ABŞ-ın enerji naziri TAP-la bağlı açıqlama verib Siyasət

ABŞ-ın enerji naziri TAP-la bağlı açıqlama verib

"Əgər ABŞ yalnız öz qazını Avropaya daha çox satmaq məqsədilə "Şimal axını 2" layihəsinə qarşı çıxırsa, onda Vaşinqton Trans-Adriatik qaz boru kəməri (TAP) layihəsini dəstəkləməzdi"
Bunu ABŞ-ın enerji naziri Pik Perri "Kommersant"a müsahibəsində deyib. Onun sözlərinə görə, Vaşinqtonun "Şimal axını 2" qaz boru kəmərinə münasibətdə mümkün sanksiyaları ilk növbədə rus təbii qazının Ukrayna ərazisindən tranziti məsələsi ilə bağlıdır. ABŞ-ın "Şimal axını 2" layihəsinə qarşı çıxmasının digər səbəbi isə Avropa üçün qaz tədarükçülərinin məhdud sayda olmasıdır.
"Avropa ittifaqının digər üzvləri də - onların mütləq əksəriyyəti bu məsələyə həssas yanaşırlar. Lakin Almaniya və ola bilsin ki, Avstriya fərqli mövqeyə malikdirlər. Amma söhbət etdiyim bütün digər üzv ölkələr "Şimal axını 2"yə alternativlər istəyirlər. Bu, Trans-Adriatik qaz boru kəməri və ABŞ-ın sıxılmış təbii qazı ola bilər. Amerikalıların "Şimal axını 2"yə yalnız öz qazını Avropaya daha çox satmaq istədiyinə görə qarşı çıxmasına dair səslənən fikirlər isə cəfəngiyyatdır. Əgər bu belə olsaydı, onda Vaşinqton Trans-Adriatik qaz boru kəmərinin reallaşmasını dəstəkləməzdi", – deyə amerikalı nazir vurğulayıb.
Perrinin sözlərinə görə, bir enerji mənbəsindən istifadə təbii fəlakətlər və siyasi səbəblər üzündən tədarükün dayandırılması riskini yarada bilər. Bu mənada Trans-Adriatik qaz boru kəmərinin tutumunun Avropa üçün kifayət olmadığına dair iddiaları əsassız hesab edən amerikalı nazir Azərbaycanın təşəbbüskarı olduğu TAP layihəsinin Avropanın enerjinin diversifikasiyası siyasətində mühüm rol oynadığını, ABŞ-ın Avropa enerji bazarının bir hissəsini Rusiyanın əlindən almaq istəyi barədə yayılan fikirlərin səhv olduğunu bildirib.
Qeyd edək ki, təməli 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulan TAP layihəsi Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, "Şahdəniz-2"dən hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP Avropa İttifaqı üçün prioritet enerji layihələrindən olan Cənub Qaz Dəhlizinin bir seqmentidir. Boru kəmərinin uzunluğu 878 kilometr (Yunanıstan–550 kilometr, Albaniya–215 kilometr, Adriatik dənizi–105 kilometr, İtaliya–8 kilometr), diametri isə 48 düymdür. Ümumi dəyəri 4,2 milyard avro təşkil edən TAP layihəsi üzrə işlərin ümumilikdə təxminən 75 faizdən çoxu yekunlaşıb. Ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq TAP Bolqarıstanın qaza olan tələbatının 40 faizini, Yunanıstanın tələbatının üçdə birini, İtaliyanın idxalının isə 12 faizini təmin edə biləcək. TAP-ın ötürücülük qabiliyyətinin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.