“Hərbi sənayemiz Silahlı Qüvvələrimizi təmin etmək iqtidarındadır” Siyasət

“Hərbi sənayemiz Silahlı Qüvvələrimizi təmin etmək iqtidarındadır”

Şair Ramaldanov: "Bu da müharibə aparan dövlət üçün böyük əhəmiyyət daşıyır"

"ADEX-2018" üçüncü Azərbaycan beynəlxalq müdafiə sərgisinin böyük siyasi, iqtisadi və hərbi əhəmiyyəti var. Azərbaycan beynəlxalq arenada nefti, iqtisadi sahədə nailiyyətləri ilə tanınırdısa, bu gün hərbi sənayesi ilə məşhurdur". Bu sözləri sabiq ordu korpusu komandiri, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. Onun sözlərinə görə, Azərbaycanın beynəlxalq müdafiə sərgisi düşmənlərə də ismarışdır: "Sentyabrın 15-də keçirilən paradda, irimiqyaslı təlimlərimizdə, indi isə müdafiə sərgisində öz gücümüzü nümayiş etdiririk. Hərbi sənayemiz Silahlı Qüvvələrimizi təmin etmək iqtidarındadır. Bu da müharibə aparan dövlət üçün böyük əhəmiyyət daşıyır. Müharibə aparan dövlətin silah təminatı üçün başqa dövlətin asılılığına düşmək ehtimalı olur. Azərbaycanın hərbi sənayesi atıcı silahlara aid mərmilər, qumbara atanlardan tutmuş, raket yayım sistemləri, 11 kilometr hədəfi vurmaq gücünə malik raketlərə qədər hazırlamaq gücündədir. Bu il sərgidə "Tufan" zirehli maşını da təqdim edildi. Bu da ölkəmiz adına çox vacibdir. Bu gün ölkəmizdə zərbə endirən pilotsuz uçuş aparatları istehsal edilir. MDB məkanında zərbə endirən PUA demək olar ki, ancaq Azərbaycandadır".
Sabiq korpus komandiri 20-dən çox dövlətlə hərbi sənaye sahəsində sazişlər imzalandığını vurğulayıb: "İstehsal etdiyimiz məhsullar artıq bazara çıxır. Hər dövlət hərbi sənayesini qısa zamanda bu formada inkişaf etdirmək gücündə deyil. Bu, ilk növbədə Azərbaycan iqtisadiyyatının hərbi sənayeni təmin etdiyini göstərir. Hərbi sənayenin vəziyyəti həm də dövlətin elmi potensialının göstəricisidir. Çünki hərbi sursat intellektual səviyyəni, elmin inkişafını nümayiş etdirir. Azərbaycan müasir silah və sursat istehsal edə bilirsə, deməli elmimiz doğrudan da inkişafdadır. İstehsal nümunələri getdikcə çoxalır, bu il 206 çeşiddə sursat təqdim olunub. "ADEX-2018" sərgisində dünyanın 29 ölkəsi təmsil edilir. Bu, bizim hərbi sənayemizin göstəricisi, bu sahədə qələbəmizdir. Həmişə olduğu kimi MDB dövlətləri sırasında birincilər sırasındayıq".
Şair Ramaldanov qeyd edib ki, ölkənin hərbi qüdrətini gücləndirən amillərdən biri hərbi sənayenin hansı inkişafa malik olmasıdır: "Hərbi sənaye sahəsində yüksək mütəxəssis potensialı var. 20-yə yaxın dövlətdə prioritet istiqamətlərdə mütəxəssislər hazırlığı üçün sazişlərimiz var. Hərbi sənaye AMEA və Milli Aviasiya Akademiyası ilə elmi mübadilə aparır. Hərbi sənaye sahəsində prioritet istiqamətlərin müəyyənləşməsində Müdafiə Nazirliyi yaxından iştirak edib öz köməkliyini göstərir. Ümumilikdə hərbi sənayemizin inkişaf nəticəsini "ADEX-2018" sərgisi nümayiş etdirir".