Yeni “Əsrin Müqaviləsi” ratifikasiya olundu Siyasət

Yeni “Əsrin Müqaviləsi” ratifikasiya olundu

Dünən Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasda 38 məsələyə baxılıb. İclasa Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov sədrlik edib.
Gündəlikdəki ilk məsələ - Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında" Dövlət Neft Şirkəti ilə Azərbaycan (ACG) Limited, BP Eksploreyşn (Kaspian Si) Limited, Şevron Xəzər, Ltd., Ekson Azərbaycan Limited, İnpeks Sausvest Kaspian Si, Ltd., İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk., ONGC Videş Limited, Statoyl Abşeron AS, Türkiyə Petrolleri A.O. arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsi barədə Milli Məclis sədrinin müavini Valeh Ələsgərov məlumat verib. O qeyd edib ki, 1995-2007-ci illər ərzində layihə üzrə ümumi xərclərin həcmi 43.5 milyard dollar olub. Valeh Ələsgərovun sözlərinə görə, "Azəri- Çıraq-Günəşli" yatağının işlənməsində 5.7 milyard dollara yaxın mənfəəti olub: "Azərbaycanın payına 130 milyard dollara yaxın mənfəət nefti şəklində gəlir düşür. Bundan başqa Azərbaycan şirkətləri bu layihədə podratçı kimi fəaliyyət göstərib ki, bunun da həcminin hesablasaq bir neçə milyard dollar edər. Bugünkü sazişin bitməsinə 7 il qalır. Bu müddətdə podratçı tərəflərdən böyük sərmayələrin qoyulmasını tələb etmək mümkün olmaz. Çünki 7 ilə bu vəsaiti qaytarmaq olmaz. 2019-cu ildən layihənin maliyyələşməsi haqqında qərara verilsə də, ilk neft bu layihə çərçivəsində ilk neft 2023-cü ilin ortalarında çıxarıla bilər. Bu məqsədlə Azərbaycan şirkətləri ilə xarici podratçılar layihənin davam etdirilməsi haqqında razılıq əldə ediblər".
Parlamentin vitse-spikeri söyləyib ki, layihənin yenilənmiş sazişin qüvvəyə minmə tarixindən başlayaraq 2049-cu ilin 31 dekabrınadək davam edəcəyi nəzərdə tutulub: "Yeni saziş tam fərqli şəraitlərdə hazırlanıb. 1994-cü ildə olan risklər indi yoxdur. Bunları nəzərə alaraq Azərbaycan tərəfinin qarşıya qoyduğu bonus ödənişlərin miqdarı müəyyən edilib. Hər il 450 milyon dollar bonus ödəniləcək. Əvvəlki sazişdə olduğu kimi, burada işçilərin 90 faizi, fəhlə heyətinin də 95 faizi Azərbaycan vətəndaşları olmalıdır. Layihənin mənfttliyi yüksək səviyyəyə atdığı üçün mənfəətin 70 faizi dövləti. 20 faizi podratçı tərəfi. 4 faizi içə AÇQ Asc-yə çatacaq. Təbii səmt qazı indiyədək olduğu kimi Azərbaycana pulsuz çəkildə çatdırılacaq. əgər sərbəst təbii qaz yataqlarının mövcudluğu aşkar olunsa bunun işlənməsi ilə bağlı müstəsna hüuqu Azərbaycan Dövlət Neft Şirkətində qalır. Ətraf mühitin qorunması. İşlərin təhlükəsizliz müasir şəkildə aparılması kimi məsələlər sazişin 26 maddəsinin 6-cı əlavəsində öz əksini tapıb".
Valeh Ələsgərov parlamentin Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında" qanun layihəsinin müzakirəsi zamanı sözügedən sazişin kapital tutumu haqqında məlumat verib. Deputat Vahid Əhmədovun sualını cavablandıran Valeh Ələsgərov qeyd edib ki, indidən kapital xərcləri haqqında dəqiq rəqəm demək çox çətindir: "Bunu kim desə, səhv edəcək. Bu haqda dəqiq proqnoz vermək olmaz. Çünki yatağın işlənməmiş hissəsində də işlər aparılacaq. Bu layihənin kapital tutumu 33 milyard da, 28 milyard da ola bilər. Dəqiq rəqəm işlər görülüb bitəndən sonra müəyyən olunacaq".
Müzakirələrən sonra qanun layihəsi qəbul edilib.
