Öz evimizdəyik Siyasət

Öz evimizdəyik

Bakıdan dünyaya qardaşlıq ismarışları

"İki ölkə arasında əlaqələr ən yüksək səviyyədədir. Dünyada bir-birinə bu qədər yaxın olan, dəstək verən başqa ölkələr yoxdur".
Bu sözləri Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısından sonra keçirilən mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, iki ölkə arasında dostluq, qardaşlıq, birlik ən yüksək səviyyədədir: "Müzakirə olunan məsələlərlə bağlı aramızda fikir birliyi var. Bütün müzakirə olan məsələlər həyatda öz həllini tapır. Siyasi əlaqələr uğurla inkişaf edir. Yüksək səviyyəli qarşılıqlı səfərlər olur. Mən bu il iki dəfə Türkiyədə səfərdə olmuşam. Nazirlər, digər vəzifəli şəxslər tez-tez görüşürlər. Beynəlxalq təşkilatlar çərçivəsində də bir-birimizi dəstəkləyirik. Türkiyə və Azərbaycan hər zaman bir-birinin yanındadır".
Prezident qeyd edib ki, bu gün Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı bölgə üçün böyük amildir və sabitləşdirici rol oynayır. Onun sözlərinə görə, Türkiyə Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə dünyada böyük gücə çevrilib, dostlar buna sevinir: "Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı əbədi olacaq".


"Azərbaycan qazının Avropaya nəqli bəzilərini narahat edir"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib: "Bu gün biz öz evimizdəyik, qonaq deyilik".
Türkiyə prezidenti Azərbaycana səfəri zamanı Bakı-Tbilisi-Qars dəmir yolunun açılışının gerçəkləşdiyini, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısının keçirildiyini xatırladıb: "Bütün bunlar Türkiyə və Azərbaycan arasında əlaqələrin nə qədər güclü olduğunu göstərir. TANAP da bunun ən gözəl nümunələrindən biridir. İnşallah, qısa zamandan sonra Azərbaycan qazı Avropaya nəql olunmağa başlayacaq. Bu, bəzilərini narahat edir. Bakı-Tbilisi-Qars dəmir yolu tikilərkən də bunun real olmadığını deyənlər vardı. Dünən bu dəmir yolunun açılışını etdik. İnşallah, bu dəmir yolu ilə yüz minlərlə insan səfər edəcək, Londona qədər gedə biləcəklər. Bu dəmir yolu xətti ilə böyük həcmdə yük də daşınacaq və iqtisadi səmərəliliyini ortaya qoyacaq".

İkinci erməni dövləti yaranmayacaq

Prezident İlham Əliyev qardaş ölkənin dövlət başçısı ilə Dağlıq Qarabağ münaqişəsinin müzakirə edildiyini bildirib: "Mən Rəcəb Tayyib Ərdoğanın diqqətinə danışıqlarla bağlı son vəziyyəti çatdırdım. "Əfsuslar olsun ki, bu münaqişə hələ də öz həllini tapmayıb. Azərbaycanın tarixi, əzəli torpağı olan Dağlıq Qarabağ və 7 rayon işğal altındadır, bir milyon azərbaycanlı öz torpağında köçkün vəziyyətindədir. BMT Təhlükəsizlik Şurasında münaqişə ilə bağlı 4 qətnamə qəbul edilib. Qətnamələrə əsasən erməni silahlı qüvvələri dərhal və qeyd şərtsiz Azərbaycan torpaqlarından çıxarılmalıdır. Lakin bu qətnamələr kağızda qalır. Ermənistan onlara məhəl qoymur və münaqişə həllini tapmır", - deyə o vurğulayıb.
İlham Əliyev qeyd edib ki, bu, Azərbaycana qarşı göstərilən ikili standart siyasətidir: "Bəzən BMT TŞ-nin qətnamələri bir neçə günə icra edilir. Bizə gəldikdə, 20 ildən çoxdur qətnamələr icra olunmamış qalır. Münaqişə beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bunun başqa yolu yoxdur. Azərbaycan heç zaman imkan verməz ki, onun torpaqlarında ikinci erməni dövləti yaransın. Bu məsələdə dəstəyə görə türkiyəli həmkarıma minnətdarlığımı bildirmişəm. Türkiyə hər zaman bütün beynəlxalq təşkilatlarda Azərbaycan haqq işini dəstəkləyir".

