“Beynəlxalq birlik üçüncü dünya müharibəsinin astanasındadır” Siyasət

“Beynəlxalq birlik üçüncü dünya müharibəsinin astanasındadır”

Piter Teys: "Avropa İttifaqının Xocalı soyqırımına səssiz qalması böyük səhvdir"

"Xocalı soyqırımı dünya tarixində faciəvi səhifə və Azərbaycan vətəndaşlarının həyatında ağrılı təcrübədir. Beynəlxalq birlik geriyə baxmalı və Ermənistan Silahlı Qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımın unudulmasının necə bağışlanılmaz səhv olduğunu anlamalıdır". Bu fikirləri ABŞ-dan olan siyasi ekspert Piter Teys bildirib. O qeyd edib ki, soyqırım nəticəsində 670-dən çox insan qətlə yetirilib, 3 mindən çox uşaq, qadın, qoca bu faciənin ağır təsirinə məruz qalıb: "Hesab edirəm ki, Ermənistan prezidenti Serj Sarkisyan və onun köməkçiləri ilk öncə ədalətə çağırılmalı, beynəlxalq birlik ikili standartlar tətbiq etməkdən çəkinməlidir. Azərbaycanın ərazi bütövlüyü dərhal təmin edilməlidir".
Ekspertin sözlərinə görə, beynəlxalq birlik üçüncü dünya müharibəsinin astanasındadır, çünki Xocalı soyqırımı kimi insanlığa qarşı törədilmiş cinayətlərə və onların səbəblərinə, Suriyadakı müharibəyə lazımi diqqət ayrılmayıb: "Avropa İttifaqının Xocalı soyqırımına səssiz qalması böyük səhvdir və bu onların azərbaycanlıların əzablarına qarşı ikili standart nümayiş etdirməsinin göstəricisidir".
P. Teys sonda əlavə edib ki, 2016-cı ildə Almaniya parlamenti, 2018-ci ildə isə Niderland parlamenti uydurma erməni soyqırımıyla bağlı sənəd qəbul etdi: "Düşünürəm ki, bu iki addım Avropa üçün böyük səhvdir".