"Yaşıllıqların mühafizəsi haqqında" qanuna dəyişikliklərin müzakirəsi zamanı isə deputat Fazil Mustafa gələcəkdə bu qanuna dəyişiklik edilməsini təklif edib: "Bu vaxta qədər də yaşıllıqlarda əkiləcək bitkilərin cinsi, torpaqların xüsusiyyətini qeyri-formal qaydada icra hakimiyəti müəyyən edirdi. Hesab edirəm ki, bu məsələni yenidən icra hakimiyyətinə həvalə etmək heç nəyi dəyişməyəcək, xaricdə bu işi bələdiyyələr, vətəndaşlar edir. Bizdə isə yaşıllıqları salanları stimullaşdırma yoxdur. Bir sıra ərazilərdə salınan yaşıllıqların solmasını müşahidə edirik. Çöldürsə o elə qalmalıdır, yaşıllıqlar salmağa nə ehtiyac var? Bu işdə həm də məsuliyyət məsələsinə baxılmalıdır. Ona görə də icra orqanlarının məsuliyyətinin müəyyən edilməsi vacibdir. Milyonlar ödəyərək xaricdən ağac gətirməyə ehtiyac yoxdur. Vətəndaşlar stimullaşdırılsa, Abşeron torpağına uyğun yaşıllıqlar əkilər".
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə Fazil Mustafaya cavabında bildirib ki, bu gün yaşıllıqlar salan təşkilatların sayı kifayət qədərdir…
Deputatlar həmçinin Mülki Prosessual və İnzibati Prosessual məcəllələrin, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişiklikləri müzakirə ediblər.
Deputat Zahid Oruc dəyişikliklərə etiraz edib. O qeyd edib ki, Nümayəndəlik İnstitutunun ləğvi məhkəmə sistemi üçün xeyirli deyil. O bildirib ki, xaricdən maliyyələşən müxalifət təşkilatları bu addımdan sonra daha da aktivləşəcək, etiraz üçün bəhanələr axtaracaqlar. Zahid Oruc söyləyib ki, Nümayəndəlik İnstitutunun ləğvi yanlışdır.
"Sadə insanların nümayəndəsiz qoyulması yanlışdır. Bundan sonra Avropa Məhkəməsinə göndəriləcək işlərin sayı da çoxalacaq"-deyə o əlavə edib.
Deputat Fazil Mustafa da qanun layihəsinə etiraz edib və deyib ki, sənədin əleyhinə səs verəcək. O qeyd edib ki, bu, dırnaqarası islahatdır:
"Bu, vətəndaşların, xüsusilə yoxsul vətəndaşların əleyhinə işləyəcək. Nümayəndəlik məsələsi inzibati, cinayət işlərində vacib məsələdir. Söhbət qeyri-peşəkarlıqdan gedirsə, o zaman tələb qoyulsun ki, Nümayəndəlik İnstitutunda peşəkar hüquqşünaslar olsun. 5-6 min insanın işsiz qalmasına şərait yaradılır. Hakimlər daha rahat qərar çıxarsın deyə, hakimlər rahat olsun deyə buna getmək olmaz axı. Bu "islahat" yeni işsizlər ordusu yaradacaq. Problemlər nümayəndələrdə deyil. Bu məsələ hüquqşünaslar arasında da ciddi narahatlıq yaradıb".
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə qeyd edib ki, dəyişikliklərin tərəfdarı olanlarla ona qarşı olanlar öz arqumentlərini irəli sürürlər: "Amma bu sənəd qəbul olunmalıdır ki, onun tətbiqinə baxaq. Əgər qanun işləməsə, o zaman dəyişiklik etmək olar. Vəkillik institutu zəifdir, biz bunun gücləndirilməsinə çalışmalıyıq. Kifayət qədər savadlı hüuquqşünas vəkil işləyərsə öz halal zəhməti ilə digər sahələrdən daha çox əmək haqqı ala bilər. Test imtahanları intensivləşdirilməlidir. Bu gün zərurət varsa ayda bir dəfə, 6 ayda bir dəfə ola bilər. Ali hakimiyyət orqanları var ki orada seçki bəllidir. Digər hallarda vəkil seçildikdə müddət qoyulmamalıdır. Əgər vəkilə ehtiyac varsa o qədər seçilməlidir. Hüququ firmalar açılmalı, onların nizamnamələri sadələşdirilməlidir. Belə olan təqdirdə nümayəndəliyə ehtiyac qalmayacaq. Nümayəndəlik hüquqi proseduru həyata keçirən şəxs deyil. Nümayəndə sadəcə həmin fərdi hüquq istiqamətinə yönəltməklə məçşğuldur. Əgər biz vəkillik institutunun təkmilləşdiririksə, nümayəöndəlik lğv olunacaq. Qanunda da bu nəzərdə tutulub".
Deputat əlavə edib ki, hüquq mühafizə orqanlarında işləyən insanların bəziləri rüşvətə, vəzifəsindən sui istifadəyə görə işdən çıxarılıblar, lakin sonradan vəkil işləyirlər: "Onlar işdən çıxdıqdan sonra vəkil işləyir. Belələrindənsə gənclərin işə götürülməsi daha məsləhətlidir. Elələri var ki, adını vəkil qoyub, ancaq şantajla məşğuldur. Öz işini əsaslandıra bilməyənlər ATƏT-ə, Avropa Şurasına məktublar yazırlar. Bu cür insanların sayını azaltmaq, yeniləri cəlb edərək vəkillik institutu yarada bilərik. Hər şey islahatlarla, təcrübəyə əsasən həyata keçirilməlidir".
