“Qanunun aliliyi qorunmalıdır” Siyasət

“Qanunun aliliyi qorunmalıdır”

Dünən Milli Məclisinin plenar iclası keçirilib. Spiker Oqtay Əsədovun sədrliyi keçirilən iclasın gündəliyinə 31 məsələ daxil edilib.
Dövlət tədbirlərinin keçirilməsi ilə əlaqədar büdcə zərfi ilə bağlı təkliflərin cavablandırılması günün ikinci yarısında baş tutub.
Bundan başqa, deputatlar "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında", "Dövlət borcu haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "Telekommunikasiya haqqında", "Pasportlar haqqında", "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında", "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" qanunlara və İnzibati Xətalar, Cəzaların İcrası, Miqrasiya, Vergi, Cinayət Prosessual məcəllələrinə dəyişiklik layihələrinə baxaıblar.
Millət vəkilləri daha çox "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" və "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihələrinə diqqət ayırıblar.
"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsi barədə danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib ki, Azərbaycanda 20-44 yaş arası kişilərin 30 faizi, 45-64 yaşında olanların isə 51 faizi siqaret çəkir.
H.Rəcəbli bildirib ki, həmin insanlar hər gün orta hesabla 16 ədəd siqaret çəkirlər. Komitə sədri deyib ki, araşdırmalar nəticəsində məlum olub ki, siqaret çəkməyən, lakin tütün tüstüsündən əziyyət çəkən kişilər 67,5 faiz, qadınlar isə 52,3 faiz təşkil edir.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə bildirib ki, qanunun işləkliyini təmin etmək son dərəcə vacibdir: "Sulu qəlyanda olan bəzi komponentlərin tərkibindəki konsorogen maddələr siqaretdən daha çox olur. Yaxşı haldı ki, bu qanun həm də sulu qəlyana aid edilir".
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsinin qəbulunun tərəfdarıyam Amma burada həllini tapmayan məsələlər çoxdur: "Belə ki, qanunda hansı formada açıq və qapalı yerlərdə tütün məmulatlarından istifadə olunacağı müəyyənləşməyib".
Deputat deyib ki, açıq yer dedikdə uşaq bağçasının önü, məktəbin yaxınlığı da nəzərdə tutula bilər: "Bizdə bu yerlərdə siqaret çəkilməyin qadağan edilməsi nəzərdə tutulub. Lakin insanlar digər tərəfdən qanunda nəzərdə tutulan "açıq yerlər" ifadəsindən istifadə edib bu yerlərdə siqaret çəkə bilərlər. Misal üçün kimlərsə restoranların qarşısında düzülən stollarda da siqaretdən istifadə edə bilər. Amma biz oradan keçən azyaşlı, uşaq, ağsaqqal və qadınlara siqaret tüstüsünün necə təsir etməsini fikirləşməliyik. Bu baxımdan hesab edirəm ki, restoranların özləri siqaret çəkmək üçün yerlər müəyyənləşdirməlidirlər".
Deputat bildirib ki, biz tütünçülüyün inkişafı ilə bağlı qərarlar qəbul edirik, amma bir tərəfdən də tütündən istifadəni məhdudlaşdırırıq: "Lakin bu məsələni müəyyənləşdirməliyik. Təbii ki, vətəndaşımızın sağlamlığı vacibdir. Amma bu məsələni elə müəyyənləşdirməliyik ki, büdcəyə də ziyan etməsin. Bildiyiniz kimi, Azərbaycana turist axını başlayıb. Onların hər biri öz mədəniyyətini göstərir. Ölkəmizə gələnlər arasında ərəblərin sayı çoxalıb. Əgər ərəbin sulu qəlyan və ya tütünlə bağlı hər hansı istək, arzusu varsa və restoranlar da bunu həyata keçirmək istəyirsə, biz buna yol verə bilmərik. Belə olan halda, sulu qəlyandan istifadə etmək istəyənlər üçün də ayrıca yerlər ayrılmalıdır. Ümumiyyətlə, istənilən məsələdə qanunun aliliyi qorunmalıdır".
Spiker Oqtay Əsədov isə bunların qanunda öz əksini tapdığını vurğulayıb.