Vəziyyət stabilləşib

Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, artıq Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 1,6 milyard dollara çatıb: "Neft qiymətlərinin aşağı düşməsi ilə ticarət həcmində azalma olmuşdu. Artıq bu sahədə də vəziyyət stabilləşib. Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsinin 5 milyard dollara çatacağına inanıram.
Son dövrlər müdafiə sənayesi sahəsində də əlaqələrimiz böyük əhəmiyyət kəsb edir. Turizm və mədəniyyət, təhsil sahəsində atdığımız, atacağımız addımlar da mühümdür. Qarşıdakı dövrdə Bakı-Ekspo sərgisinin keçirilməsi nəzərdə tutulub. Türkiyə bu tədbirdə geniş təmsil olunacaq, öz təcrübəsini bölüşəcək".


"Biz Türkiyədən hərbi məhsullar alırıq və alacağıq"


Prezident İlham Əliyev qeyd edib ki, hərbi əməkdaşlıq Türkiyə və Azərbaycan arasında gündəlikdə duran məsələdir.
Dövlət başçısı bu il 3 dəfə birgə hərbi təlimlər keçildiyini xatırladıb: "Təlimlərdən ikisi Bakıda, biri Naxçıvanda keçirilib. Bu da bizim hərbi sahədə əməkdaşlığımız gücləndirən amildir. Hərbi texniki sahədə də əməkdaşlığımız davam edir. Türkiyənin gündən-günə inkişaf edən hərbi sənaye kompleksi bizim üçün çox maraqlıdır. Biz Türkiyədən hərbi məhsullar alırıq və alacağıq".
Prezident İlham Əliyev bildirib ki, Azərbaycanla Türkiyə arasında imzalanan imtiyazlı ticarət anlaşması böyük əhəmiyyət daşıyır və bu, ticarət dövriyyəsinin artmasına imkan verəcək".
Ölkə başçısı deyib ki, Azərbaycandan indiyə kimi Türkiyəyə 10 mlrd. dollar, Türkiyə isə Azərbaycana 11 mlrd. dollar sərmayə qoyub: "Bu sərmayə artacaq. Azərbaycanın Türkiyəyə yatırdığı sərmayənin həcmi 20 mlrd. dollara çatmalıdır".
Prezident vurğulayıb ki, bugünkü toplantıda enerji nəqliyyat məsələləri ənənəvi olaraq müzakirə edilib. "Bütün qarşımıza qoyulan məsələlər öz həllini tapdı. Biz qarşıya qoyulan hədəflərimizə doğru irəliləyirik. TANAP-ın icrası ilə bağlı problem yoxdur. Yaxın vaxtlarda bu layihənin icrası başa çatacaq. Ötən gün Bakı-Tbilisi-Qars layihəsi istismara verildi. Bu tarixi hadisəni qeyd etdik. Bu bizim böyük uğurumuz və qələbəmizdir. Türkiyə və Azərbaycanın iştirak etdiyi və təşəbbüskarı olduğu bütün layihələr icra edilir".


BTQ regionda həyat səviyyəsini yüksəldəcək

"Bakı-Tbilisi-Qars dəmir yolu olduqca əhəmiyyətli iqtisadi layihədir".
Bunu APA-nın Gürcüstan bürosuna açıqlamasında ATƏT Parlament Assambleyasının (PA) prezidenti Gigi Sereteli deyib. O qeyd edib ki, bu gün Qafqazın Qərb və Şərq arasında vacib birləşdirici funksiyası artmaqdadır və burada bütün regionun marağı var: "Hazırda biz bütün dünyada "İpək yolu" mövzusunda fəal diskussiyalar aparırıq. ATƏT Parlament Assambleyasında Azərbaycanın təşəbbüsü ilə "İpək yoluna dəstək qrupu" yaradılıb".
Gigi Sereteli bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə dünya iqtisadiyyatına və Avropa bazarına inteqrasiya asanlaşacaq: "Bununla yanaşı, daha yaxşı iqtisadiyyat siyasi vəziyyətə də müsbət təsir edir. Bu dəmir yolu Gürcüstan, Azərbaycan və Türkiyədə əhalinin həyat səviyyəsinin yüksəldilməsinə, həmin ölkələrə daha çox investisiyaların cəlb olunması və yeni iş yerlərinin yaradılmasına kömək edəcək.".
Gürcüstan təmsilçisi bəyan edib ki, üç ölkə arasında strateji tərəfdaşlıq Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələrlə sübut olunur: "Gürcüstan, Azərbaycan və Türkiyə çox sıx əməkdaşlıq edir və bu, olduqca vacibdir. Tarixi Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi gələcək onilliklərdə öz effektivliyini daha da çox göstərəcək".