Bodrumda Türk Zirvəsi... Siyasət

Bodrumda Türk Zirvəsi...

Arzu Nağıyev: "Regional əməkdaşlığın daha da genişləndirilməsinə səbəb olacaq"
Ramiz Alıyev: "Bu cür görüşlərin mütamadi təşkil olunması önəmli bir hadisə sayılmalıdır"

İyunun 4-də Bodrumda Türkdilli Dövlətlərin Xarici İşlər Nazirləri Şurasının toplantısı keçirilib. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun sədrlik etdiyi toplantıya Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Qazaxıstanın xarici işlər naziri Erlan İdrisov və Qırğızıstanın xarici işlər naziri Erlan Abdıldayev qatılıblar. Davudoğlu çıxışında bildirib ki, Türk Şurası qardaşlıq bağları üzərində qurulub: "İkinci vətəniniz olan Türkiyəyə xoş gəlmisiniz. Bodrumda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısını keçiririk. Builki zirvənin əsas mövzusu turizmdir. Turizmə göstərdiyimiz diqqət yalnız iqtisadi məsələ ilə əlaqədar deyil. Biz turizmi eyni dili danışan, mədəniyyəti, adət-ənənələri eyni olan ölkələrimizin daha yaxınlaşması baxımından bir vasitə hesab edirik. Əsrlər boyu "İpək Yolu"nun bir parçası olmuşuq. Bəşəriyyət və xalqlar arasında əlaqələrin yaranması və inkişafında "İpək Yolu"nun böyük rolu olub".
Davudoğlu müxtəlif dövlətləri olsa da, türk dilində danışanların eyni millət olduğunu vurğulayıb: "Bizim birliklərimiz heç bir bloka, heç bir millətə qarşı deyil, rəqabət məqsədi daşımır, əksinə əsrlərlə bir yerdə yaşamış xalqlarımızın tale birliyidir".
Politoloq Rasim Musəbəyov türk dövlət başçıların görüşünü şərh edərkən bildirib ki, hələlik hər hansı bir türk birliyindən danışmaq tezdir: "Hazırda Qırğızıstan Qazaxıstanın bu yaxınlarda daxil olduğu Avrasiya İttfaqına qoşulmaq istəyir. Qazaxıstan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı dəstəkləyir. Türkiyə də öz sərhədlərini açmır".
Politoloq Natiq Miri deyib ki, türk cümhuriyyətlərinin toplantısı hələlik ciddi geosiyasi hadisəyə çevrilə bilmir: "Çünki ideoloji aparıcı dövlət yoxdur. Hər şey yalnız görüntüyə hesablanıb deyə, nə regional, nə də qlobal rezonansa səbəb olmur...".
Politoloq Arzu Nağıyev bildirdi ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısı türkdilli dövlətlər arasında regional əməkdaşlığın daha da genişləndirilməsinə səbəb olacaq: "Əsas məsələlərdən biri də ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsinin aparılmasıdır. Məlumdur ki, Azərbaycan və Türkmənistan prezidentlərinin görüşündə enerji təhlükəsizliyi və nəqliyyat şəbəkələrinin daha da möhkəmləndirilməsi, siyasi məsələlərdə beynəlxalq səviyyədə bir-birini dəstəkləmə, ticari- iqtisadi məslələrinin daha da genişlənməsi, Bakı sammitinin davamı olaraq Xəzər dənizinin statusunun müəyyənləşdirilməsi istiqamətində irəliləyişlər və bir sıra humanitar və mədəni sahədə danışıqlar öz əksini tapdı. Bununla yanaşı Azərbaycan və Qazaxıstan, Azərbaycan və Türkiyə prezidentlərinin görüşlərində ölkələr arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə inkişafı müzakirə edildi. Bundan başqa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş fikir mübadiləsi də aparıldı. Avrasiya Ali İqtisadi Şurasının iclasında Ermənistanın Gömrük İttifaqına üzvlüyü ilə bağlı Azərbaycanın mövqeyini dəstəklədiyinə görə Nursultan Nazarbayevə Azərbaycan Prezidenti öz adından və xalqımızın adından təşəkkürünü bildirdi. Diqqət çəkən məqamlardan biri də Türkiyə Xarici işlər naziri Əhməd Davudoğlunun bəyanatı oldu. Belə ki, o öz çıxışında görüşün heç də hər hansı hərbi blok kimi qəbul edilməməsini və bununla kimi isə qıcıqlandırmaq istəmək məqsədininn güdülməməsini bəyan etdi".