Deputat Fazil Mustafa isə tütünün təbliğ edilməsi məsələsinə diqqət ayrılmasını təklif edib. O xüsusən filmlərin bəzilərində tütünlə bağlı səhnələrin yer aldığını qeyd edib. Deputat qeyd edib ki, "Təhminə" filmində Zaur bir siqaret yandırır, onun arxasınca Təhminə bir siqaret yandırır. Fazil Mustafa bu kimi məsələlərə diqqət yetirilməli olduğunu vurğulayıb.
"Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsi barədə isə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov məlumat verib. O bildirib ki, bu sənəd Azərbaycan Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndinə uyğun olaraq Silahlı Qüvvələrin təyinatı, idarə olunması və hərbi quruculuğu məsələlərini tənzimləyir: "Habelə Silahlı Qüvvələrin əsas vəzifələrini və fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir. Silahlı Qüvvələrin fəaliyyətinin hüquqi əsasını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu qanun və Silahlı Qüvvələrin fəaliyyətini tənzimləyən digər normativ hüquqi aktlar təşkil edir. Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin fəaliyyətinin hüquqi əsasları Azərbaycan Respublikasının müvafiq qanunları ilə müəyyən edilir".
Z.Əsgərov bildirib ki, qanun layihəsinin müzakirə edilməsi üçün deputatlarla yanaşı, Müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-leytenant Kərim Vəliyev, Daxili Qoşunları Komandanının müavini–Şəxsi heyət üzrə İdarənin rəisi, general-mayor Vidadi Əliyev və digər hərbi vəzifəli şəxslər Milli Məclisə dəvət olunub.
Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi Ziyafət Əsgərov deyib ki, hazırda qüvvədə olan "Silahlı Qüvvələr haqqında" qanun 1991-ci ilin oktyabr ayının 9-da qəbul edilib: "Bu, həcmcə kiçik bir qanundur. O dövr üçün Silahlı Qüvvələrinin hüquq statusunu tənzimləmək baxımından lazımlı qanun idi. Nəzərə alaq ki, biz 1995-ci ildə Azərbaycanın ilk Konstitusiyasını qəbul etdik. İlk konstitusiyanın qəbul edildikdən sonra çoxlu sayda hərbi qanunvercilik aktları qəbul etmişik".
O xatırladıb ki, ötən il sentyabr ayının 26-da Konstitusiyaya əlavə və dəyişiklik edilməsi ilə bağlı referendum keçirilib: "Konstitusiyanın təsbit olunmuş 9-cu maddəsinin mətnində dəyişiklik edilib. Hal-hazırda qüvvədə olan qanunda söhbət Silahlı Qüvvələrdən getsə də, əslində söhbət ordunun statusundan gedirdi. Diqqət etsəniz Quru Qoşunları, Hava Hücumundan Müdafiə Qoşunları və Dəniz qoşunlarından söhbət gedirdi. Yeni qanun layihəsində isə Silahlı Qüvvələr ordu və digər silahlı birləşmələrdən ibarətdir. Bu yeniliyi etdiyimizə görə, qüvvədə olan qanun konsepsiyası dəyişir, yeni qanun meydana gəlməsinə ehtiyac yaranırdı. Yeni qanun Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı, əsas vəzifələri, idarəolunması və hərbi quruculuq məsələlərini nəzərdə tutur. Qanun layihəsi 5 fəsildən ibarətdir. Bu qanun layihəsində ilk dəfə olaraq Azərbaycan Respubliaksı Silahlı Qüvvələrin, ordunun anlayışı verilir. Digər qoşun birləşmələrinin anlayışı verilir. Bu qanun layihəsi hazırlanarkən 2010-cu ilin 8 iyun tarixli Milli Məclisin qərarı ilə təsdiq edilmiş Hərbi doktrinası və cənab prezidnetin fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Təhlükəsizlik konsepsiyasının müddəaları əsas götürülüb. Hər üç normativ sənəd bir məqsədə xidmət edir. Bu qanun layihəsi çərçivə qanunu olduğu üçün gələcəkdə bu qanunda çıxış edərək digər qanunlarımız da hazırlanacaq".
