“Fransa niyə Ermənistanı deyil, Azərbaycanı muttəfiq seçir?” Siyasət

“Fransa niyə Ermənistanı deyil, Azərbaycanı muttəfiq seçir?”

Erməni politoloq: "Hazırda Azərbaycanın öz yerini tapacağı əhatəli yerdəyişmələr baş verir, çünki bu ölkə bazara gətiriləcək resursa malikdir"

Fransa və Azərbaycan arasındakı münasibətlərin qəflətən mülayimləşməsində Amerika demarşından sonra Avropa ölkələrinin özünü müdafiəsiz hiss etdiyi şərait çox böyük rol oynayır.
Politoloq Anuş Sedrakyan Ermənistan mətbuatına Fransa və Azərbaycan arasındakı münasibətlərdə yaxınlaşma faktını şərh edkən belə deyib.
Anuş Sedrakyanın sözlərinə görə, Azərbaycan iqtisadi resurs daxil olmaqla istənilən şeyi hərbi məqsədlər üçün istifadə edə bilər. Politoloq qeyd edib: "Avropa ölkələri isə münasib və qeyri-münasib bütün yerlərdə müttəfiqlər arayır. Sual doğa bilər – bu müttəfiq niyə Ermənistan deyil? Çünki Avropanın qarşısındakı problem energetika, iqtisadiyyat müstəvisində durur. Amerika bazarı məhdudlaşandan sonra bazar uğrunda mübarizə gedir, buna görə də Avropa tərəfdən elan edilən dəyərlərə uyğun gəlməyən hərəkətlər görürük. Bu, ABŞ-da son prezident seçkilərindən sonra başlanmış ümumi tendensiyadır. Hazırda Azərbaycanın öz yerini tapacağı əhatəli yerdəyişmələr baş verir, çünki bu ölkə bazara gətiriləcək resursa malikdir".
Ermənistana gəlincə, Anuş Sedrakyanın sözlərinə görə, durum problematikdir. "Biz öz bazarımızı Rusiyada axtarırıq, amma mən bu qədər müddət boyunca bir dəfə görməmişəm ki, Rusiya Ermənistana səmərəli təklif versin. Onun verə biləcəyi yeganə şey – müharibəyə təhrik etməməkdir".
Fransa strateji araşdırmalar Mərkəzinin eksperti, politoloq Kayts Minasyan isə qeyd edib ki, Fransa Azərbaycana sputnik satıb və o, sərhəddə baş verənləri müşahidə edə bilər. O vurğulayıb: "Bu, silahdır, ya deyil? Fransızlar üçün silah deyil, Azərbaycan üçün silahdır. Bu, Ermənistan üçün təhlükəlidir. Fransızlar haqq qazandırırlar ki, bunun nəticəsi aydın deyil, guya sputnik predmetləri 10 metr fərqlə qeydə alır. Bunların hamısı boş sözlərdir – tank və təyyarə əla görünür".
Politoloqun sözlərinə görə, Ermənistan tərəfi öz məsələlərini konkret qaldırmalıdır. Kayts Minasyan deyib: "Fransızlar tank, ya təyyarə satmırlar, amma sputnik satmaqla Ermənistan tərəfini zəiflədirlər. Azərbaycan iqtisadiyyatı güclüdür və o, Fransa ilə, ya da hər hansı ölkəylə münasibətlərdə bu üstünlükdən istifadə etməyə çalışır".