“Bu səfər bir daha göstərdi ki...” Siyasət

“Bu səfər bir daha göstərdi ki...”

Musa Qasımlı: "Rusiya üçün Cənubi Qafqazda ən vacib ölkə Azərbaycandır"


Rusiya prezidenti Vladimir Putinin Azərbaycan səfəri Rusiya və Azərbaycan mediası ilə yanaşı dünya mediasının da gündəmindədir. Ekspertlər iki ölkə arasındakı münasibətlərin inkişaf etdiyini və bunun danışıqlar prosesinə də təsir edəcəyini qeyd edirlər.
Millət vəkili Musa Qasımlı deyib ki, Rusiya prezidenti Vladimir Putinin ölkəmizə işgüzar səfəri böyük əhəmiyyət daşıyır. Millət vəkili bildirib ki, iki ölkə arasında münasibətləri bir sıra amillər şərtləndirir: "Azərbaycanla Rusiya qonşudurlar. Azərbaycanda rus icması var, Rusiyada da azərbaycanlılar yaşayır. İqtisadi, mədəni, humanitar sahələrdə fəaliyyət iki ölkəni bir-birinə daha da bağlayır. Ümumiyyətlə, Azərbaycanla Rusiyanı müxtəlif sahələrdə maraqlar birləşdirir".
M. Qasımlının fikrincə, Putinin ölkəmizə səfəri iqtisadi əməkdaşlığa böyük töhfə verəcək: "Hər şeydən əvvəl münasibətlərin maddi təməli möhkəmlənəcək. Bu səfər bir daha göstərdi ki, Rusiya üçün Cənubi Qafqazda ən vacib ölkə Azərbaycandır. İndiyədək Rusiyada bəzi qruplar və şəxslər Ermənistanı müdafiə edirdilər. Bu səfərdən sonra Rusiya üçün Cənubi Qafqazda ən önəmli ölkənin Azərbaycan olduğunu başa düşəcəklər. Ermənistan Rusiyanın çiyinlərində yükdür. Rusiya Ermənistandan heç bir fayda götürmür. Yalnız Ermənistan Rusiyadan faydalanır. Bununla paralel olaraq, daim Rusiyaya, rus xalqına xəyanət edir, ayağının altını qazır, kürəyinə arxadan bıçaq sancır".
Politoloq Fikrət Sadıqov deyib ki, Azərbaycan-Rusiya münasibətləri daha da yaxınlaşır, ölkə arasında ünsiyyət yüksələn xətlə inkişaf edir. Azərbaycanla Rusiya arasında müxtəlif sahələrdə siyasi, hərbi, humanitar, mədəni eləcə də digər sahələrdə yüksək əməkdaşlıq əlaqələrinin olduğunu deyən politoloq bildirib Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri zamanı iki mühüm Bakıda keçirilən Cüdo üzrə Dünya Çempionatında və eləcə də IX Rusiya-Azərbaycan Regionlararası forumda iştirak etməsi buna bariz nümunədir. Ölkə başçıları arasında keçirilən təkbətək görüşdə aktual məsələlərin müzakirə edildiyini xüsusi qeyd edən F. Sadıqov Rusiya prezidentinin Azərbaycandan sonra Ermənistana səfər etməməsini müsbət amil kimi dəyərləndirib: "Adətən regiona səfər edən dövlət başçıları 3 respublika - Azərbaycan, Gürcüstan, Ermənistanda olurlar. Lakin bu dəfə Ermənistanla müttəfiq olan ölkənin başçısı Ermənistana getmədi. Bunun özü Azərbaycanın xeyrinə olan məsələ, Ermənistana isə bir xəbərdarlıq idi. Bununla da Rusiya Azərbaycanın maraqlarına olan hörmətini nümayiş etdirmiş oldu".
