MM-in komitə iclaslarında büdcə müzakirəsi Siyasət

MM-in komitə iclaslarında büdcə müzakirəsi

Salim Müslümov: "1 milyon 330 min nəfərin pensiyasının yenidən hesablanması üçün hökumət komissiyası yaradılacaq"

"2018-ci ilin dövlət büdcəsində sosial müdafiə və təminat bölməsində xərclərin keçən ilə nisbətən müəyyən qədər azalıb. Amma həqiqətdə 2017-ci ilin dövlət büdcəsində əvvəlki illərdə əhalinin təbii qazdan istifadəsində aşan qiymətlərin tətbiqi nəticəsində həmin fərqin ödənilməsi üçün 250 milyon manat vəsait qoyulmuşdu. 2018-ci ilin büdcəsində bu sətir yoxdur. Sosial sahələrdə ayrı-ayrı istiqamətlər üzrə xərclərə baxsanız, hər bir sətir üzrə artımın şahidi olacaqsınız. Bu da onu göstərir ki, sosial müdafiə və təminatın bütün qollarında balanslaşdırılmış, nəzərədə tutulan proqramları reallaşdırmağa imkan verən xərclər nəzərə alınıb".
Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Əmək və sosial siyasət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
Onun sözlərinə görə, ümumilikdə sosial xərclər istiqamətinə 2,2 mlrd. manat vəsait nəzərdə tutulub: " Bu vəsaitin 1,3 milyard manatı Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə dövlət büdcəsindən veriləcək vəsait şəklində olacaq. İlk dəfə olaraq burda dövlət büdcəsindən transfert anlayışı yoxdur. Bunun yerinə DSMF-nin büdcəsinin balanslaşdırılması məqsədi ilə dövlət büdcəsi öhdəliklərinidən bura yönəldilən vəsait qeyd olunub. Bu, "Əmək pensiyaları haqqında" qanuna edilən dəyişikliklərlə bağlıdır".
Nazir bildirib ki, 2017-ci ilin iyulun 1-dən qüvvəyə minmiş həmin dəyişikliklərə görə, artıq pensiyaların maliyyələşdirilməsində dəqiq bölgü prinsipi var. Onun sözlərinə görə, pensiyaların 1992-ci ilə qədər olan stajlar üzrə formalaşan öhdəlikləri, o cümlədən, dövlət qulluqçuları, hərbi qulluqçular və digər bu kateqoriyadan olan şəxslərin pensiyalarına verilən əlavələr dövlətin öhdəlikləri hesab edilib.
"Bu, "Əmək pensiyaları haqqında" qanunun 6-cı maddəsində dəqiq ifadə olunub. Hazırda biz Maliyyə Nazirliyi ilə birlikdə 1 milyon 330 min nəfərə yaxın pensiyaçının hər biri ilə bağlı birlikdə araşdırma aparırıq. Bunun üçün yaxın vaxtlarda Nazirlər Kabinetinin xüsusi qərarı ilə bir komissiya yaradılacaq. Biz nəzərdə tuturuq ki, 6 ay ərzində 1 milyon 330 min pensiyaçının hər birinə baxaq və hər bir pensiya işində 1992-ci ilə qədər olan dövrdə neçə il staj varsa, onu tapaq. Ümumilikdə, bu gün 2006-cı ilə qədər dövr üçün hər bir il staj üzrə 4 manat 16 qəpik pensiya verilir. O cümlədən bunun içərisində 1992-ci ilə qədər olan dövr var. 1992-ci ilə qədər olan dövrdə, yəni sovet dövründə sosial sığorta sistemi olmayıb. Amma hökumət həmin dövrə pensiya verməyi öz üzərinə götürdüyünə görə dövlət büdcəsinin öhdəliyi sayılır. Bu komissiya işini bitirdikdə, tam məbləğ ortaya çıxacaq. Əmək və Əhlinin Sosial Müdafiəsi Nazirliyi olaraq biz bunu hesablamışıq və məbləği çıxarmışıq. Amma ümumilikdə bu borc dövlət büdcəsinin borcu, öhdəlikləri olduğuna görə belə qərara gəldik ki, komissiya yaradılsın. Komissiya 1 il müddətində bu məsələyə baxsın. Düşünürük ki, 6 ay içərisində bu prosesi yekunlaşdırmaq mükündür. Bundan sonra hər ilin dövlət büdcəsində dövlətin öhdəliklərinin nə qədər olduğu və nəyin hesablına formalaşmasını dəqiq yazmaq mükün olacaq", - deyə S. Müslümov vurğulayıb.

