“Azərbaycan güclü dövlətdir və hər bir hadisənin qarşısını almağa qadirdir” Siyasət

“Azərbaycan güclü dövlətdir və hər bir hadisənin qarşısını almağa qadirdir”

Azərbaycanda radikalizmlə bağlı görüşlər keçirilirsə, dövlət orqanları tərəfindən müəyyən narahatlıq bildirilirsə, bu o demək deyil ki, dövlətin bu sahədə hər hansı zəifliyi var.
Bunu Azərbaycan Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin əməkdaşı Pənah Cahangirov "Milli təhlükəsizliyə əsas təhdidlərdən biri – dini radikalizm" mövzusunda keçirilən konfrans zamanı deyib.
P.Cahangirov bildirib ki, dini radikalizm bu günün problemi deyil, bəşər tarixi boyunca radikalizm olub: "Radikalizm qədim Roma və Yunanıstanda, çar Rusiyasında da olub. İnsan cəmiyyəti nə qədər olacaqsa, radikalizm də olacaq. Bu, dini radikalizm və digər formalarda ola bilər. Yaşadığımız 21-ci əsrdə dini radikalizm təhlükə törədir. Bu gün biz buna görə narahatıq. Əmin olun ki, 22-ci əsrdə də radikalizmin digər formaları olacaq, dövlət orqanları və cəmiyyət onunla mübarizəyə qoşulacaq".
Administrasiya rəsmisi qeyd edib ki, dövlətin gücü hər hansı xoşagəlməz hadisənin baş verib-verməməyi ilə ölçülmür. Dövlətin gücü ya həmin hadisələri qabaqlamaqda, ya da onun yarada bildiyi fəsadlardan qurtula bilməkdədir: "Hər kəs əmin olmalıdır ki, Azərbaycan kifayət qədər güclü dövlətdir və hər bir hadisənin qarşısını almağa qadirdir. Bunu Nardaran və Gəncə hadisələri də sübut etdi".