Britaniyanın Lordlar Palatasında İngiltərə-Azərbaycan Cəmiyyətinin 20 illik yubileyi qeyd edilib Siyasət

Britaniyanın Lordlar Palatasında İngiltərə-Azərbaycan Cəmiyyətinin 20 illik yubileyi qeyd edilib

Böyük Britaniya Lordlar Palatasının məşhur "The Peers" zalında İngiltərə-Azərbaycan Cəmiyyətinin ənənəvi illik Milad xeyriyyə yığıncağı, həmçinin cəmiyyətin fəaliyyətə başlamasının 20 illik yubileyi qeyd edilib.
"Report" xəbər verir ki, tədbirdə cəmiyyətin Böyük Britaniya tərəfindən həmsədri, Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Lord German, İngiltərə-Azərbaycan Cəmiyyətinin Azərbaycan tərəfindən həmsədri, akademik Nərgiz Paşayeva, qurumun İcraiyyə Komitəsinin üzvləri, Böyük Britaniya Parlamentinin üzvləri, Londonda akkreditə olunan diplomatik korpusun əməkdaşları, yerli və xarici iş adamları, Britaniyada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Lord German cəmiyyətin Azərbaycan tərəfindən həmsədri akademik Nərgiz Paşayevaya təşkilatın fəaliyyətindəki böyük xidmətlərinə görə təşəkkür edib. Britaniyalı həmsədr İngiltərə-Azərbaycan Cəmiyyətinin bu yubiley tədbirində iştirak etdiklərinə görə onlara minnətdarlığını bildirib və qeyd edib ki, İngiltərə-Azərbaycan Cəmiyyəti artıq 20 ildir mədəni-maarifçi, humanitar, xeyriyyə kimi sahələrdə uğurla fəaliyyət göstərir.
İyirmi il ərzində cəmiyyətin bütün üzvləri ilə birgə çalışan insanlara minnətdarlığını bildirən Lord German qeyd edib ki, 20 illik dövr uzun və şərəfli bir yol olub. Britaniyalı həmsədrin sözlərinə görə, cəmiyyət bu illər ərzində yeni münasibətlər qurub, yeni dostlar qazanıb və bundan sonra da bu istiqamətdə işlərini davam etdirəcək. Lord German cəmiyyətin ötən dövr ərzində Azərbaycanla Böyük Britaniya arasında körpü rolunu oynadığını qeyd edərək deyib: "Mən həmişə Azərbaycanı Şərq ilə Qərbin, Şimal ilə Cənubun ayrıcında olan ölkə kimi çox yüksək dəyərləndirirəm. İpək yolu məhz bu ölkədən keçir və Azərbaycan hər zaman dünyanın müxtəlif ölkələrindən olan insanları qonaqpərvərliyi, tolerantlığı və zəngin mədəniyyəti ilə özünə cəlb edir. Məhz bu xüsusiyyətlər Azərbaycan xalqında dünya mədəni irsini daha yaxından öyrənməyi və digər mədəniyyətlərə hörmətlə yanaşmağı formalaşdırıb. Təbii ki, bizim bütün uğurlarmız sizlərin və bizə dəstək olan insanların köməyi olmadan mümükünsüz olardı. Mən bizim cəmiyyətimizin idarə heyyətinin üzvlərinə dərin təşəkkürümü bildirmək istəyirəm. Onlar uzun illərdir ki, cəmiyyətimizin inkişafına səy göstəriblər".
Daha sonra, çıxış üçün söz İngiltərə-Azərbaycan Cəmiyyətinin Azərbaycan tərəfdən həmsədri akademik Nərgiz Paşayevaya verilib.
Akademik N.Paşayeva tədbir iştirakçılarını salamlayaraq deyib: "Dəvətimizi qəbul edib bura toplaşdığıniza görə hər birinizə öz təşəkkürümü bildirirəm. Tədbirimiz ənənəvi olaraq Milad bayramı ərəfəsində təşkil olunan xeyriyyə gecəsinə həsr edilir. Qeyri-adi və ecaskar əhval-ruhiyyə bəxş edən bu Bayram hamı tərəfindən sevinclə qarşılanır. Qeyd edim ki, eyni zamanda bu il bizim cəmiyyət üçün fərqli bir ildir. Bizim artıq 20 yaşımız tamam olur. Əlbəttə, 20 il azdır, gənclik yaşıdır. Amma bu fikir bütün hallara aid olmur. Belə ki, ölkəmizin – ikinci dəfə müstəqillik qazanmış Azərbaycanın 25 yaşı, bizim isə 20 yaşımız tamam oldu. Bu illər ərzində cəmiyyətimizin fəaliyyətində yaxından iştirak edən, layihələrimizdə əzmlə, sevgilə çalışan - humanitar, mədəni və xeyriyyə tədbirlərimizə dəstək verən insanlara dərin təşəkkürümü bildirmək istərdim. Başlanğıc şərəfli və uğurlu oldu və bizlər bu uğuru davam etdirməliyik. Artıq 10 ildir ki, mən həmsədr kimi burada çalışıram və bu illər ərzində özüm də çox şeylər öyrənmişəm. Ölkənizi – İngiltərəni daha yaxşı tanımış və daha çox sevmişəm.
