“Azərbaycan-Türkiyə-Pakistanın bir çox məsələlərdə ümumi baxışları var” Siyasət

“Azərbaycan-Türkiyə-Pakistanın bir çox məsələlərdə ümumi baxışları var”

Aydın Mirzəzadə: "Hər üç ölkə bir-birinin inkişafında maraqlıdırlar"

Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirlərinin Bakıda keçirilən birinci üçtərəfli görüşü elspertlər tərəfindən yüksək qiymətləndirilir. Bildirilir ki, görüş yaxın münasibətləri olan ölkələr arasında əlaqələrin daha da inkişafına səbəb olacaq.
Millət vəkili Aydın Mirzəzadə deyib ki, Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli formatında hər üç dövlətin bir çox məsələlərdə ümumi baxışları var: "Hər üç ölkə bir-birinin inkişafında maraqlıdırlar və beynəlxalq birlikdə birgə fəaliyyət göstərirlər". Onun sözlərinə görə, ilk dəfədir ki, Azərbaycan-Türkiyə-Pakistan xarici işlər nazirlərinin görüşü keçirilir: "Artıq bunun mütəmadi olaraq ildə bir dəfə əlifba sırası ilə növbəti ölkədə keçirilməsi gözlənilir. Gələn il bu, Pakistanda olacaq. Konkret müzakirə mövzusu yoxdur. Yəni bunun özü tərəflərin bir-birinə çox yaxın olduğu və birgə fəaliyyət göstərməkdə maraqlı olduğunu göstərir. Tərəflərin dünyada gedən proseslərə eyni baxışları var. Həmçinin ikitərəfli münasibətlərdə mümkün olan bütün sahələrlə əməkdaşlıq etmək barəsində maraqları var. Bu siyasi məsələlər üzrə müzakirələrlə yanaşı, eyni zamanda iqtisadi ticarət əlaqələridir və investisiya qoyuluşu üçün əlverişli şəraitin yaradılmasıdır. Bununla belə müttəfiqliyin ən vacib şərtlərindən olan hərbi-texniki əməkdaşlıqdır. Bu münasibətlər hər bir ölkənin marağlarına uyğundur və hər bir ölkə bundan maksimum siyasi və iqtisadi uğur əldə edəcək. Bu üç ölkənin münasibəti digər qonşu ölkələr üçün də dostluğun bariz nümunəsidir".
Deputat Bəxtiyar Əliyev isə diqqətə çatdırıb ki, Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirlərinin Bakıda keçirilən birinci üçtərəfli görüşü regionda sülhün və təhlükəsizliyin güclənməsinə xidmət edəcək. B.Əliyev bildirib ki, bütövlükdə Azərbaycan, Türkiyə və Pakistan regionda mühüm rol oynayır və üç ölkənin belə formatda əməkdaşlığı regionda həm sülhün, əmin-amanlığın qorunmasına, həm də ölkələr arasında əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcək bir siyasi addımdır. Deputat qeyd edib ki, Azərbaycanın Pakistan və Türkiyə ilə strateji əməkdaşlığı mövcuddur: "Pakistan hər zaman Azərbaycanın haqq işini dəstəkləyir və Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını hər yerdə bəyan edir. Pakistan işğalçı Ermənistana etirazını bildirərək orada öz səfirliyini də açmayıb. Eyni zamanda Türkiyə də bu addımı atıb və Ermənistanla sərhədləri bağlayıb". B. Əliyev qeyd edib ki, bu cür görüşlərdən sonra Azərbaycan, Türkiyə və Pakistan arasında strateji əməkdaşlıq daha da möhkəmlənəcək və bu da öz növbəsində regionun inkişafına və təhlükəsizliyinə xidmət edəcək.
Millət vəkili, MM-in Azərbaycan-Pakistan Parlamentlərarası Dostluq Qrupunun keçmiş rəhbəri, Eldar İbrahimov deyib ki, yerləşdiyimiz regionun və bütövlükdə dünyamızın çalxalandığı, çalxalandırıldığı bir vaxtda belə bir görüşün keçirilməsi, onun davamlılığına qərar verilməsi olduqca vaxtında və yerində atılan bir addım idi: "Azərbaycan müstəqillik qazanarkən, onu tanıyan ilk 3 ölkədən biri Türkiyə, biri də Pakistan olub. Azərbaycan tarixində ikinci dəfə, yəni, 1991-ci ilin avqustunda müstəqillik əldə edəndən bu günə kimi həm Türkiyə, həm Pakistan Azərbaycanın yanında olub, ölkəmizin problemlərinin, xüsusən də, Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həllinə öz dəstəklərini veriblər. Bu gün də qardaş və dost ölkə olaraq, Türkiyəylə Pakistan Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına öz səmimi və əməli dəstəklərini verməkdədirlər. Hər iki ölkə həm də Azərbaycan əraziləri işğal altında saxlandığına görə, təcavüzkar Ermənistanla diplomatik münasibətlər qurmaqdan imtina ediblər. Eyni zamanda, Azərbaycanın son bir əsrdə məruz qaldığı soyqırımı aktları içərisində daha dəhşətli və daha faciəli olması ilə seçilən Xocalı soyqırımının dünyada olduğu kimi, qəbul və etiraf olunması işində bu iki ölkənin xidmətləri, fəaliyyətləri əvəzsizdir. Mən ən uzun illər Milli Məclisin Azərbaycan -Pakistan Parlamentlərarası Dostluq Qrupunun üzvü və rəhbəri olmuşam. Dəfələrlə də Pakistanda bu ölkənin rəhbər şəxsləri, ali qanunverici orqanın üzvləri ilə görüşmüş, müzakirələr aparmışam. Eyni zamanda, qarşılıqlı olaraq, Pakistan rəsmilərinin, parlamentarilərinin Azərbaycana səfərlərində onlarla yaxından təmasda olmuşam. Onlarla aparılan iş, bütövlükdə Azərbaycan dövlətinin apardığı məqsədyönlü fəaliyyət nəticəsində də Pakistan parlamenti tərəfindən Xocalı qətliamını soyqırımı aktı kimi tanıyan çox vacib və tarixi əhəmiyyətli siyasi-hüquqi sənədin qəbul olunmasına nail olmuşuq. Yəni, Pakistan Xocalı faciəsini soyqırımı aktı kimi tanıyan ilk ölkələrdən biri olub. Bunları deməkdə məqsədim odur ki, istər Türkiyə, istər Pakistan ilə Azərbaycan arasında olan münasibəylər sıradan münasibətlər deyil, bunlar dünyaya örnək ola biləcək əməkdaşlıq, tərəfdaşlıq, müttəffiqlik, dostluq, qardaşlıq münasibətləridir. Bu baxımdan da, hər 3 ölkənin xarici işlər nazirinin Bakıda bir araya gəlməsi, birinci üçtərəfli görüşə start verilməsi bu ölkələr arasındakı münasibətlərin məntiqi davamıdır və bunun da hər 3 ölkənin maraqlarına xidmət etməsi şübhəsizdir. Bu görüş həm də regonda və bütövlükdə dünyada sülhün, əmin-amanlığın təmin olunmasına töhfə verəcək bir görüşdür. Odur ki, bu tipli görüşlərin bundan sonra da davam etdirilməsi lazımdır, bundan da qazanan yalnız və yalnız dövlətlərimiz, xalqlarımız olacaq".