“Trampın Qüdslə bağlı qərarına etiraz etmək İsraillə münasibətlərin pozulması anlamına gəlmir” Siyasət

“Trampın Qüdslə bağlı qərarına etiraz etmək İsraillə münasibətlərin pozulması anlamına gəlmir”

Elçin Mirzəbəyli: "Fələstin probleminin həlli ilə bağlı qətnamələri BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ABŞ da dəstəkləyib"

Qüds məsələsi ilə bağlı dünya siyasi səhnəsində bir hərəkətlilik var. ABŞ və İsraildən başqa Qüdsün İsrailin paytaxtı olması ilə heç kim razılaşmır. Roma Papası və Avropa ölkələri də Vaşinqtonun bu qərarına qarşı çıxıb. İslam ölkələri içərisində isə ən sərt çıxışları Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan edir və onun rəhbərliyi ilə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr Türkiyədə toplanacaqlar. Toplantıda Azərbaycan da təmsil olunacaq.
Məsələ Azərbaycan ictimaiyyətində də geniş müzakirə olunur. Amma təəssüfedici məqam odur ki, əksər hallarda məsələyə beynəlxalq hüquq normaları və dövlətçilik maraqları prizmasından baxılmır. Bəzən isə bəsit yanaşma tərzi ortaya qoyulur və problemin kökü deyil məsələyə dəxli olmayan faktorlar müzakirə olunur.
"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli bildiirb ki, İslam Azərbaycan mədəniyyətinin, Azərbaycan türklərinin, ölkəmizdə yaşayan bütün xalqların mədəniyyətinin tərkib hissəsidir: "Ola bilsin ki, kimlərinsə İslam dininə, yaxud bütövlükdə dinlərə fərqli münasibəti var. Amma bu həmin şəxslərə əsas vermir ki, öz baxışlarını başqalarına zorla sırısınlar.
Digər tərəfdən, Trampın Qüdslə bağlı qərarına etiraz etmək İsraillə münasibətlərin pozulması anlamına gəlmir. Trampın qərarı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə ziddir. Fələstin probleminin həlli ilə bağlı qətnamələri BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ABŞ da dəstəkləyib. Əks təqdirdə bu qətnamələr qəbul oluna bilməzdi. İndi Donald Tramp öz ölkəsinin səsinə, vaxtilə sərgilədiyi mövqeyə tüpürübsə biz nə üçün bu movqesizliyi dəstəkləməliyik? Azərbaycan nə etməlidir? Beynəlxalq hüququ, BMT qətnamələrini, vətəndaşlarının tapındığı dəyərləri, haqqı, ədaləti bir kənara qoyub ABŞ vətəndaşlarının 33-34 faizinin etimad göstərdiyi Trampın absurd qərarını müdafiə etməlidir?"
Politoloq Araz Aslanlı qeyd edir ki, Birləşmiş Ştatlar prezidenti Donald Trampın Qüdslə bağlı açıqlamasından sonra Azərbaycanda həm Trampın qərarı, həm də bu qərara münasibətimizin necə olmalı olduğu müzakirə edilir. Araz Aslanlının sözlərinə görə, ən qızğın müzakirə onun üstündə gedir ki, biz kimin tərəfini tutmalıyıq: " Ərəblərin (Fələstinin) yoxsa İsrailin? Belə görünür ki, Azərbaycandakı tərəflər Trampdan çox bir-birlərini ittiham edirlər. Hadisələrə sadə vətəndaş kimi müxtəlif prizmalardan baxmaq olar. Məsələn, sırf insani prizmadan, sadəcə bir insan kimi bu prizmadan baxdıqda, Trampın açıqlamasının BMT-nin qərarlarına, ümumiyyətlə beynəlxalq hüquqa zidd olduğu görünür və bu səbəbdən qınanması, rədd edilməsi, tənqid edilməsi normal qarşılana bilər. Bu