Deputat Çingiz Qənizadə da qanun layihəsinə etiraz edib: "Problemi aradan qaldırmaq üçün hüquq firmaları yaradılmalıdır. Bəllidir ki, Nümayəndəlik İnstitutunda dələduzlar da var. Əgər qolda bir-iki yara varsa onu kəsmək lazım deyil, müalicə etmək lazımdır. Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunun 8-ci maddəsində çox böyük boşluqlar var. Niyə prokurorluq əməkdaşları yaşa, səhhətinə və sair səbəblərə görə prokurorluq orqanlarından getdikdən sonra Vəkillər kollegiyasının üzvü olmaq üçün başqalarından fərqli olaraq imtahan verir? Amma vəkil və hakim imtahan vermir. Yaxud da biz vəkillik institutunu artırmaq istəyiriksə, n`yə görə , daxili işlər orqanlarında işləyən təhqiqatçılar, müstəntiqlər və digər qurumlarda işləyən müstəntiqlər xidmətkeçmə ilə bağlı qanuni şəkildə bu orqandan getdikdən sonra Vəkillər kollegiyasının üzv ola bilmirlər?
Gəlin vəkillik instutunu təkmilləşdirək. Azərbaycanda vəkillərin sayı çox azdır. Məhkəmə işləri isə çoxdur. Nümayəndəliyi ləğv etmək istəyiriksə, bu zaman vəkilliklə bağlı sahəni inkişaf etdirməliyik. Vəkillərin sayını artıraq vəkillik institutunda islahatlar aparaq, sonra Nümayəndəlik İnstitutunun ləğvinə baxaq".
Deputat Qənirə Paşayeva da sənədə etiraz edib və bildirib ki, Azərbaycanda vəkillərin sayı çox azdır: "Amma buna görə, Nümayəndəlik İnstitutunun ləğvi düzgün deyil".
Vitse-spiker Valeh Ələsgərov qeyd edib ki, nümayəndəlik institutu olduğu müddətdə vəkillərin sayını artıra bilməyəcəksiniz: "Çünki nümayəndə varsa vəkil niyə axtarılsın ki? Məsələni siyasiləşdirməyə ehtiyac yoxdur".
Ali Məhkəmədə Mülki Kollegiya sədri Şəlalə Məmmədova isə deyib ki, təmsil etdiyi qurum 3 ilə yaxındır ki, Nümayəndəlik İnstitutu ilə bağlı ciddi araşdırmalar aparıb: "Biz müzakirələr aparmışıq. Biz yalnız məhkəmə prosesində nümayəndələrin iştirakına qarşıyıq. Burada fikirlər səsləndi ki, işsizlər ordusu yaranacaq. Amma nümayəndələr onsuz da, bu sistemin işçiləri deyildi. Biz Nümayəndəlik İnstitutunun fəaliyyətini məhdudlaşdırırıq. Ölkədə boşanmalar olur. Hakim nümayəndəyə sual verəndə ki, onlar niyə boşanır, o, buna cavab verə bilmir. Nümayəndələr tərəflərdən biri məhkəməyə getməyəndə orada olur. Tərəflərin ikisi də məhkəmədədirsə, hakimin suallarını cavablandırırsa, o zaman nümayəndənin orada vəkil kimi olması qanunsuzdur".
Dəyişiklik səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, dəyişikliyin 2018-ci il yanvarın 1-dən qüvvəyə minəcəyi gözlənilir. Xatırladaq ki, dəyişiklik layihələri Ali Məhkəmənin sədri (Ramiz Rzayev) tərəfindən Milli Məclisə daxil olub. Mülki Prosessual və İnzibati Xətalar məcəllələrinə, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişikliklər barədə qanun layihələri təqdim edilib.
Dəyişikliklərdə mülki və inzibati məhkəmə proseslərində nümayəndələrin iştirakına qadağa qoyulması, bu prosesdə yalnız Vəkillər Kollegiyanın üzvlərinin iştirakı təklif olunur. Layihəyə əsasən, fiziki şəxslərə yalnız yaxın qohumlarının məhkəmələrində qanuni nümayəndə kimi iştirak etmələrinə icazə verilir. Dəyişiklik layihəsində bir sıra məhkəmə çəkişmələrində nümayəndəlik institutunun daha peşəkar-vəkillik institutu ilə əvəzlənməsi nəzərdə tutulur, vəkillik institutunun daha da gücləndirilməsi təklif edilir. Həmçinin kassasiya instansiyasında, yəni, Ali Məhkəmədə işlərə baxılan zaman nümayəndənin iştirakına yol verilməyəcək.

Əli