“Yaxın iki il ərzində Azərbaycan qazı ilk dəfə olaraq Avropa məkanına çatdırılacaq” Siyasət

“Yaxın iki il ərzində Azərbaycan qazı ilk dəfə olaraq Avropa məkanına çatdırılacaq”

Tahir Rzayev: "Beləliklə, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə veriləcək"

"Ölkəmizdə qeyri-neft sektorunun inkişafının ildən-ilə daha dinamik hal alması təqdirəlayiqdir. Bunu 2018-ci ilin arxada qalan göstəriciləri bir daha təsdiqləyir". Bu fikirləri deputat Tahir Rzayev deyib. O bildirib ki, Azərbaycanda iqtisadi təhlükəsizliyi təmin etmək üçün Prezident İlham Əliyev tərəfindən bütün istiqamətlər üzrə uğurlu siyasət həyata keçirilir: "Hazırda respublikamızda sərmayə qoyuluşunda prioritet istiqamətlər kimi ağır sənaye, alternativ enerji, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, qida emalı sənayesi, logistika və daşıma, turizm kimi sahələr əsas götürülür. Bu da qeyri-neft sektorunun inkişafında mühüm amildir". Azərbaycanın dünyada yaşanan qlobal çətinliklərin fonunda öz təhlükəsizliyini təmin etmək üçün ilk növbədə daxili resurslara istinad etdiyini dilə gətirən T.Rzayev vurğulayıb ki, Azərbaycanın iqtisadi inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri isə respublikada qeyri-neft sektorunun üstün inkişafının təmin olunması və yerli istehsalın güclü şəkildə təşviq edilməsi ilə bağlıdır.
Deputat söyləyib ki, Azərbaycanın Avropa İttifaqına üzv olan dövlətlərlə ikitərəfli strateji tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi ölkəmizin iqtisadiyyatına da öz töhfələrini verməkdədir: "Yaxın iki il ərzində Azərbaycan qazı ilk dəfə olaraq Avropa məkanına çatdırılacaq. Beləliklə, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə veriləcək. Bundan başqa Bakı-Tbilisi-Qars dəmir yolu Asiyanı Avropa ilə birləşdirən yeni nəqliyyat damarıdır. Azərbaycan Avrasiyanın nəqliyyat xəritəsinə də öz dəyərli töhfəsini verməkdədir". T.Rzayev qeyd edib ki, görülən işlər beynəlxalq birliyə sıx inteqrasiya edən Azərbaycanın iqtisadi sahədə yeni hədəflərə doğru irəlilədiyini göstərir.