“Fevral ermənilərin genetikasında olan və psixoloji durumlarına təsir edən aydır” Siyasət

“Fevral ermənilərin genetikasında olan və psixoloji durumlarına təsir edən aydır”

Mübariz Əhmədoğlu: Ermənilər fevral ayını "Sumqayıt qırğınları" kimi təqdim etmək istəyirlər"

"Sumqayıt hadisələrinədək Ermənistan SSR-dən azərbaycanlılar qovulmuşdu, ermənilər Qarabağda ilk qanı tökmüşdülər". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. Politoloqun sözlərinə görə, fevral ayı ermənilərin genetikasında olan və psixoloji durumlarına təsir edən aydır: "Bunun səbəbləri barədə danışmaq fikrimiz yoxdur. Amma Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra hər il ermənilər fevral ayını "Sumqayıt qırğınları" kimi təqdim etmək istəyirlər. Bu istiqamətdə külli miqdarda siyasi resurs xərcləyirlər. Əslində fevral ayı ermənilərin özlərinin törətdiyi çoxlu cinayətlərlə tanınır: Dağlıq Qarabağda ilk mitinqlər fevral ayında başlayıb; Dağlıq Qarabağın Azərbaycan SSR-nin tərkibindən çıxıb Ermənistan SSR-nin tərkibinə keçməklə bağlı qərarı da fevrala ayında verilib; Ermənilər Dağlıq Qarabağ münaqişəsi regionunda ilk qanı da fevral ayında tökdülər; Xocalı soyqırımı da fevral ayında baş verib; Məhz bu hadisələri kölgəyə salmaq üçün ermənilər Sumqayıt hadisələrini qabardırlar. Çünki Sumqayıt hadisələri baş verəndə beynəlxalq ictimaiyyət məlumatları ermənilərdən alırdı. Azərbaycandan fərqli olaraq Ermənistan o dövrdə dünya mediasına qat-qat yaxın idi. Ona görə də ermənilər ilkin rəyi özləri bildiyi qaydada formalaşdıra bildilər. Reallıqda isə Ermənistan SSR-də avtoxton azərbaycanlılara qarşı hücumlar çoxdan başlamışdı. Sumqayıt hadisələrindən (fevral 1988-ci il) iki ay qabaq Ermənistan SSR-dən 240 minlik azərbaycanlı əhali deportasiya olundu. 1987-ci ilin dekabrın 24-də ermənilər bu deportasiyanı başa çatdırdılar. Azərbaycanlıları Ermənistan SSR-dən deportasiya etmək üçün onların yaşadığı ərazilərdə kütləvi qırğınlar törədildi. Kütləvi qırğınlar Ermənistan SSR-nin Quqark və Masis rayonlarında bu daha vəhşiliklə icra edilmişdi. Ermənilər hədsiz çox yalan danışıblar. İndi yalan da onlardan bezib. Bəzən yalan hətta Serj Sərkisyanla da müttəfiqlik etmir".
Mübariz Əhmədoğlu həmçinin deyib ki, Dağıstanla iqtisadi əlaqələri gücləndirməkdə İranın tarixə söykənili siyasi maraqlarının olduğunu ehtimal etmək olar. Mərkəz sədrinin sözlərinə görə, Şimali Qafqaz regionu üzrə Kremlin apardığı siyasətin bir qisim nəticələri tədricən üzə çıxır: "İlk əvvəl yalnız Çeçenistan beynəlxalq əlaqələrlə məşğul idi. Çeçenistanın başçısı R.Kadırovun qurduğu əlaqələrin böyük əksəriyyəti Ərəb dövlətləri, xüsusilə Səudiyyə Ərəbistanı ilə idi. Belə vəziyyət Çeçenistana ümumilikdə Şimali Qafqaza xüsusi mövqe qazandırırdı. Ehtimal ki, bunun qarşısını almaq üçün Kreml digər iki regionu - İnquşetiya və Dağıstanı da beynəlxalq əlaqələr prizmasından aktuallaşdırdı. İnquşetiya həm Suriya, həm də Səudiyyə Ərəbistanında iş aparmağa başlayıb. Bu faktiki olaraq Çeçenistanın payına şərik olma anlamındadır. İnquşetiyanın Suriyadakı proseslərə qoşulma payının artması çox ehtimal olunandır. Dağıstan isə hələlik yalnız İranla əlaqələrə malikdir. Dağıstandan İrana mal və qoyun əti göndərilməsi işi qurulub. Hər ay 600-700 ton soyudulmuş ətin göndərilməsi işi qurulub. Bu işlər Gizlər ət kombinatında görülür. Dağıstan respublikasının İrandakı ticarət təmsilçisi Emin Əliyev bu işin perspektivinə inanır: İranda ət çox bahadır. O hal-hazırda dondurulmuş halda Argentina və Braziliyadan gətirilir. İranda sanitar tələblər çox sərtdir. Digər dövlətlərdə belə tələb yoxdur. E.Əliyevin digər açıqlamasına görə İran Dağıstanda kənd təsərrüfatı məhsullarının emalı müəssisələrini aça bilər. Yaxınlarda Mazandaran, Gülüstan, Şərqi və Qərbi Azərbaycan əyalətləri ilə belə sənədlər imzalanacaq. İnvestisiya İranın olduğu üçün bütün birgə müəssisələr də xalis İrana məxsus olacaqdır. İran Dağıstanda düyü yetişdirəcəkdir. Ticarət nümayəndəsinin fikrincə, Dağıstan İrandan böyük turist axını gözləyir. Tehranla Mahaçkala arasında aviareysin olmaması bu işi yubadır. Ehtimal ki, Dağıstanla iqtisadi əlaqələri gücləndirməkdə İranın tarixə söykənən siyasi maraqları da var".