Vaşinqtonun Qüds gedişi... Siyasət

Vaşinqtonun Qüds gedişi...

Elman Nəsirov: "Trampın bu qərarı ABŞ-ın milli maraqlarına cavab vermir"

Qənirə Paşayeva: "Çox çətin günlərin qarşıda olduğundan islam dünyası hələ xəbərsizdir"

Cümşüd Nuriyev: "III Dünya Müharibəsi Qüdsdən başlaya bilər"

ABŞ prezidenti Donald Trampın sürpriz Qüds addımı dünya gündəmini dəyişib. Bir çox islam ölkələri ilə yanaşı, qeri islam dövlətləri də Vaşinqtonun bu qərarına qarşı çıxırlar. Bundan başqa Roma Papası da ABŞ-ın bu addımını yanlış hesab edir. İstənilən halda bu qərar Yaxın Şərqdə gərginliyi artıracaq.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı elan edib və ABŞ səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı Dövlət Departamentinə təlimat verib.
ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın XİN rəhbəri Sebastyan Kurz deyib ki, Yerusəlimin statusu tərəflər arasında birbaşa dialoqlar əsasında müəyyən edilməlidir. O qeyd edib ki, Avstriya və Avropa İttifaqının bu məsələdə mövqeyi aydındır: "Yerusəlimin statusu tərəflər arasındakı dialoq əsasında müəyyən edilməlidir".
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampın Qüds qərarını bir çox liderlə müzakirə edəcək. Bununla bağlı Ərdoğan özü məlumat verib. O bildirib ki, Roma Papası Fransisk və Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacaq.
Ərdoğan həmçinin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) dönəm sədri kimi, quruma üzv ölkələrin fövqəladə toplantısını çağırıb.
Rusiya Xarici İşlər Nazirliyi də ABŞ Prezidenti Donald Trampın Qüds qərarına münasibət bildirib.Bununla bağlı nazirlik xüsusi bəyanat yayıb. Bəyanatda deyilir ki, Rusiya ABŞ-ın bu qərarından narahatdır: "Qərbi Qüds İsrailin paytaxtıdır. Şərqi Qüds isə Fələstinin siyasi mərkəzidir".
Görünən odur ki, ABŞ Suriya və İraqdan sonra xaosun Yaxın Şərqdə davam etməsində maraqlıdır...
Millət vəkili, politoloq Elman Nəsirov bu cür gərginliklərin gözlənilən olduğunu vurğulayıb: "Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması və ABŞ-ın Təl-Əvivdəki səfirliyinin Qüds şəhərinə köçürülməsi ilə bağlı qərarı təkcə müsəlman dünyasında deyil, ABŞ-ın öz müttəfiqləri tərəfindən də birmənalı qarşılanmayıb. Roma papasının bununla bağlı mövqeyi fərqlidir. Eyni zamanda, Böyük Britaniya da ABŞ-ın bu qərarını təqdir etmədiyini bildirib.
Müsəlman dünyasına gəlincə, Türkiyə bu məsələdə daha qətiyyətli mövqe nümayiş etdirir. Türkiyə prezidenti bu hadisədən sonra bəzi müsəlman ökəsinin rəhbərləri ilə telefon əlaqəsi saxlayıb.
Bu yaxınlarda Türkiyənin təşəbbüsü ilə İƏT-in fövqəladə toplantısınən keçirilməsi gözlənilir. Türkiyə və İran ABŞ-ın bu qərarını kəskin tənqid edir.
