“ABŞ-İran, paralel olaraq İsrail-İran siyasi qarşıdurması dərinləşir” Siyasət

“ABŞ-İran, paralel olaraq İsrail-İran siyasi qarşıdurması dərinləşir”

Məhəmməd Əsədəullazadə: "Regionda sonu bilinməyən xaos başlaya bilər"

"ABŞ-İran, paralel olaraq İsrail-İran siyasi qarşıdurması dərinləşir. Bu siyasi qarşıdurmanın hərbi müstəviyə keşməsi isə, regionda sonu bilinməyən xaosa apara bilər". Bu fikirləri Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib: "Birləşmiş Ştatlar prezidenti Trampın İranın altılıq ölkələri ilə bağladığı nüvə sazişindən çıxmaq bəyanatı, İsrail baş naziri Benyamin Netanyahunun İranla mümkün müharibəni qeyd etməsi, dünyanın qlobal təhlükəsizliyi üçün əsas təhdid olaraq qalır. İran ətrafında cərəyan edən siyasi proseslərə mayın 12-nə kimi prezident Trampın İranla bağladıqları nüvə sazişinə verəcəyi reaksiyadan aydın olacaq. Artıq, Vaşinqton, Paris və Londonu öz tərəfinə çəkərək, Almaniyanı da razı salmağa çalışır. Əgər, nüvə sazişinə mümkün dəyişilikləri rəsmi Tehran qəbul etməsə, ağırlaşdırılmış sanksiyalar İrana tətbiq olunacaq. Qeyd edim ki, İran ətrafında ABŞ izolyasiya formalaşdıraraq, rəsmi Tehranı Suriya, Fələstin və Yəməndə siyasətindən əl çəkməyə məcbur edəcək addımlara başlayacaq. Artıq Səudiyyə Ərəbistanı ilə Yəmən sərhəddinə ABŞ xüsusi təyinatlıları yerləşdirilib, yeni əməliyyat husilərin əlində olan balistik raket mərkəzlərini məhv etmək, İranın lojistik dəstəyinin qarşısını almaqdır. Suriyada İsrail İrana qarşı bu kimi əməliyyatlar həyata keçirərək, İranın hərbi obyektlərinə bir neçə dəfə zərbələr endirib". Politoloq deyib ki,İran prezidenti Həsən Ruhani nüvə sazişindən çıxmaq barədə Donald Trampı kəskin şəkildə tənqid etsə də, bu sərt ritorika Vaşinqtonu öz siyasətindən geri çəkməyəcək: "Birləşmiş Ştatlar 2015-ci ildə bağlanmış nüvə sazişində dəyişiklik etməklə, İranın birdəfələlik nüvə tədqiqatlarını və ballistik raket sistemini dayandırmasını tələb edir. Qeyd edək ki, yeni müqavilədə İran nüvə tədqiqatlarını birdəfəlik dayandıra bilər, amma balistik taketlərin sınağından vaz keçməyəcək. Bu, İranın müdafisənin zəiflədilməsinə hesablanmış siyasət kimi rəsmi Tehran tərəfindən qəbul edilməyəcək. Göründüyü kimi cənub qonşumuzun üzərini qara buludlar almaqdadır. İrana qarşı İsrailin hərbi -siyasi hərəkətliliyi fonunda Azərbaycanın tutacağı mövqeyinə gəldikdə isə, biz İsrailin təhlükəsizliyi naminə aparacağı siyasətdə İranın Azərbaycana qarşı Ermənistan siyasətinə uyğun siyasət aparmalıyıq. İran Ermənistanın işğalı davam etdirməsinə daima pərdəarxası dəstək olub və bunu hazırda davam etdirir. Yaxın Şərqdə gərginləşən vəziyyət İran üzərində fokuslaşmaqla gərginlik Azərbaycan sərhəddinə yaxınlaşır. Bu siyasi-hərbi gərginliklərdə ölkəmiz ABŞ və İsraillə mümkün əlaqələri inkişaf etdirməlidir".
Qərbi Kaspi Universitetinin eksperti Emil Həsənli isə qeyd edib ki, Birləşmiş Ştatlarla İran arasında hərbi müdaxilənin reallaşacağını düşünmü. Onun sözlərinə görə, bu son variant ola bilər: "Yaxın Şərqdə onsuz da gərgin situasiya var və İran da kiçik dövlət deyil. Ərazi baxımından da baxsaq 1 milyon 648 min kvadrat kilometr əraziyə sahibdir. Bir ucu Türkiyə, Ermənistan, Azərbaycan, İraq, Suriya ilə əhatə olunub, digər tərəfi isə Mərkəzi və Cənubi Asiyaya uzanır. İrana edilən hərbi müdaxilə regionda destabilizasiya proseslərinə gətirib çıxara bilər. İranın hərbi müdaxilə ilə məhv edilməsi Birləşmiş Ştatlara indiki şərait üçün lazım deyil. Onsuz da Yaxın Şərqdə də vəziyyət stabil deyil. Proseslərin hərbi variant məsələsində Birləşmiş Ştatların nəzarətdən çıxacağını Amerika tərəfdə də çox yaxşı başa düşürlər". Emil Hədənli hesab edir ki, sonda İran nüvə silahından əl çəkməsə və onun reallaşmasına yaxınlaşsa, İsrailin təzyiqi ilə böyük müharibə baş verə bilər: "Bu isə heç Birləşmiş Ştatlara da sərf etməyəcək. Region üçün hazırlanan yüzillik plan bir savaşla puç ola bilər. İndiki halda Amerika sanksiyalarla İrana təzyiq etməyi seçdi və əslində der Spiegel-də də yazılmışdı ki, ABŞ İrandan daha konkret addımlar gözləyir. Birləşmiş Ştatların nüvə məsələsində İrana güvənməməsi bəllidir. Konkret nəticələr ABŞ tərəfindən gözlənilir. Əslində Amerikanın İrana qarşı siyasəti ağa-qul münasibətinə bənzəyir, dediklərimlə otur və dur, məni əmin et ki, nüvə silahı düzəltməyəcən. Sanksiya da təzyiq vasitəsi kimi istifadə olunur.Təbii ki, İsrail də Birləşmiş Ştatlara müəyyən qədər təzyiqlər göstərir. Son qərarın qəbul olunmasında onların rolu daha yüksəkdir".