“Aİ-nın Ermənistan nümayəndəliyi korrupsiya ilə məşğul olurmuş” Siyasət

“Aİ-nın Ermənistan nümayəndəliyi korrupsiya ilə məşğul olurmuş”

Mübariz Əhmədoğlu: "Təxminən açıqlanan rəqəm 907 milyon dram hüdudlarındadır"

"Avropa İttifaqının Ermənistandakı nümayəndəliyi aprelin 18-i gecə yarısı və bazar günü, aprelin 22-də Ermənistandakı mitinqlərə münasibət bildirən bəyanatlar yaydı. Bəyanatda diqqət çəkən bir fikir var idi ki, Ermənistan hökuməti ictimai təhlükəsizlik naminə əndazəni aşmayan həddə qanunu tətbiq edə bilər". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. Onun sözlərinə görə, P.Svitalski bu bəyanatı ilə Ermənistan hökumətinə mitinqlərdə dinc nümayişçilərə zorakılıq tətbiq etmək ixtiyarını verdi: "Aİ-nin bu mövqeyi ABŞ və digər Qərb dövlətlərinin mövqeyindən fərqlənir. Bu vaxtadək Ermənistanın demokratiya, mətbuat azadlığı və insan hüquqları sahəsində ki, qüsurlarının görünməməsində ən əsas rol Aİ-nin Ermənistan üzrə təmsilçiliyinə məxsus olub. Bu işi P.Svitalski daha artıqlaması ilə yerinə yetirib. Təbii ki, səbəbsiz deyil. Svitalskinin dövründə aşkarlanan faktlara görə Aİ-nin Ermənistan nümayəndəliyi külli miqdarda korrupsiya ilə məşğul olurmuş. Təxminən açıqlanan rəqəm 907 milyon dram hüdudlarındadır. Bu isə təxminən 2 milyon dollar deməkdir. Aİ-nin Yerevan ofisinin ofis meneceri Marine Papyanın seyfindən çıxan pulun miqdarı da təxminən elə bu qədər idi. Nəzərə almaq lazımdır ki, Ermənistanda hətta bankların kassasında 2 milyon dollar nağd pul olmur. Aİ-nin Ermənistan üzrə nümayəndəliyi Ermənistanın vacib maliyyə mərkəzlərindən biri imiş. Həm də bu işi o qeyri-rəsmi şəkildə görürmüş. Təbii ki, Svitalskinin bu faktları açıqlamaqda məqsədi özünün fərdi fəaliyyətini gizlətməkdir. Çünki özünün Ermənistan hökuməti ilə özəl münasibətləri var. Məhz bu səbəbdən də Aİ Ermənistanda yaranan proseslərə ayrı gözlə baxır. Svitalski və Svitalski kimilərin əsaslandırması da çox sadədir. Guya Ermənistan regionda xristianlıq uğrunda aktiv mübarizə aparan yeganə dövlətdir. Müsəlman dövlətlərinin qovşağında yerləşdirilib. Serj Sərkisyanın apardığı dövlət siyasəti də buna əsas yaradır. Ehtimal ki, P.Svitalski rəhbərliyinə göndərdiyi hesabatlarda S.Sərkisyanı az qala Həzrəti İsa kimi təqdim edib. Həsrəti Məsih kimi qəbul etməyən şəxslərə isə S.Sərkisyanı Həzrəti İsanın 13-cü həvarisi və yaxud 13-cü Apostolu kimi təqdim edib. P.Svitalskinin bu mövqeyi Avropa diplomatları, siyasətçiləri arasında özünə geniş yer tapıb. Xüsusən nəzərə almaq lazımdır ki, bu mövqenin irəliləməsində S.Sərkisyanın ayırdığı pulun da böyük rolu olub. Ona görə Avropa diplomatlarının əksəriyyəti heç də hər ermənin deyil, pulu olan və dini yanaşması olan ermənini dağ başına qaldırmağa hazırdırlar və S.Sərkisyan bunun əyani misalıdır. P.Svitalski üçün maraqlı deyil erməni xalqı inkişafdadır və yaxud inkişafda deyil, erməni xalqı geri gedir və ya irəliləyir. Svitalskinin dövründə Ermənistanın xarici borcu ÜDM-in 50 faizini ötüb keçib. Amma bunun erməni xalqına necə təsir etdiyi onun üçün maraqlı deyil. Maraqlı odur ki, S.Sərkisyanın dediyinə görə Ermənistan inkişaf edir. P.Svitalski də belə düşünür ki, Ermənistan inkişaf edir. Çünki S.Sərkisyanın pulu P.Svitalski üçün də əlçatandır və mitinqləri qırdırmaq icazəsini verməklə P.Svitalskinin şəxsi bank hesablarında yəqin ki, ciddi dəyişikliklər olacaq. Amma diasporun mitinqlərə münasibəti P.Svitalskinin vətəni olan Polşada ona qarşı mitinqləri də aktuallaşdırır".