“Qərbin sanksiyaları Putinin yolunu bağlayıb” Siyasət

“Qərbin sanksiyaları Putinin yolunu bağlayıb”

Elxan Şahinoğlu: "Mövcud şərtlər daxilində Kreml sahibinin səfər edəsi yeri çox deyil"

Elçin Xalidbəyli: "NATO ikinci ən güclü ordusunu itirmək üzrədir"

Rusiya prezidenti Vladimir Putin seçkilərədn sonra ilk rəsmik səfərini Türkiyəyə edib. Səfər çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında görüş keçirilib. Görüşdən prezidentlər mətbuat konfransında danışıqlar barədə məlumat verməklə yanaşı jurnalistlərin də suallarını cavablandırıblar.
Ərdoğan Rusiya prezidentinin prezident seçkilərindən sonra xarici dövlətlər arasında ilk rəsmi səfəri məhz Türkiyəyə etdiyini də qeyd edib: "Bugünkü görüşün əsas məsədi Atom Elektrik Stansiyasının təməlinin qoyulması ilə bağlı idi. Bu da gerçəkləşdi. Akkuyu layihəsində hədəfimiz təxminən 20 milyard dollardır, ama bunu 100 milyard dollara qədər artırmaq istəyirik".
Putinin ilk rəsmi səfərinin Türkiyəyə etməsi beynəlxalq ekspertlərin də diqqətindən qaçmayıb. Rusiya prezidentinin bu addımı müxtəlif aspektlərən dəyərləndirilir.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Rusiya prezidenti Vladimir Putin prezident seçildikdən sonra ilk xarici səfərini Türkiyəyə reallaşdırdı: "Bu Putinin həm Türkiyə ilə münasibətlərə verdiyi dəyərlə bağlıdır, həm də doğrusu mövcud şərtlər daxilində Kreml sahibi üçün səfər edəsi yer də çox deyil". Onun sözlərinə görə, Qərbin sanksiyaları Putinin yolunu bir çox Avropa ölkəsinə bağlayıb: "Türkiyədə isə "Akkuyu" kimi dəyəri 20 milyard dollar olan atom elektrik stansiyasının təməl daşı qoyuldu, S-400 raketlərinin satışı da tamamlandı, üstəgəl Putin Rusiya qazını Türkiyəyə və oradan Avropaya daşıyacaq "Türk axını" boru xəttinin sürətli tikintisindən də razıdır. Ankara üçün vacib olan məqamlardan biri də Rusiyanın Türkiyə ordusunun Suriyada hərbi əməliyyata qarışmamasıdır. Ancaq Putin Ankaradakı ortaq mətbuat konfransında türkiyəli jurnalistlərdən birinin sualı üzərinə PYD və YPG-nin adını çəkməkdən yayındı, tam əksinə dedi ki, Suriyanın yenidən qurulmasında kürdlərin də rolu olmalıdır. Yəni bu cavab Ərdoğanı, türklər demişkən, təxmin etmədi. Olsun, əsas odur ki, Rusiya Amerika kimi Türkiyənin Suriyadakı hərbi əməliyyata mane olmaq istəmir. Ankaraya da elə bu lazımdır".
Siyasi Şərhçi Elçin Xalidbəyli dedi ki, Türkiyə-Rusiya münasibətləri strateji müttəfiqliyə doğru irəliləyir. Onun fikrincə, Rəsmi Ankara öz ənənəvi müttəfiqlərinin Türkiyəni parçalamaq planlarından əl çəkmədiklərini anladığı andan yeni siyasi kursa yönəlib: "Türkiyə NATO-dakı müttəfiqlərinin rəqibi olan dövlətlərlə münasibətlərinə yenidən baxır, yeni keyfiyyətə yönəldir.