prizmadan baxıldıqda ümumiyyətlə Fələstində baş verənləri insan hüquqlarının pozulması kimi qınamaq olar. Çünkü əksər hallarda burada xoş olmayan hadisələr baş verir, xoş olmayan mənzərələr ortaya çıxır, amma əksər hallarda bu mənzərələr xarici mediada lazımı qədər yer tutmur. Dini prizmadan, dini kimliyi ön planda tutaraq. Bu prizmadan hər kəs məsələyə öz dini inancına görə baxa bilər. Təbii ki, söhbət inananlardan gədir. Ölkəmizin əhalisinin əksəriyyəti özünü müsəlman kimi gördüyünə görə "din qardaşlarına qarşı atılan addımlar"ın onları narahat etməsi çox təbii qarşılana bilər. Milli-etnik kimliyi ön planda tutaraq: Dini amilləri bir kənara qoyub sadəcə milli-etnik kimliklə baxıldıqda ölkəmizdəki bəzi insanlar problemin Ərəblərlə-Yəhudilər arasında olduğunu, bizim başımıza da çox müsibətlər gətirildiyini, əvvəlcə öz halımıza yanmalı olduğumuzu düşünürlər. İdeoloji prizmadan baxıldıqda. İstər klassik mənada sağçı və ya solçu ideologiyayla, istər liberal baxışla ya da fərqli bir ideologiyayla baxılsın, sionizmi çıxmaq şərtiylə heç bir ideoloji baxış İsrailin təktərəfli genişləmə siyasətini və buna dəstək verən Birləşmiş Ştatların yanaşmalarını tam qəbul etmir; bu və ya digər dərəcədə tənqid edir. Kapitalist məntiqlə maddi mənfəətləri ön planda tutaraq. Burada artıq maddi maraqlar hər şeydən önə keçir. Sizin əməkdaşlıq etdiyiniz işadamlarının etnik və ya dini kimliyi bu məsələyə baxışınızda önəmli ola bilər. Ya da ola bilsin ki, mövqeyinizin müəyyənləşməsi tərəf müqabilinizlə birbaşa əlaqəli olmasın. Amma bir qədər də dərin düşünən birisiniz. Qüdslə bağlı baş verənlərin qlobal və regional iqtisadi proseslərə təsirindən yola çıxaraq mövqe müəyyənləşdirirsiniz. Bütün hallarda yenə də sizin mövqeyinizin müəyyənləşməsi iqtisadi marağınızla bağlıdır. Peşə və sənətin özünəməxsus prizmasından. Həkim kimi, müəllim kimi, iqtisadçi kimi özünəməxsus mövqeyiniz ola bilər. Amma xüsusilə ekspert kimi məsələyə xüsusi baxışınız da ola bilər. Məsələn, başqa sahələr barədə heç nə bilməyən bir politoloqsunuzsa, baş verənləri mediaya çıxmaq üçün fürsət kimi belə görə bilərsiniz". Politoloq deyir ki, bu siyahını bir qədər də uzatmaq olar. Amma aydın məsələdir ki, əksəriyyət xüsusi olaraq son proseslərə, ümumiyyətlə İsrail-Fələstin münaqişəsinə bu amillərin bir neçəsinin təsiri ilə, yəni, ümumən qarışıq prizmadan baxır: "Eyni zamanda hadisələrə qarışıq baxan prizmadan birisi üçün də konkret hallarda bu prizmalardan hansısa biri daha təsiredici ola bilər. Məsələn dəyək ki, ümumən proseslərlə elə də maraqlanmayan ya da maraqlandığı halda mənfi munasibət bildirməyən biri məsciddəykən dini hissləri alovlana, proseslərlə bağlı tənqidi fikirlər səsləndirməyə, hətta İsrailə nifrət etməyə başlaya bilər. Amma ertəsi gün Yəhudi bir işadamı ilə söhbət edərkən maddi maraqlar ön plana çıxar və ürəyində Fələstinlilər haqqında əvvəlcədən də sahib olduğu mənfi fikirlər alovlanmağa başlayar, bunu bir az da sərt formada Yəhudi işadami ilə söhbətində də deyər".