"Uşaqların lal və kar olmaması üçün 2 milyon lazımdır"

"Azərbaycanda hər il 100-120 eşitmə qüsurlu uşaq dünyaya gəlir. Onlar qısa zamanda əməliyyat olunmasa, ömürlük lal və kar qalırlar. Bu uşaqların lal və kar olmaması üçün 1.5-2 milyon manat vəsait lazımdır. Maliyyə Nazirliyindən xahiş edirəm ki, bunun vəsaitin ayrılmasını təmin etsin"-deyən Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, orqan transplantasiyasına məruz qalan xəstələrin antidesprantlarla təmin olunması üçün əlavə vəsait ayrılmalıdır: "Bu gün ölkədə və xaricdə vətəndaşlarımıza orqan transplantasiyası aparılır. Həmin şəxslər yaşamaları üçün ömrü boyu antidesprantlar almalıdır. Bunun üçün onlara 3000-3500 manat vəsait lazımdır. Ancaq, bu xəstələr onu ala bilmirlər. Onlar antidesprantlardan istifadə etməsələr orqanlarda qopma baş verir və həyatları təhlükə altına düşür. Buna da əlavə vəsait lazımdır. Çünki, səhiyyəyə ayrılan vəsaitlə bunu etmək mümkün deyil".
Ə.Əmiraslanov qeyd edib ki, şiş əleyhinə preperatların alınması üçün də əlavə vəsait lazımdır: "Bunun üçün bu il vəsait ayrılıb. Ancaq bu peraparatlar çox bahalıdır. Ona görə də onların tam həcmdə alınmasında çətinliklər var. Bu da onkoloji xəstəliklərin müalicəsində çətinliklər yaradır. Hesab edirəm ki, ayrılan vəsaitin artırılmasına ehtiyac var".
Komitə sədri deyib ki, 2018-ci ilin dövlət büdcəsi layihəsi mükəmməl hazırlanıb: "Təhsil və elm sahəsinə proqnozlaşdırılan vəsaitdə xeyli artım var. AMEA-ya ayrılan vəsaitdə 4.3 faiz artım proqnozlaşdırılır ki, bu da elmin inkişafına töhfə verəcək. Səhiyyədə 4.8 faiz artım var. Bu, çox vacib haldır. Hesab edirəm ki, büdcəmiz təmkil və peşəkarlıqla hazırlanıb".

"Üç yaşınadək uşağı olan ailələrə verilən müavinətlər artırıla bilər"

"Uşaqlı ailələrə verilən müavinət sisteminə yenidən baxılsın, bu məsələ təkmilləşdirilsin. 3 yaşınadək uşağı olan ailələrə verilən müavinətlərin həcmi artırılsın və bu, 3 il müddətinə dəyişdirilməsin"-deyən Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı məişət zorakılığına da toxunaraq, bu məsələdə vəziyyətin ürəkaçan olmadığını deyib.
Onun fikrincə, bu yöndə mübarizəni daha effektli və səmərəli təşkil etmək üçün Mili Fəaliyyət Proqramı hazırlanmalıdır.
MM-in Əmək və əhalinin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli də bu məsələ üzərində düşünüldüyünü bildirib: "Artıq bir neçə ildir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də bu məsələ üzərində düşünülür, ölcülüb-biçilir. Yəni, bu məsələ həm bizim, həm də nazir Səlim Müslümovun gündəmindədir".

""Diplomatik fəaliyyət haqqında" qanuna dəyişiklik ediləcək"

"Diplomatların fəaliyyəti ilə bağlı qanunvericiliyə bir sıra dəyişikliklər ediləcək"-deyən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, bir sıra sənədlərə, xüsusən "Diplomatik fəaliyyət haqqında" qanuna ediləcək yeni dəyişikliklər nəticəsində Xarici İşlər Nazirliyinin maliyyələşməsi təkmilləşdiriləcək: "Bu dəyişikliklərə əsasən diplomatik fəaliyyətin və diplomatların maliyyələşməsinin təkmilləşdirilməsi nəzərdə tutulur. Qanuna ediləcək dəyişikliklər Milli Məclisdə müzakirə olunub, qəbul edildikdən sonra həm XİN-də çalışanlar, həm də diplomatik korpuslarda çalışan diplomatların maaşlarında dürüstləşmə həyata keçiriləcək. Diplomatların maaşlarının dürüstləşməsi üçün ilkin olaraq Maliyyə Naziriliyindən vəsait ayrılması nəzərdə tutulur. Bununla bağlı məsələnin büdcədə indidən əksi tapması yaxşı olardı".
Komitə sədri qeyd edib ki, son dövrlər beynəlxalq münasibətlər sahəsində fəaliyyət göstərənlərin sayı artmaqdadır: "Ona görə də xarici ezamiyyə məsələsinə yenidən baxılaraq onun həcminin artırlmasını təklif edirəm".

"Bəzi ailələrdə azyaşlı qızlar hicab bağlamağa məcbur edilir"

"Bəzi ailələrdə azyaşlı qızlar hicab bağlamağa məcbur edilir"-deyə vurğulayan deputat Gövhər Baxşəliyeva qeyd edib ki, bu məsələyə xüsusi diqqət yetirilməlidir:"Ailələrdə azyaşlı qızlara qarşı belə məcburiyyətin kök atmasına imkan verməməliyik".
G. Baxşəliyeva AMEA əməkdaşlarının maaşlarının azlığından şikayətlənib: "Onların aldığı maaş ürəkaçan səviyyədə deyil. Yaxşı olardı ki, AMEA əməkdaşlarının məvacibləri də artırılsın".