S-400-lər Naxçıvanda yerləşdirilərsə... Siyasət

S-400-lər Naxçıvanda yerləşdirilərsə...

Türkiyə, Azərbaycan və Rusiyanı bir-birinə daha çox bağlayar

Hazırda Türkiyə ənənəvi müttəfiqləri ilə münasibətlərinə yenidən baxmaqdadır.
Bu sözləri millət vəkili Zahid Oruc deyib. Millət vəkili bildirib ki, bir çoxları Türkiyənin ənənəvi müttəfiqləri ilə münasibətlərinə yenidən baxmasını NATO daxilində parçalanma, yaxud da ABŞ-ın hazırkı rəhbərliyinin xaricin siyasətdə yol verdiyi kobud səhvlərin nəticəsi hesab edir:
" Hətta bildiyiniz kimi, Avropa Birliyinə daxil olan tərəfdaşlarla da çox ciddi problemlər yaşanır və NATO-nun vahid siyasətindən danışmaq mümkün deyil. Belə olan təqdirdə Türkiyənin nəinki Yaxın Şərq hadisələrindəki iştirakı və rolu, eləcə də Rusiya ilə münasibətləri rəsmi Vaşinqton tərəfindən süngü ilə qarşılanır. Təsadüfi deyil ki, artıq Donald Trampın dilindən mesajlar verilir ki, ABŞ-ın Türkiyə ilə münasibətləri ən aşağı səviyyəyə düşməkdədir və onlar perspektiv olaraq nəinki keşiş Bransonun verilməsində, eləcə də digər tələblərində israrlı olacaqlar. Bütün bunlardan irəli gələn məlum son iqtisadi diversiyalar, Türkiyə lirəsi üzərinə hücumlar da sübut edir ki, problemlər bir qədər də dərinləşə bilər. Belə olan təqdirdə Türkiyə özünün təhlükəsizliyini qoruyub saxlamaq üçün bir sıra yeni addımlar atmaqdadır. Gördüyünüz kimi, burada uzaqmənzilli raketlərin alınması, həmçinin hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi və silah arsenalına yenidən baxılması önəmli yer tutur. S-400 raketləri həqiqətən də özünün texniki xarakteristikasına görə, istənilən bir dövlətin gücünü qat-qat artırır. Söhbət təkcə S-400-lərin 100 kilometrlərlə məsafədən hansısa hədəfləri vurmasından getmir, bu sistemlər mənsub olduğu dövlətin özünü risklərdən qoruyur. Nəzərə alaq ki, Suriya ilə qonşu olan və Yaxın Şərqin bütün terror qruplarının aktiv hərəkətinin tranzitində yerləşən Türkiyə üçün belə müdafiə həyati əhəmiyyət kəsb edir. Buna görə də Türkiyənin Rusiyadan S-400 raketlərinin alınması ilə bağlı qərarının zərurətdən verildiyini qeyd etməliyik. Çünki Türkiyə uzun onillər Birləşmiş Ştatlardan arzu etdiyi raketləri ala bilmədi, həmçinin müasir modifikasiyalı F-35 qırıcı təyyarələrinin alınmasında da ciddi problemlər yaranıb və son olaraq bu anlaşmalar ləğv edilib. Hətta Türkiyə tərəfi ABŞ-ın əleyhinə beynəlxalq məhkəməyə müraciət edəcəyini dilə gətirib. Zənnimcə, bu, xarici siyasət üçün çox ciddi gərginlik deməkdir".
Millət vəkili bu kontekstdə çox önəmli bir təkliflə çıxış edərək Bakının Rusiya-Azərbaycan-Türkiyə arasında son illər formalaşan münasibətlər sisteminə dayanaraq və hər iki ölkənin Qərb dünyası ilə yaşadığı problemləri nəzərə alaraq, Rusiya ilə Türkiyə arasında S-400 raketlərinin alınması prosesində fərqli bir mövqedən çıxış edə biləcəyini vurğulayıb:
