“Ermənilərlə bağlı rəqəmlərdə dəqiqləşdirmə aparaq…” Siyasət

“Ermənilərlə bağlı rəqəmlərdə dəqiqləşdirmə aparaq…”

Tipik erməni dığası Paşinyanın Qarabağ mövzusunda radikal çıxışları daxili ictimai rəyə hesablanıb.
Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanı "qorxaq" adlandırması ilə bağlı yayılan yalan məlumatlara münasibət bildirən analitik Elçin Mirzəbəyli deyib. Analitik Paşinyanın Qarabağ klanına qarşı etiraz dalğası üzərində baş nazir postuna sahibləndiyini bildirib:
"Amma bu klan Ermənistanda hələ də söz sahibidir, ciddi maliyyə resurslarına malikdir. Klanı parçalamadan, Qarabağ ermənilərinin dəstəyini almadan, ən azı, neytrallığını təmin etmədən Paşinyan və qrupu üçün qısamüddətli hakimiyyət dönəmində və seçkilərdə nəticə əldə etmək mümkün olmayacaq. Bu baxımdan da Qarabağ məsələsində özünü Sərkisyandan daha radikal göstərir. Dağlıq Qarabağın ayrıca subyekt kimi danışıqlar prosesinə cəlb edilməsi barədə bəyanatların da əsasında bu amil dayanır. Çünki Qarabağ klanının təmsilçiləri - Köçəryan və Sərkisyan bunu bacarmayıblar. Paşinyan da onların bacarmadıqları müstəvidən çıxış edərək divident qazanmağa cəhd göstərir. Ola bilsin ki, kimlərsə məsələyə məhz bu kontekstdən yanaşa bilmir. Bu normal və anlaşılandır. Amma Paşinyanın xalqımıza və dövlətimizə qarşı səsləndirdiyi aşağılayıcı fikirlərdən yararlanaraq kampaniya aparanları, bu erməni dığasının sərsəm açıqlamalarını tirajlayanları, təbliğ edənləri anlamaq mümkün deyil. Əgər siz özünüzü Azərbaycan xalqının nümayəndəsi sayırsınızsa və yenə də Paşinyanın aşağılayıcı fikirlərinin təbliğinə davam edirsinizsə, o zaman belə anlaşılır ki, aşağılanmaqdan, təhqir olunmaqdan xoşunuz gəlir. Bunun adı isə mazaxizmdir. Yox əgər özünüzü Azərbaycan xalqının təmsilçisi hesab etmirsinizsə, o zaman erməni olduğunuzu etiraf edin, biz də Azərbaycanın işğal altında olmayan ərazilərində yaşayan ermənilərlə bağlı rəqəmlərdə dəqiqləşdirmə aparaq".
İqtisadçı ekspert Natiq Cəfərli də bildirib ki, son bir neçə gündür Azərbaycanda, əsasən də heç kimə məlum olmayan saytlarda və sosial şəbəkələrdə Paşinyanın adından yayılan yalançı, əsassız, uydurma xəbərlər cəmiyyətdə qəzəb və nifrət yaradılması üçündür:
"Son illər dünyada ən çox müzakirə edilən, Rusiya və digər ölkələr tərəfindən tədbiq edilən "feyk nyus" siyasəti ilk dəfədir ki, bizdə də belə miqyasda həyata keçirilir, belə xəbərlər çox sürətlə tirajlanır, hətta bu tipli xəbərləri şübhə altına qoyanlara qarşı sosial şəbəkələrdə aqressiya dolu şərhlər olur. Deməli, belə xəbərlər yayanlar öz məqsədlərinə çatırlar, bu isə dövlət üçün, ölkə üçün təhlükəlidir. Hüquq-mühafizə orqanları "feyk nyus"ları yayanlara qarşı ciddi şəkildə tədbirlər görməli, bu işin arxasında duran gücləri müəyyən etməli, sifarişin haradan gəldiyini dəqiq bilməlidirlər".
Qeyd edək ki, ötən gün guya Paşinyanın "Azərbaycan qorxaqdır..." ifadəsini işlətdiyi barədə sosial şəbəkələrdə yalan məlumat tirajlanıb və bunun mənbəyini istəyənlərə, həqiqəti üzə çıxarmağa çalışanlara qarşı hücum edənlər, hətta, Azərbaycan Xarici İşlər Nazirliyini bu ifadəyə daha aqressiv cavab verməməkdə suçlayıblar.