş əlaqələndiricisi Ərdəm Ərən deyib ki, sentyabr ayında Türkiyə parlamentinin deputatı Karo Paylanın Yerevana etdiyi səfər açıq-aşkar Ermənistanın xeyrinə olan addımdır. O deyib: "Milli mənsubiyyətini nəzərə alsaq, K.Paylan Ermənistana rəğbət bəsləyə bilər, amma indiki halda o, uzun müddət Ermənistan və PKK ilə sıx əlaqə saxlamış Xalqların Demokratik Partiyasını (HDP) təmsil edir".
Ekspert qeyd edib ki, 2008-ci ildə Türkiyədə PKK-ya qarşı keçirilmiş güc əməliyyatından sonra bu terror təşkilatının əksər üzvləri Ermənistana sığındı. Ə.Ərənin sözlərinə görə, deputatın Ermənistana səfərini məhz bu kontekstdən qiymətləndirmək lazımdır: "Çünki o, Yerevanda çıxışı zamanı Ankaranı "erməni soyqırımı"nı tanımağa çağırıb və Ermənistanın Türkiyədən daha demokratik ölkə olduğunu deyib. Əgər Ermənistan və onun dostları bu qədər demokratikdirsə, niyə onlar Xocalı soyqırımını tanımır və niyə Yerevan bu günədək qədim Azərbaycan torpaqlarını işğal altında saxlayır". O vurğulayıb ki, Türkiyə və onun dostlarından söhbət düşəndə, bəzi ölkələr terrorçuları demokratiya müdafiəçiləri kimi qəbul edirlər.
Millət vəkili Aydın Hüseynov vurğulayıb ki, Türkiyə hökuməti Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmiş vətəndaşları haqqında hüquqi prosedur başlamalıdır. Onun sözlərinə görə, Türkiyə hökuməti bunu etməklə gələcəkdə Qarabağa səfər etmək istəyən digər vətəndaşlarını da belə qeyri-qanuni addımlardan çəkindirməlidir. Deputat bildirib ki, Türkiyə vətəndaşlarının Azərbaycanın işğal altındakı ərazilərində keçirilən tədbirdə iştirak etmələri həm Azərbaycana, həm də Türkiyəyə hörmətsizlikdir: "Bir qrup Türkiyə vətəndaşının Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərinə səfər edərək, oradan ölkəmizə qarşı bəyanatlar səsləndirmələri həm də Türkiyənin özü üçün təhqirdir. Onların bu addımı başa düşülən deyil. Azərbaycan və Türkiyə qardaş ölkələrdir. İnanırıq ki, Türkiyə bu şəxsləri qısa zaman ərzində Azərbaycana təhvil verəcək".