Trampın bu qərarı Amerika ilə sayı 1,5 milyard olan müsəlman dünyası arasında ciddi gərginliyin yaranmasına səbəb ola bilər. Bu gün dünyada 57 müsəlman dövləti var. Bu qərar 57 dövlət ilə münasibətləri gərginləşdirmək anlamını daşıyır.
Ən təhlükəli məqamlardan biri də odur ki, özünü islamla əlaqələndirməyə çalışan terrorçu qüvvələr bundan istifadə edərək bəzi addımlar ata bilər. Nəticədə, Qərb dünyası ilə islam dünyası arasındakı gərginlik arta bilər.
Düşünürəm ki, Trampın bu qərarı ABŞ-ın milli maraqlarına cavab vermir. Bu, Yaxın Şərqin Amerikaya olan münasibətini daha da gərginləşdirə bilər. Biz yaxın gələcəkdə yeni toqquşmaların şahidi ola bilərik".
Millət vəkili Qənirə Paşayeva diqqətə çatdırıb ki, Yaxın Şərqdə məzhəb qarşıdurmasından sonra ikinci - söndürülməsi daha çətin olan bir atəş yandırıldı. O bildirib ki, bu qərarından sonra Trampın necə biri olduğunu bütün müsəlman dünyası gördü: "Donald Trampın son açıqlamaları bölgəni daha da qarışdıracaq, gərginlikləri artıracaq. Çox çətin günlərin qarşıda olduğundan müsəlman dünyası hələ xəbərsizdir. Çünki onlar arasında birlik, bərabərlik yoxdur".
Millət vəkili vurğulayıb ki, biz bu mənzərəni Qarabağda - Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunanda görmüşdük: "Həmin vaxt da müsəlman qardaşlarımız bizə köməyə gəlməmişdi, əksinə, onların bəziləri hələ də Ermənistanla yaxın əlaqələrini davam etdirir. Bu atəş nə qədər yanacaq, sonu nə olacaq, heç kim bilmir, amma üzülənlərin sayı çox olacaq".
Politoloq Cümşüd Nuriyev deyib ki, əsində bu qərar gözlənilən idi, çünki Donald Tramp seçkidən öncə 1995-ci ildə qəbul olunmuş, amma icrası dayandırılmış həmin qərarı həyata keçirəcəyinə söz vermişdi: "İndi məlum oldu ki, niyə ABŞ mediası Trampın seçilməsində Rusiyanı ittiham edir. Məlumdur ki, ABŞ-ın media strukturları yəhudi lobbisi tərəfindən maliyyələşdirilir. Diqqəti yayındırmaq və maskalanmaq üçün Rusiya "kartı"ndan istifadə olundu. Nəzərə alsaq ki, amerikalılar siyasi cəhətdən çox qeyri - fəaldırlar, hər şey aydın olar. D.Tramp İslam dininə və İslam dünyasına nifrət edir. Həm 7 müsəlman ölkəsinin vətəndaşlarının ABŞ-a girişinə qoyulmuş qadağalar, həm ABŞ-ın Yaxın Şərq ölkələrinə olan aşağılayıcı münasibəti, həm də müsəlman qaçqınlara sığınacaq verilməməsi bizə belə düşünməyə əsas verir. Trampın islamafobiya xəstəliyinə tutulması onun genetik yaddaşı ilə bağlıdır. Alman və irland əsilli olan bu adamın böyükləri də İslam dininə nifrət ediblər.
Qüdsün paytaxt elan edilməsi ABŞ-ın strateji planlarının tərkib hissəsi deməkdir. Donald Trampı hakimiyyətə gətirən yəhudu lobbisi ABŞ-ın Suriyadakı siyasi məğlubiyyətini bu yolla əvəzləmək istəyirlər. Silah istehsalçılarına silah satmaq və yeni ərazilərin onların nəzarətinə keçməsini istəyirlər. Bu isə yeni provakasiyalar və qarşıdurmalar deməkdir. ABŞ ikinci dövrə müsəlman dövlətlərini talamaq siyasətinə start verdi. Onlar çox gözəl