Moskva İrəvana müdaxilə edir Siyasət

Moskva İrəvana müdaxilə edir

Moskva öz adamı Karen Karapetyanın vəziyyəti nəzarət altına ala bilmədiyini gördükdən sonra Ermənistandakı proseslərə müdaxilə etməyə başlayıb.
Bu sözləri politoloq Şahin Cəfərli qeyd edib. O bildirib ki, Putin Ermənistanda hadisələrin inkişafından narahatdır:
"Putin Prezident Armen Sərkisyanla danışmışdı. Sonra Xarici İşlər naziri Nalbəndyan Moskvaya çağırıldı. Bu gün isə Putin və Karapetyan arasında telefon danışığı oldu. Bu barədə Kreml tərəfindən yayılan məlumatda aşağıdakı cümlə diqqət çəkir: "Ermənistandakı böhran 2017-ci ilin aprelindəki legitim (halbuki aksiyalar seçkilərin saxtalaşdırıldığı və qeyri-legitim olduğunun nəticəsidir - red.) parlament seçkilərinin nəticələri əsasında həllini tapmalıdır".
Politoloq bu cümlədəki fikri izah edib:
"Son parlament seçkilərində Serj Sərkisyanın Respublika Partiyası 49% səslə qalib gəlib və 105 yerlik parlamentdə 58 mandat qazanıb. Daşnakların 7 deputatı ilə birlikdə hakim çoxluq formalaşdırılıb. Nikol Paşinyanın daxil olduğu Yelk (Çıxış) Bloku isə 7,8% səslə 9 yer əldə edib. İndi Paşinyan deyir ki, baş nazir özüm olmalıyam və ölkəni erkən seçkilərə mən aparmalıyam. Putin isə yuxarıdakı cümlə ilə anlatmağa çalışır ki, son seçkilərin nəticələri əsasında formalaşmış konfiqurasiya pozulmamalıdır, yəni baş nazir Paşinyan yox, məhz çoxluğa malik RP-nin təmsilçisi, Karen Karapetyan olmalıdır".
Politoloq vurğulayıb ki, əgər baş nazir Karapetyan olsa, o, hazırda dağılmış, demotivə olmuş, oriyentasiyasını itirmiş hakimiyyət komandasını seçkilərə qədər toparlamağa, özünü güc strukturları başda olmaqla, bürokratik aparata qəbul etdirməyə və beləliklə, seçkilərə güclü şəkildə girib, admin-resursu işə salmaqla yenidən RP-nin qələbəsini təmin etməyə çalışacaq:
"Paşinyan bunu çox yaxşı anladığı üçün RP-nin dərhal iqtidardan çəkilərək hakimiyyəti xalqın nümayəndəsinə təhvil verməyi tələb edir. Rusiya artıq mövqeyini ortaya qoydu. Moskva Paşinyanı istəmir".
İqtisadçı Natiq Cəfərli isə deyib ki, Ermənistandan kapital axını getdikcə daha da artacaq.
Ekspert yeni hökumət formalaşanadək və seçkilər keçirilənədək Ermənistanda qeyri- sabitliyin davam edəcəyini deyib:
"İstənilən ölkədə qarışıqlıq və inqilabi proseslər baş verdikdə kapital axını başlayır. Sərkisyan və yaxınları gələcəkdə onlarla bağlı hər hansı cinayət işinin açılmasından ehtiyat edərək çox ciddi korrupsiya yolları ilə əldə etdikləri vəsaitləri ölkədən çıxarırlar. Digər normal və sağlam investorlar isə Ermənistanda hansı hökumətin qurulacağını hələ tam anlaya bilmirlər, ona görə də aranın daha da qarışa biləcəyini düşünərək öz kapitallarını qorumaq üçün investisiyalarla bağlı əvvəl verdikləri qərarlardan imtina edirlər. Bu da təbiidir, çünki gələcəkdə qurulacaq hökumətin atacağı addımlar nəticəsində biznesin fəaliyyətində hansı yenilik və ya çətinliklərin olacağı bəlli deyil. Belə məqamlarda kapital bu mövzulara daha həssas olduğundan özünü qorumağa çalışır. Ermənistanda son zamanlar baş verən hadisələr bunun bariz sübutudur. Bu qeyri-sabitlik nəticəsində də nəinki yaxın zamanlarda, gələcəkdə də Ermənistandan kapitalı axını artacaq. Çünki prosesə Sərkisyan rejiminə yaxın olan və onun vasitəsilə korrupsiya sxemləri ilə milyonlar qazanan insanlar da qoşulacaq".
İqtisadçı siyasi destabilizasiya ilə yanaşı, iqtisadiyyatı çökməkdə olan Ermənistanda daxili vəziyyətin daha da pisləşəcəyini bildirib:
"Ermənistanda iqtisadi vəziyyət o qədər də ürəkaçan deyildi, ölkə iqtisadiyyatının az qala 70 faizindən çoxu Rusiyadan asılı vəziyyətdədir. Ermənistanda ÜDM kifayət qədər kiçik həcmdədir və əhalinin minimum əmək haqqından tutmuş təqaüdlərin səviyyəsinə, maaşlara qədər ölkə MDB məkanında ən aşağı səviyyələrdən birindədir. Son hadisələrdən sonra ölkədən kapitalın axının sürətlənməsi Ermənistanda yeni iş yerlərinin bağlanmasına, iqtisadi aktivliyin zəifləməsinə səbəb olacaq. Çox güman ki, Ermənistanın milli valyutası dram daha da dəyərsizləşəcək. Artıq proses başlayıb və ölkədə iqtisadi vəziyyət daha da pisləşəcək".
Qeyd edək ki, "Qraparak" qəzetinin iddiasına görə, Ermənistandan son bir neçə gündə kapital axını artıb. Bəzi investorlar isə ölkəyə yatırım niyyətlərindən müvəqqəti imtina etməli olublar.