“Dağlıq Qarabağın həlli yolunda sülh perspektivi yoxdur” Siyasət

“Dağlıq Qarabağın həlli yolunda sülh perspektivi yoxdur”

Şair Ramaldanov: "Biz sadəcə vaxt itiririk"


"Azərbaycan mütəmadi olaraq Dağlıq Qarabağla bağlı məsələlər barədə bütün beynəlxalq qurumlara məlumat verir. O cümlədən Qarabağda olan qanunsuzluqlarla əlaqəli müraciətlər edilir". Bu fikirləri hərbi ekspert Şair Ramaldanov səsləndirib. O "lakin təəssüf ki, dünyada ikili standartlar üstünlük təşkil edir",- deyə vurğulayıb: "Xüsusilə də son zamanlar gedən proseslərdə ikili standartlar əsas qanunlardan biri olub. Nikol Paşinyanın oğlunu Qarabağa xidmət etməyə göndərmək məsələsi sosial şəbəkələrdə də yayılıb və müzakirə edilir. Məlumatın nə qədər düzgün olub-olmadığını deyə bilmərəm. Ancaq bu yenə də populist və cəmiyyətə, daxili auditoriyaya hesablanmış bir addımdır. Biz bilirik ki, Ermənistanda valideynlər öz uşaqlarını Qarabağa göndərmək istəmirlər. Bununla bağlı hətta müəyyən müraciətlər olub. Paşinyan özü də müraciətlərlə bağlı fikir söyləyəcəyini deyib. Hazırki addımı da ondan ibarətdir ki, valideynləri fikirlərindən yayındırsınlar.
Baş nazirin oğlu Dağlıq Qarabağda xidmət edə bilirsə, bu o deməkdir ki, əsas məqsəd daxili auditoriyanı önəmli məsələlərdən çəkindirməkdir. Əgər Paşinyan doğurdan da öz oğlunu Qarabağa xidmətə göndərsə, bu yenə də Ermənistanın və ölkənin birinci şəxsinin işğalçı niyyətlərini bir daha dəstəkləyir. Bu da müəyyən bir şəkildə Azərbaycana ismarıc olmalıdır". Ş.Ramaldanov qeyd edib ki, Paşinyanın Qarabağla bağlı mövqeyi radikal xarakter daşıyır: "Serj Sarkisyan klanı Qarabağ məsələsində daim radikal mövqe tuturdu. Çünki Sarkisyan hakimiyyətə Qarabağ faktları ilə gəlib. Paşinyanın gəlməsi ilə əlaqədar bəlkə də sağlam düşüncəli addımların atılacağını düşünürdük. Ermənistanın baş naziri hakimiyyətə gələnə qədər Qarabağla bağlı fikirlər söyləməyə çəkinirdi. Lakin gələndən sonra artıq daha da radikal, qeyri-konstruktiv çıxışlarla seçildi. Oğlu ilə əlaqəli məsələnin işıqlandırılması Ermənistanın Qarabağla bağlı heç bir güzəştə getməyəcəyini və getdikcə problemin radikallaşma istiqamətində cərəyan etdiyini düşünmək mümkündür. Belə halda Azərbaycan üçün bir yol qalır. O da güc variantından istifadə edib öz torpaqlarını işğalçılardan azad etməkdir. Beynəlxalq qurumlar bu məsələ ilə bağlı iflic vəziyyətdədirlər. Onların addımları heç bir nəticə gətirib çıxarmır". Onun sözlərinə görə, xüsusilə həmsədr dövlətlər müəyyən bir şəkildə Dağlıq Qarabağ probleminin bu formada saxlanmasında maraqlıdırlar: "Rusiyanın mövqeyi bizə bəllidir. Amerikada erməni lobbisinin nə qədər güclü olduğunu bilirik və bu da Dağlıq Qarabağ siyasətinə təsir edir. Fransadakı erməni lobbisi Ermənistanı dəstəkləmək, maliyyələşdirmək, o cümlədən Qarabağla bağlı siyasətdə öz nüfuzunu göstərməkdədir. Əgər bu gün üç həmdsədr ölkənin mövqeyində ermənipərəst motivasiyanı görürüksə, onlardan heç nə gözləyə bilmərik. Ermənistanın yeni rəhbərliyi də onlara arxalanaraq sərt ifadələrlə öz fikrini bildirir. Bunlar hamısı onu göstərir ki, Dağlıq Qarabağın həlli yolunda sülh perspektivi yoxdur. Nə qədər beynəlxalq qurumlara irili-xırdalı müraciətlər olsa da, onlar yalnız müraciət fonunda qalır, heç bir təsir mexanizmi işləmir. Biz sadəcə vaxt itiririk. Dediyim kimi, Azərbaycan bu məsələdə güc variantını seçib Qarabağda aktiv əməliyyatlar apararaq öz torpaqlarını işğalçılardan azad etməlidir".
Politoloq Tofiq Abbasov isə deyib ki, Paşinyan Qarabağ məsələsi ilə bağlı hansısa dəyişiklik etmək niyyətində deyil. O bildirib ki, Paşinyan Sərkisyanın şablonları ilə işləyən bir siyasətçidir: "Ermənistanda hakimiyyətdə olan qüvvələrin kimliyi Qarabağ məsələsinə bir o qədər də təsir etmir. Yəni erməni qatı millətçiliyi, antitürkçülüyü həmişə öz qüvvəsini saxlayır. Bu millətin kütləvi psixoz yaşamasının əsas səbəbləri türk toplumunu qəbul etməmələri və türk toplumunun ərazilərinə göz dikmələridir. Ona görə də hakimiyyətdə istər Köçəryan, istər Sərkisyan, istərsə də Paşinyan olsun, onların hamısının bir xəstəliyi var. Ermənilərin bu sağalmaz dərdinə dərman güc amilidir. Onlar yalnız vaxtlı-vaxtında zərbə alanda bir qədər özlərinə gəlir və illüziyalara qapılmaqdan vaz keçirlər". Politoloq qeyd edib ki, əgər Paşinyan Qarabağ məsələsi ilə bağlı Azərbaycanla danışıqlar ətrafında kompromislər haqqında danışarsa, o, nəinki öz elektoratını itirə, hətta ölkəsində xalq düşməni elan edilə bilər: "Hesab edirəm ki, məhz buna görə də Paşinyan Qarabağ məsələsi ilə bağlı hansısa dəyişiklik etmək niyyətində deyil. Onun əsas qayəsi sadəcə öz elektoratını genişləndirməkdən ibarətdir. Paşinyan çox gözəl başa düşür ki, Qarabağ problemində Ermənistanın "iddialı" mövqeyi öz qüvvəsini saxlamalıdır. Yerdə qalan məsələlər ətrafında isə daxili erməni mətbəxində həll yolları axtarılır. Bu, Azərbaycan üçün yeni bir şey deyil. Yəni bir diktatorun əvəzinə başqasının gəlməsi o demək deyil ki, erməni tərəfində sağlam təfəkkür oyana, məfkurələri saflaşa və Qarabağla bağlı hansısa bir pozitiv təklif irəli sürülə bilər. Bu, hələ baş vermir və bunu gözləmək bir qədər sadəlövhlük olardı. Sərkisyanın şablonları ilə işləyən Paşinyanın dövrünün nə qədər çəkəcəyi isə tamamilə başqa məsələdir. Zənnimcə, Azərbaycan Ermənistanın daxilində köklü dəyişikliklər etməklə bu prosesə təkan verə bilər. Yəni Azərbaycan heç kəsi və heç nəyi gözləmədən Qarabağ məsələsini özü həll etməlidir".