Doğru siyasətdir, artıq kifayət qədər ciddi təsirləri də var. NATO-da narahatdırlar. Bu hərb-siyasi alyans öz tərkibinə daxil olan 2-ci ən güclü ordunu - Türkiyə ordusunu itirmək üzrədir. Türkiyə NATO tarixində ilk dəfə olaraq, bu quruma üzv olmayan, üstəlik, hətta düşmən olan bir dövlətdən silah almaq qərarı verib. Rusiya Türkiyəyə satacağı S-400 raketlərini nəzərdə tutulduğu vaxtdan xeyli əvvəl - 2019-cu ilin iyul ayında göndərməyə razılaşıb.
Önəmli razılaşmadır. Ağ Evdə Türkiyə-Rusiya münasibətlərinin belə intensiv inkişafı çaşqınlıqla qarşılanmaqdadır. Hər halda, verilən reaksiyalardan bu açıq-aşkar müşahidə edilir. Hələ bu sıraya Rusiyanın Türkiyə AES tikməyə başlamasını da əlavə etmək olar. Bu proses belə uğurla inkişaf etməkdə davam edərsə, Türkiyənin yaxın gələcəkdə hətta yeni nüvə dövlətinə çevrilə biləcəyi də qətiyyən istisna deyil.
Nəhayət, Türkiyə-Rusiya münasibətlərinin belə intensiv inkişafı (Çinin də böyük sürətlə gücləndiyi bir dövrdə), dünyanı "demokratiya nağılları" ilə uyutub, hökmranlıq edən ABŞ-ın beynəlxalq hegemoniyasını da aradan qaldıra bilər.
Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti Rusif Məmmədov bildirib ki, bu görüşün küçirilməsində əsas məqsəd AES lərlə bağlı olsada hər iki ölkənin liderlərinin ikili görüşməsi zamanı yalnız bu məsələnin deyil Suriyanın da gələcək taleyi barədə müzakirələr aparılıb: "Düşünürəm ki, Rusiya üçün hər şeydən vacib məsələ vardı ki, bu da sanksiyalar zamanı Türkiyənin dəstəyindən istifadə edərək, Qərb bloku qarşısında tək olmadığının bir nümayişi idi.
Qeyd etmək istərdim ki, Rusiyanın Türkiyəyə hal hazırda nə qədər ehtiyacı varsa, Türkiyənin də Rusiyaya müəyyən mənada ehtiyacı var. Əvvəla iki ölkə arasında hərbi, iqtisadi və siyasi əlaqələr yüksək səviyyədədir. Digər yandan isə sanksiyalar qarşısında qalan Rusiyanın Türkiyə kimi güclü bir dövlətlə müttəfiqlik etməsi artıq ABŞ-a bir mesajdır ki, bundan sonra da ABŞ-ın ata biləcəyi müəyyən addımların nəticələrini daha dərindən analiz etməli olacaq". Onun sözlərinə görə, Türkiyə Rusiyaya qarşı yönəlmiş sanksiyalara qoşulmadı: "Hətta əlaqələrini daha da möhkəmləndirdi ki, bu da əbəs deyildi. Çünki həm strateji müttəfiqi, həm də NATO çərçivəsində müttəfiq olduğu ABŞ ın Suriya məsələsində xəyanətini gördükdən sonra bu addımlar gözlənilən idi. Qərb tərəfindən daima Türkiyəyə Rusiya təhlükəlidir və.s kimi ifadələr işlədərək bir növ Türkiyəni uzaqlaşdırmağa çalışırdılar. Bugünkü görüşdə bir sıra maraqlı, eyni zamanda ultimatum xarakterli ifadələr eşitdik. Məsələn: Ərdoğanın çıxışı zamanı əsas diqqətimi çəkən məqam Putinə tez-tez dəyərli dostum deyə müraciət etməsi idi. Bunu da əslində ABŞ-a və eyni zamanda Rusiyaya qarşı sanksiyaları davam etdirən Avropaya incə mesaj kimi qiymətləndirirəm. Digər bir nüans isə, jurnalistin verdiyi suala Türkiyə prezidentinin özündən əmin bir şəkildə cavablandırması idi. Sual isə S-400 lərlə