Millət vəkili Aydın Mirzəzadə isə diqqətə çatdırıb ki, ilk olaraq ticarət, iqtisadi münasibətlər dövlətlər arasında müəyyən olunur: "Azərbaycanla Rusiya arasında münasibətlər o qədər yüksək səviyyədədir ki, artıq regionlararası münasibətlərədək gəlib çatıb". O bildirib ki, Azərbaycanın ərazisi və potensialı Rusiyanın bir vilayətinin potensialındadır: "Amma bu gün Rusiya kapitalı Azərbaycanla regionlararası münasibətlərə çox böyük əhəmiyyət verir. Azərbaycan tərəfi Rusiya iqtisadiyyatına 1 milyarddan çox, Rusiya isə Azərbaycana 4 milyard dollaradək investisiya yatırıb. Hər il keçirilən bu Forum həm görülən işlərə yekun vurur, həm də yeni perspektivlər müəyyən edir. Bu ilki görüş də əlaqələrin daha da genişlənəcəyini, ölkələr arasında münasibətlərin möhkəmlənməsini və artıq Azərbaycan faktorunun ümummilli Rusiya faktorundan Rusiya səviyyəsinə qədər dərinləşəcəyini göstərir. Bu münasibətlərdə, qarşılıqlı əlaqələrdə hər iki ölkə kifayət qədər qazanır. Bu yüz minlərlə iş yeri, büdcəyə gələn yüz milyon dollar gəlirlər, ən əsası regionların stabilliyi və əməkdaşlığın daimi xarakter daşımasıdır".
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili isə deyib ki, Rusiya-Azərbaycan iqtisadi əlaqələri son zamanlar çox sürətlə inkişaf edir. O qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsi hər il təxminən 30-35 faizədək artır: "Ancaq eyni zamanda nəzərə almaq lazımdır ki, bu iqtisadi əlaqələr daha çox inklüziv formada inkişaf edir. Yəni, daha çox qeyri-neft sektoru, texnologiyalar, kənd təsərrüfatı, aqrar sektor, istehsal, xidmət ixracı, turizm və sair cəhətdən baxsaq əlaqələr kifayət qədər zəngin və çoxçeşidlidir. Nəzərə almaq lazımdır ki, Azərbaycan bu günədək Rusiya iqtisadiyyatına 1 milyard, Rusiya isə Azərbaycan iqtisadiyyatına 4 milyard dollara yaxın investisiya qoyub. Onu da nəzərə alaq ki, Azərbaycan Rusiyanın cənub bölgəsinə – Şimali Qafqaza ən çox investisiya yatıran ölkədir. Bizim qeyri-neft ixracımızın təxminən 35, eyni zamanda istehsal etdiyimiz kənd təsərrüfatı məhsullarının ixracının 90 faizə yaxını Rusiyanın payına düşür. Rusiya ilə Azərbaycan arasında daha çox inteqrasiyaya, daha çox informasiya axınına və daha çox iki ölkənin biznes subyektləri arasında müasir biznesin tələb etdiyi şəkildə əməkdaşlıq formalarının yaranmasına ehtiyac var. Bu məsələ də regionlararası forumda müzakirə olunan əsas məsələlərdən biridir".
T.Mirkişili əlavə edib ki, Azərbaycan hazırda Rusiyanın kənd təsərrüfatı məhsulları ixrac etdiyi ölkələr arasında beşinci yerdə dayanır:
"Biz bu siyahıda Türkiyə, Braziliya, Çin kimi ölkələrdən geri qalırıq. Bizim həmin ölkələrlə rəqabət aparmağımız əslində qısa müddətdə nail olduğumuz böyük göstəricidir. Eyni zamanda bu rəqəmi artırmaq kimi bir perspektiv mövcuddur. Məsələn, bu gün Rusiyanın illik kimya sənayesi məhsulları idxalının həcmi təxminən 27 milyard dollardır. Biz isə Rusiyaya il ərzində cəmi 12 milyon dollarlıq kimya sənayesi məhsulları ixrac edirik. Bu, çox cüzidir. Nəzərə almaq lazımdır ki, bizim kimya sənayesi məhsullarının ixracı potensialımızın həcmi böyükdür. Hazırda Azərbaycanda yeni kimya müəssisələri yaradılır. Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının indiki mərhələsi dəyər yaradan mərhələdir. O zaman Rusiyanın rolu, Rusiya bazarı bizim üçün çox önəmli olacaq".