Paytaxt London sadəcə böyük və gözəl şəhər olaraq qalmır. Bu şəhərdə müxtəlif yerlərdən gələn insanlar yaşayır. Şəhərin beynəlmiləl ruhu bu insanları birləşdirir. Azərbaycanın paytaxtı Bakı da həmişə beynəlmiləl şəhər olub.
Təsadüfi deyil ki, Avropada oxuyan Azərbaycanlı tələbərin ən böyük qismi Böyük Britaniyada təhsil alırlar. Əsas səbəblərdən biri odur ki, məhz burada o gənclər özlərini qürbətdə deyil, doğma yerdə hiss edirlər. 20 yaşı olan cəmiyyətimizin mövcudluğu və varlığı həm Azərbaycanda, həm də Böyük Britaniyada yaşayan azərbaycanlılar üçün böyük əhəmiyyət kəsb edir. Cəmiyyətin Azərbaycan tərəfindən həmsədri olaraq missiyamızı gələcək nəsillərə ötürməyin vacibliyini yaxşı anlayıram. Əldə edilən nailiyyətləri, qurulmuş münasibətləri, iki ölkə arasında vətəndaş cəmiyyətlərinin birliyini, xeyriyyəçilik, maarifçilik, mədəni tədbirləri davamlı və möhkəm etmək bizim cəmiyyətin əsəs məqsədidir. İnanıram ki, belə də olacaq.
Bir daha hamınıza minnətdarlığımı bildirir, qarşıdan gələn Yeni İlinizi təbrik edir və sizlərə gözəl axşam arzulayıram".
Daha sonra Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə çıxış edərək bildirib ki, İngiltərə-Azərbaycan Cəmiyyətinin 20 illik fəaliyyəti və uğurları Britaniya və Azərbaycan ictimaiyyəti tərəfindən qəbul olunub. O deyib: "Cəmiyyətin iki ölkə arasındakı mədəni əlaqələrinin inkişafı və yaxınlaşmasına verdiyi dəstək təqdirə layiqdir. Təbii ki, ən böyük təqdirə və təşəkkürə bu cəmiyyətin uğurlu inkişafında böyük xidmətləri olan akademik Nərgiz Paşayeva, Lord German və cəmiyyətin digər dəyərli üzvləri layiqdir. Bir daha İngiltərə-Azərbaycan Cəmiyyətinin bütün üzvlərini şərəfli yubiley münasibətilə təbrik edirəm".
Tədbirdə İngiltərə-Azərbaycan Cəmiyyətinin İcraçı Komitəsinin üzvləri də çıxış ediblər.
Tədbirin sonunda İngiltərə-Azərbaycan Cəmiyyətinin Azərbaycan tərəfindən həmsədri akademik Nərgiz Paşayeva Azərbaycan televiziyasına müsahibə verib. Akademik N.Paşayeva deyib: "Bu gün Böyük Britaiya Parlamentinin Lordlar Palatasında ənənəvi olaraq İngiltərə-Azərbaycan Cəmiyyətinin illik xeyriyyə tədbiri keçirilir. Bu yığıncaq xüsusi bir tarixə də malikdir. Belə ki, biz İngiltərə-Azərbaycan Cəmiyyəti olaraq, 20 ildir ki, Britaniyada fəaliyyət göstəririk. Başlıca cəhət ondan ibarətdir ki, bu cəmiyyət İngiltərədə təsis olunmuş funksional, davamlı və uzun tarixə malik və müstəqil Azərbaycanı Böyük Britaniyada təmsil edən nüfuzlu bir təşkilatdır. İndiyə qədər cəmiyyət haqqında yalnız müsbət rəylər söylənilib. Cəmiyyətin işi İngiltərə ictimaiyyəti tərəfindən dəstəklənib və cəmiyyətin yüksək hörməti və nüfuzu vardır. Bu xoş haldır və biz inanırıq ki, gələcəkdə İngiltərə-Azərbaycan Cəmiyyəti iki ölkə arasında mədəni, insani, tarixi və xeyriyyəçilik ənənələrini daha da möhkəmləndirəcək".
Böyük Britaniyanın keçmiş sənayə və energetika naziri, İngiltərə-Azərbaycan Cəmiyyətinin Britaniya tərəfindən ilk həmsədri olmuş Tim Eqqer Azərbaycan televiziyasına verdiyi müsahibəsində qeyd edib: "Mən İngiltərə-Azərbaycan Cəmiyyətinin yaradıldığı dövrü yaxşı xatırlayıram. İlk günlərdən mən cəmiyyətin üzvüyəm. Ötən 20 il ərzində bu cəmiyyət iki ölkə arasında həm mədəni, həm də iqtisadi münasibətlərin möhkəmlənməsində mühüm rol oynayıb. Burada, Lordlar Palatasında yubileyin qeyd olunması mənim üçün həm sevindirici, həm də qürurvericidir".