bağlı idi. Ərdoğan isə cavabında qısa və konkret olaraq belə bir cavab verdi: "Biz bildiyiniz kimi s400 lərlə bağlı müqavilələri imzalamışıq, danışıqlarımızı aparmışıq və bu iş bizim üçün artıq bitmişdir" dedi. S-400 lərlə bağlı ABŞ-da ardı arası kəsilməyən çıxışlar, Türkiyəni seçim qarşısında qoyulduğu zaman, ABŞ-ın müttəfiqliyə can atdığı və Rusiya Türkiyə müttəfiqliyinə qarşı hər bir varianta əl atdığı bir zamanda əslində Türkiyə mədəni olaraq "rədd" cavabı verərək, Rusiyanı seçdi.
Hesab edirəm ki, bu addım da Türkiyənin gələcək taleyi üçün düzgündür. Qeyd etdiyim kimi, ABŞ Türkiyəyə bir sıra jestlər etməyə hazır idi ki, Rusiya ilə müttəfiqliyə getməsin, hətta Menbicdən hərbiçilərini belə geri çəkdi ki, bununla da Türkiyəni geri qazanmaq məqsədi güdürdü, lakin " artıq gecdir". Ərdoğan sözlərinə diqqətlə yanaşsaq əslində ifadələrinin altında "güc göstərisi" edir ki, bununla da demək istəyir ki, Menbicdən çəkilsəz də çəkilməsəz də bizim üçün fərqi yoxdur! Bəs bu razılaşma region, eyni zamanda Azərbaycan üçün nə vəd edir? Bunun cavabını isə sabah İran, Türkiyə və Rusiya prezidentləri arasında baş tutacaq "zirvə görüşündən" sonra münasibət bildirmək olar".
Politoloq Zaur Məmmədov deyib ki, Qərb və Rusiya arasında son zamanlar baş verənlər münasibətlərin daha da soyumasından xəbər verir: "Faktiki olaraq dünən soyuq müharibə zamanı baş verənlər, bu gün yenə də təkrarlanmaqdadır". O vurğulayıb ki, belə bir vəziyyətdə Rusiyanın müttəfiqlərə ehtiyacı var. Politoloqun fikrincə, bu müttəfiqlər Rusiya yaxınlığında yerləşən güclü region dövlətləri olmalıdır: "Rusiyanın Qərb hissəsi tamamilə itirilmişdir. Qara dəniz bölgəsində isə, Türkiyə kimi regionun dərin dövləti var. İndiki halda Moskvaya Ankaranın itirilməsi çox ağır başa gələ bilər".
Zaur Məmmədovun fikrincə, Türkiyə vəziyyətdən istifadə edərək Suriyada, İraqda, Qafqazda öz maraqlarının reallaşması istiqamətində istəklərini dərhal həyata keçirilməsi üçün hərəkətlənməlidir: "Rusiya-Türkiyə yaxınlaşması Azərbaycan üçün də çox vacibdir. Dünəndən xəbərlər yayılıb ki, Rusiyanın ermənilərə verəcəyi İsgəndərləri Yerevan bizimlə sərhəd ərazilərə yerləşdirəcək. Bu arzuolunmaz, eskalasiyanı artıra biləcək bir addımdır. Ümumilikdə, regionda İran-Rusiya-Türkiyə üçbucağının yaranması müddətli məsələdir".
Politoloq qeyd edib ki, İran və Türkiyə arasında dost münasibətlərinin olacağı real deyil. Onlar hər zaman rəqib olublar belə də davam edəcək: "Sadəcə indi hər ikisinin başı daxili problemlərə və Suriyaya qarışıb. O məsələlər həllini tapan kimi tərəflər arasında vəziyyət çox gərginləşəcək, münasibətlər münaqişə mərhələsinə qədəm qoyacaq. O ki qaldı, Rusiya-Türkiyə münasibətlərinə, tərəflər bir-birinin maraqlarını nəzərə almaqla, kompromisə getməkdə bir çox məqsədlərinə nail ola bilərlər".

Əli