Millət vəkili Jalə Əliyeva isə hesab edir ki, hər bir millət öz kökünə bağlılığını qorumaqla inkişaf edir, bu baxımdan xalqımız milli-mənəvi, tarixi dəyərlərinə istinad etməklə inkişafını həyata keçirir: "Bilirsiniz ki, türk dövlətləri arasında daha çox Azərbaycan və Türkiyə dərin münasibətlərə malikdir. Dövlətlərimiz arasında münasibətlər dostluq və qardaşlıq prinsiplərinə əsaslanır".
J.Əliyeva bildirib ki, Azərbaycanın digər türkdilli ölkələrlə yaxşı əlaqələri mövcuddur. Onun sözlərinə görə, ölkəmiz bütün türkdilli dövlətlər arasında əlaqələrin daha da dərinləşməsinə maraqlıdır: "Son illər bölgədə strateji layihələr həyata keçirilir və bu layihələrin reallaşmasında Azərbaycan xüsusi rol oynayır. Son zamanlar Azərbaycanla Türkiyə arasında neft-qaz sahəsində mühüm sənədlər imzalanıb və bu layihələr dövlətlərimizin nəinki bölgədə, bütün dünyada mövqelərinin güclənməsinə xidmət edir. Onu da qeyd edim ki, Mərkəzi Asiyada yerləşən türk dövlətləri də böyük təbii sərvətlərə malikdir və onlar da daha güclü olmaq üçün bu amildən istifadə edə bilərlər. Türk dövlətləri öz birliyini gücləndirmək üçün vahid enerji layihələrini həyata keçirə bilər. Təbii ki, bu faktor siyasi cəhətdən də böyük əhəmiyyət kəsb edər və türk xalqlarının daha dərin əlaqələrinə səbəb ola bilər. Həmçinin, bununla da dünyada türkdilli ölkələrdən ibarət yeni bir güc mərkəzi formalaşması reallığa çevriləcək".
Politoloq Ramiz Alıyev dedi ki, bu cür görüşlərin mütamadi təşkil olunması həm Türk Dünyası, həm də beynəlxalq aləm üçün önəmli bir hadisə sayılmalıdır: "Ona görə ki, bütün dönəmlərdə türk dövlətləri hər zaman sülhün və sabitliyin olmasını, dövlətlərin ərazi bütövlüyününə hörmətlə yanaşılmasına dətək verib, terrorizmə, faşizmə, haqsızlığa qarşı çıxıblar. Bu görüşlər təbii ki, ən çox türk xalqları üçün vacib və önəmlidir. Azərbaycan xarici siyasətində hər zaman türk dövlətləri ilə qardaşlıq münasibətində olub və onları bütün təşkilatlarda dəstəkləyib. Hər zaman Türk birliyinin olması təşəbbüsü kimi çıxış edib və bu baxımdan olan bütün təklifləri dəstəkləyib. Hesab edirəm ki, türk birliyi yaranarsa və münasibətlər daha da yaxşı olarsa bundan ən çox qazanan məhz türk xalqları olar. Bu yaxınlarda Nursultan Nazarbayevə Avrasiya Ali İqtisadi Şurasının iclasında Ermənistanın Gömrük İttifaqına üzvlüyü ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləməsi ölkəmiz üçün çox önəmli bir hadisədir. Və eyni zamanda Ermənistanın Azərbaycanın tarixi torpaqlarını işğal etməsindən sonra Türkiyənin Ermənistanla sərhəddini bağlaması və əməkdaşığı dayandırması yalnız qardaşlar üçün atılan bir addımdır. Amma daha qətiyyətli addımlar da atmaq mümkündür. Beləki türk dövləti qərar qəbul edib işğalçı ermənistanla bütün əlaqələri kəsə bilə və bu Ermənistana təzyiqlərə başlayar. Necə ki qardaş Türkiyə 20 ildən artıqdır öz qardaşlığın bu formada da nümayiş etdirir. Hesab edirəm ki, gələcəkdə digər türk dövlətləri də qardaşlıq nümayiş etdirərərk Ermənistana qarşı daha qətiyyətli addımlar atacaqlar".

Əli