bilirlər ki, heç bir müstəvidə birləşə bilməyən əksər müsəlman ölkələri Qüds müstəvisində birləşəcəklər. Yeganə xəyanəti Səudiyyə Ərəbistanından gözləyirəm, çünki orada hakimiyyətin qeyri - qanuni yolla ötürülməsi planının müəllifi də ABŞ-dır. Məqsəd Suriya məsələsində Rusiya ilə əməkdaşlıq edən Türkiyə və İranı yeni münaqişəyə qoşmaqla, onları zəif düşürmək və Rusiya ilə əməkdaşlıqdan imtina etməyə məcbur etməkdir. Təəssüf ki, ərəb dünyasında olan ölkələrin başçılarını daha çox şəxsi mənafeləri maraqlandırır və bu acı həqiqət onların inkişafının buxovuna çevrilib. III Dünya Müharibəsi Qüdsdən başlaya bilər".
Millət vəkili Araz Əlizadə isə deyib ki, ABŞ-ın bu qərarını müsəlman ölkələri, xüsusən yaxın Şərq üçün ciddi təhlükə hesab edir: "1948-ci ildə BMT-nin qərarı ilə İsrail dövləti yarananda, Qüds Fələstin torpağı kimi qeydə alınmışdı. Amma 1967-ci il müharibəsi nəticəsində İsrail dövləti Qüdsü zəbt etdi. Yenə də, 2016-ci ildə BMT-nin qərarı ilə Qüds müvəqqəti işğal edilmiş Fələstin torpağı hesab edilib. ABŞ Qüdsü İsrail dövlətinin paytaxtı kimi tanımaqla BMT-nin qərarlarını ayaq altına atır və beynəlxalq hüququ pozur. Təcəvüzkar İsrailə dayaq olur. ABŞ-ın arxasıyca digər xristian müttəfiq dövlətlərini də aparacaq. Hesab edirəm ki, bu hadisə xüsusən yaxın Şərq ölkələrində yeni gərginliyin yaranmasına gətirib çıxaracaq".
A.Əlizadə ABŞ bu addımı ilə gələcəkdə Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağın da müstəqilliyini tanımasını istisna etməyib:
"Fikrimcə, belə gedişlə gələcəkdə ABŞ Dağlıq Qarabağın müstəqilliyini tanıyacaq. Bu gün Qüdsü Tramp tanıdısa, gələcəkdə bunun kimi ABŞ-da hakimiyyətə gələcək insan da Dağlıq Qarabağı Ermənistanın ərazisi çərçivəsində müstəqilliyini tanıyacaq. Mən ona görə hər zaman deyirəm ki, nə qədər tez müharibə edib torpaqlarımızı azad etsək, bir o qədər yaxşıdır. Çünki torpaqlarımızın uzun müddətdir işğal altında saxlanılması get-gedə Qarabağın Azərbaycan torpaqları kimi unudulmasına yol açır. Növbbəti bir Tramp gələcək və deyəcək ki, Qarabağı erməni torpağı kimi tanıyıram. Gəlin, bir fakt deyim. Uzun illərdir, ABŞ Ermənistanla bərabər, Dağlıq Qarabağa da pul ayırır. Ermənistanı başa düşdüm. Dağlıq Qarabağa niyə?".
Partiya sədri hesab edib ki, ATƏT-in Misk Qrupu kimi Rusiya və ABŞ-dan imtina edilməlidir:
"Bu iki ölkənin Misk Qrupuna rəhbərlik etmələri üçün mənəvi haqları yoxdur. Rusiya təcəvüzkar Ermənistana silah verməklə, ABŞ Dağlıq Qarabağa maddi yardım göstərməklə bu haqqı itirib. Ümumiyyətlə, Azərbaycanın ATƏT-in Minsk Qrupundan imtina etmək vaxtı çoxdan çatıb. Bu qrumdan imtina edilməli, danışıqlar yenidən BMT-nin meydanına qaytarılmalıdır. Əks halda, bu təşkilat torpaqların qaytarılması üçün ABŞ və Rusiyanın maraqlarını təmin etməkdən başqa bir iş görməyəcək".

Əli