Deputat Vahid Əhmədov təklif edib ki, digər nazirliklərin və dövlət qurumların tabeliyində olan hərbi birləşmələr Silahlı Qüvvələrə tabe edilməlidir. O qeyd edib ki, müstəqillik tariximizdə Silahlı Qüvvələrə tabe olmayan hərbi birləşmələrin dövlət çevrilişlərinə cəhdlərdə və digər bu kimi proseslərdə iştirakının şahidi olmuşuq: "Təklif edirəm ki, istər müharibə şəraitində, istərsə də dinc şəraitdə həmin hərbi birləşmələr Silahlı Qüvvələrə tabe edilməlidir. Onsuz da biz hazırda müharibə şəraitindəyik. Hesab edirəm k, belə olsa yaxşıdır".
Deputat həmçinin, hərbi obyekt və mülklərin özəlləşdirilməsinə qarşı çıxıb. O bildirib ki, hərbi mülkiyyətin özəlləşdirilməsi Ali Baş Komandanın razılığı əsasında həyata keçirilməlidir: "Biz hazırda bu sahədə neqativ halların şahidi oluruq".
Vahid Əhmədov eyni zamanda, həmkarı Qüdrət Həsənquliyevin Silahlı Qüvvələrə nəzarət mexanizmi barədə təklifini dəstəkləyib. O qeyd edib ki, belə bir nəzarət mexanizmi olmalıdır: "İndiyə qədər şahidi olmadım ki, Hesablama Palatası hər hansı hərbi hissədə yoxlamaların aparılması və nəticələri barədə Milli Məclisdə hesabat versin".
Deputat Siyavuş Novruzov deyib ki. "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsi konseptual baxımdan mükəmməl hazırlanıb: "Layihədə Silahlı Qüvvələrin fəaliyyəti, sosial təminatı və digər məsələlər burada öz əksini tapıb. Son 26 ilə nəzərə salsaq, Azərbaycanın silahlı qüvvələrinin keçdiyi yol Ulu Öndərin adı ilə bağlıdır. Ümumilli liderin arzusu Azərbaycanda güclü silahlı qüvvələrin olması idi. Yeni hazırlanan qanundan da görünür ki, Azərbaycanın ordusu Cənubu Qafqazın ən güclü ordusuna çevrilib".
Deputat bildirib ki, qanunda ütün məsələlərə həssaslıqla toxunulub: "Hazırki dövrdə bu qanun hazırlanması və tez bir zamanda tez bir zamanda qəbuluna ehtiyac var. Bilirsiniz kimi bir neçə gün bundan öncə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) toplantısında yeni silahlı birləşmələrin yaradılması haqqında qərara qəbul edilib. Bildiyiniz kimi, düşmən ölkə Ermənistan da bu müqavilənin üzvüdür. Ermənistan bir tərəfdən Avropa İttifaqı, digər tərəfdən də KTMT-də qoşun növlərinə qoşulur ki, bir-birinin ərazisinə daxil olduqda onlara yardım edilsin. Bu, həm Ermənistan. həm də onlara şərait yaradanların iki üzlülüyüdür. Bu baxımdan hesab edirəm ki, Azərbaycanda silahlı qüvvələrlə bağlı qanun qəbul edilməsi vacibdir".
Qanun layihəsində silahlı qüvvələrə nəzarətin Ali Baş Komandana həvalə edilməsinin yüksək qiymətləndirən deputata söyləyib ki, vahid nəzarət mexanimzi Ali Baş komandanın nəzarəti altında olmalıdır.
Deputat qeyd edib ki, ordu cəmiyyətin bir hissəsidir. "Cəmiyyətdə baş verənləri orduya daşımaq olmaz. Kimin ailəsində nə baş versə, onun orduya daşımasın. İctimai nəzarət silahlı qüvvələri dedi-qodu mənbəyinə çevirirsə, o işin heç bir əhəmiyyəti olmaz. Ümumilikdə isə Azərbaycan ordusu, silahlı qüvvələri bu gün həm təchizat, həm fiziki, həm də mənəvi hazırlıq baxımından yüksək əhval-ruhiyyədədir. Ordumuz Ölkəmizin ərazilərinin işğaldan azad edilməsinə hazırdır".
Qanun layihələri səsə qoyularaq qəbul edilib.

Əli