Bəs Azərbaycanın məsələ ilə bağlı rəsmi mövqeyi necə olmalıdır? Politoloq hesab edir ki, Azərbaycan bir dövlət kimi bütün məsələlərə münasibətini formalaşdırarkən vacib strateji maraqlarından çıxış etmək məcburiyyətindədir: "Bunların sıralanması təxminən belədir. Varlığını təminat altına almaq, müstəqilliyini gücləndirmək, ərazi bütövlüyünü təmin etmək. Bunlarla yanaşı ölkədə insan huquq və azadlıqlarının ən yuksək səviyyədə təmini, təhsilin, səhiyyənin, mədəni ehtiyaclarin ödənilməsi və ümumiyyətlə iqtisadi rifah səviyyəsinin yüksəldilməyə çalışılması və bənzər istiqamətlərdəki hədəflər də önəmlidir. Bu hədəflərə çatılması istiqamətindəki addımlar mümkün qədər bir-birləri üçün alternativ olmamalı, amma həqiqətən zərurət yarananda öncəliklər təbii ki, diqqətə alınmalıdır. Son hadisəyə də Azərbaycan dövləti məhz yuxarıdakı öncəlikləri əsasında yanaşmaq məcburiyyətindədir. Dövlət rəsmiləri beynəlxalq münasibətlər sisteminin xarakterinə baxaraq, mövcud prosesə reaksiyanın tərzinin bu münasibətlər sisteminə və ümumilikdə Azərbaycanın maraqlarına təsirini nəzərə alaraq, eyni zamanda bir qayda kimi "ölkənin dəmokratikliyinə paralel şəkildə daxili ictimaiyyətin tələblərini nəzərə alaraq" hərəkət etməlidirlər. Son proseslərin alovlandırıcısı olan Birləşmiş Ştatlar Azərbaycan üçün qlobal imkanları baxımından əhəmiyyətli dövlətdir. Balanslaşdırılmış xarici siyasətin formalaşdırılması və icrası baxımından Azərbaycana faydası dəyən dövlətlərdəndir. Amma Azərbaycan üçün nə müttəfiq, nə də düşmən kateqoriyasındadır. Müstəqilliyin bərpasının ilk illərində ABŞ-ın mövqeyini daha çox nəzərə alırdıq, amma getdikcə etiraz etməyə, qərarlarını tənqid etməyə başladıq. Son qərarı ilə bağlı olaraq Azərbaycanın Birləşmiş Ştatları beynəlxalq hüquq normalarına və BMT-nin qərarlarına hörmətlə yanaşmağa dəvət etməsi normal haldır. İsrail-Fələstin münaqişəsinin birbaşa tərəflərinə baxdıqda, İsrail Azərbaycanın müttəfiqi ya da düşməni deyil. Amma hərbi-təhlükəsizlik baxımından, eləcə də yəhudi lobbisi də daxil olmaqla digər bəzi istiqamətlər üzrə ikitərəfli münasibətlərdən faydalanmağa çalışırıq. İsrail həm də müəyyən məsələlərə görə Azərbaycana ehtiyac duyan, amma bizi daim bunun tam tərsinə inandırmağa çalışan bir dövlətdir. Fələstin də bizim düşmənimiz ya da müttəfqimiz deyil. Fələstinin sadəcə dini amilə görə müdafiə edilməsi də strateji cəhətdən əskik yanaşma olardı. Amma dini amil ilə yanaşı, İslam Əməkdaşlıq Təşkilatının Azərbaycan ərazlərinin Ermənistan tərəfindən isğalı (Qarabağ problemi) ilə bağlı mövqeyi, ümumiyyətlə Fələstinlilərə qarşı haqsızlıqlar və isğal kimi amillər bizim reaksiyamiza təsir edən amillərdir. Beləliklə Azərbaycan dövlətinin və ümumən cəmiyyətin son proseslər reaksiyası nə Ərəb düşmənliyi və Yəhudilərə sipmatiya, nə də Yəhudi düşmənliyi və sadəcə "İslam həmrəyliyi" çərçivəsində olmamalıdır. Rəsmi reaksiya balanslaşdırılmış xarici siyasətin ruhuna uyğunluq ilə yanaşı beynəlxalq hüquqa hörməti, bütün maraqlı tərəflərin Azərbaycanın məsələlərinə münasibətinə adekvatlığı, çevikliyi və gələcək addımlarımıza uyğunluğu da əks etdirməlidir... ".

Əli