"Bundan əvvəlki dönəmlərdə müxtəlif gərginlik ocaqlarının söndürülməsində iştirak edən bir lider kimi Prezident İlham Əliyevin siyasi xəttini davam etdirərək, tənzimləmə, sülh və təhlükəsizliyin məkanını genişləndirmə məqsədləri naminə Rusiya ilə Türkiyə arasında sözügedən məsələdə iştirak edə bilərik. Bu təcrübə beynəlxalq praktikada da mövcuddur. Silahların alınmasında üçüncü tərəfin iştirakı yeni hadisə deyil. Bunun onlarla nümunəsini təqdim edə bilərik. Əgər Azərbaycan Türkiyənin vəsaitləri hesabına bu silahların alınmasında əsas vasitəçi tərəf kimi iştirak edərsə, bu, nəinki həmin hərbi əlaqələr və əməkdaşlığa marağımızı göstərəcək, Türkiyə-Rusiya hərbi münasibətlərinin gələcəyinə töhfə verəcək, eləcə də qardaş ölkəni müəyyən təsirlərdən qoruya biləcək. Həmçinin burada strateji olaraq qeyd etdiyimiz silahların Azərbaycanın da daxil olduğu çox mühüm bir məkanda yerləşdirilməsinə yol aça bilər. Ötən onillər ərzində Türkiyə ən yaxın sərhədlərini, xüsusilə də Naxçıvan bölgəsinin təhlükəsizliyini özünün həyati mənafeləri sırasına daxil edib. Bu, həqiqətən də belədir. Çünki o regiondan gələn hər hansı bir təhlükə ciddi problemlər yarada bilər. Naxçıvanın qorunması Türkiyənin hər bir qarış torpağının təhlükəsizliyi üçün vacib bir məsələdir. Bu mövqelərin, ideyaların ictimai fikrə çıxması yalnız diskussiyalar doğuracaq, daha optimal qərarların verilməsinə kömək edəcək. S-400-lərin Naxçıvanda yerləşməsi təklifi də məhz bu zərurətdən doğur".
Millət vəkili hesab edir ki, belə olan təqdirdə bir neçə problemi həll etmək mümkün olacaq:
"Əvvəla, Rusiya da Naxçıvanın təhlükəsizliyində maraqlı olar. İkinci tərəfdən bu, Türkiyə, Azərbaycan və Rusiyanı bir-birinə daha çox bağlayar. Üçüncüsü, Ermənistan üçün bir siqnala çevrilər. Dördüncüsü, Qərb artıq öz siyasətini hansı məkanlar üçün necə quracağını müəyyənləşdirər. Hansı növ silahları almalıyıq kimi bir mövqe dilə gətirmirəm. Ölkə Prezidenti ötən dövr ərzində son dərəcə uğurlu bir şəkildə Azərbaycanın hərbi ehtiyaclarını təmin etmək üçün ən sistemli, hesablanmış və müdrik addımları atmaqdadır. Biz bu coğrafiya üçün lazımlı olan hansı silahlar mövcuddursa, onların modifikasiyası üzərində duraraq, elektron sistemlərlə təchiz olunan qabaqcıl texnologiyaları almaqdayıq. Söhbət Azərbaycanın S-400 sistemlərinə malik olmasından getmir. Əks təqdirdə başqa xarakterli iddialar da meydana çıxardı. Gördüyünüz kimi, Ermənistan da nələrəsə cəhd edir".
Z.Oruc Naxçıvanda Türkiyə tərəfindən yerləşdirilə biləcək hər hansı hərbi baza, yaxud sözügedən uzaqmənzilli raketlərin təhlükə mənbəyinə deyil, əksinə, təhlükəsizlik çətirinə çevrilə biləcəyini və bunun regional konfiqurasiyada çox böyük bir dəyişiklik yaradacağını deyib:
"Hesab edirəm ki, bu məsələnin siyasətçi, strateq, təhlilçi və ekspertlər tərəfindən diskussiya edilməsi çox təqdirəlayiq bir hadisəyə çevrilər, onun əksinə gedənlər də, lehinə olanlar da özlüyündə bu məsələ ətrafında prosesi aydınlaşdırardılar. Bir neçə gün öncə Türkiyənin Hərbi Kəşfiyyat İdarəsinin keçmiş rəisinin açıqlaması başadüşüləndir. O hesab edir ki, Naxçıvanla həmsərhəd olan ərazilərdə Türkiyənin böyük bazaları var, o üzdən əlavə tədbirlərə ehtiyac duyulmaz. Bu, bir baxışdır, mövqedir, onu da nəzərə almaq mümkündür. Lakin hər bir hərbi, siyasi, strateji plan əvvəlcə bir rüşeym halında irəli sürülür, sonra formalaşır və ən sonda dövlətin qərarlarına təsir göstərmiş olur".