“Qarabağ münaqişəsinin həll olunması üçün çox uyğun bir şərait yaranıb” Siyasət

“Qarabağ münaqişəsinin həll olunması üçün çox uyğun bir şərait yaranıb”

Hatəm Cabbarlı: "Əsas məsələ Paşinyanın bunu erməni ictimai rəyinə hansı formada təqdim etməsidir"


"Putinin Köçəryana zəngi əslində Köçəryanı yenidən iqtidara gətirmək məqsədi daşımırdı. Bu, Paşinyan hökumətini daha məntiqli siyasət həyata keçirməyə məcbur etmək idi. Bundan sonra Rusiya dövlətinin Köçəryanı yenidən hakimiyyətə gətirmək ehtimalını olduqca zəif görürəm. Normal məntiqlə də bunu qəbul etmək mümkün deyil. Vurulmuş, 10 ildən çoxdur aktiv siyasətdən uzaqlaşdırılmış, xalq tərəfindən də sevilməyən birisini Rusiya niyə yenidən hakimiyyətə gətirsin?!
Bundan sonrakı mərhələdə hökumət tərəfindən Sərkisyana yönəlik hər hansı bir təzyiq Rusiya tərəfindən də qəbul edilə bilər. Paşinyan növbədənkənar parlament seçkisi ərəfəsində - dekabrın 10-na qədər ölkədə cərəyan edən hadisələrə paralel olaraq, Sərkisyanı necə hədəf göstərəcəyinə qərar verəcək". Bu fikirləri politoloq Hatəm Cabbarlı səsləndirib. Onun sözlərinə görə, son 30 ildə Ermənistanda hakimiyyətə gələn bütün siyasi qüvvələrin Ermənistan diasporu qarşısında müəyyən öhdəlikləri var: "Bütün hökumətlər mütləq diaspor amilini diqqətə alır. Burada iki qütb var: Rusiya diasporu və Avropa-Amerika diasporu. Rusiya diasporu siyasi, Avropa və Amerika diasporu isə maliyyə baxımından Ermənistan hökumətinin işinə yarayır. Doğrudur, Avropa və Amerika diasporu da müəyyən mənada siyasi dəstək verə bilər. Məsələn, Ermənistan müstəqilliyini elan etdikdən sonra, hətta son vaxtlara qədər Avropa və Amerikadakı erməni diasporunun nümayəndələri İrəvana həm ABŞ-ın illik yardımının artırılmasında, həm də investorların sərmayə yatırmasında müəyyən təəssübkeşlik edirdilər. Amma son 3-5 ilə diqqət yetirdikdə, erməni diasporundan gələn sərmayənin azaldığını görürük. Çünki onlar görür ki, Ermənistana gələn sərmayə yerinə çatmır, mənimsənir. Bu maliyyə yardımlarının haraya xərclənməsinə nəzarət mexanizmi yoxdur. Pul toplanaraq, Ermənistan hökumətinin hesabına köçdükdən sonra necə xərcləndiyini diaspor izləyə bilmir. Bu baxımdan Paşinyan hökuməti də diaspor qarşısında müəyyən öhdəliklər götürür".
Onun fikrincə, Paşinyanın siyasi üfüqi yoxdur: "Hiyləgərdir, oyunçudur. Hakimiyyətə gələndən sonra Paşinyan Dağlıq Qarabağla bağlı yeni orijinal fikir deməliydi ki, bu fikir ondan çıxmadı. Çünki yeni, orijinal fikir, təklif irəli sürmək olduqca çətindir. Orjinal fikir Paşinyanda yaransaydı belə, onu həm erməni ictimai rəyinə, həm diaspora, həm də problemin həlli istiqamətində birbaşa fəaliyyət göstərən ATƏT-in Minsk Qrupuna qəbul etdirmə ehtimalı olduqca zəif idi. Paşinyan hakimiyyətə gələndə Dağlıq Qarabağın müzakirələrdə müstəqil tərəf kimi çıxış etməli olduğunu deyirdi. Amma bu da yeni fikir deyildi. Ermənistanın 1990-2000-ci illərə qədər həm ATƏT-in Minsk Qrupu çərçivəsində, həm də xarici siyasətində əsas hədəflərindən biri müzakirələrdə Dağlıq Qarabağın müstəqil tərəf kimi çıxış etməsinə nail olunması idi. Ancaq Ermənistanın bu istiqamətdə həyata keçirdiyi siyasət uzun illər nəticə vermədi. Beynəlxalq aləm bu təklifi qəbul etmədi. Sonra Ermənistan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün bir sıra addımlar atdı. Paşinyana qədər hökumətlər zaman-zaman bu istiqamətdə işlər görüb, amma heç bir şey əldə etməyiblər. Bu, Azərbaycanın qırmızı xəttidir. Bu məsələnin həllində marağı olan böyük dövlətlər Ermənistanın bu iddialarını qəbul etməzlər. Paşinyan sadəcə son 25-30 ildə çeynənən məsələləri bir başqa siyasi fiqur olaraq gündəmə gətirdi. Bu, əslində elə həyəcanlı bəyanat deyildi. Sadəcə Paşinyan fərqli bir şeylər deməli idi, çünki xalqın dəstəyi ilə hakimiyyətə gəlmişdi. Xalq ondan erməni xalqı üçün böyük əhəmiyyət kəsb edən Dağlıq Qarabağ problemi istiqamətində müəyyən fikirlər, təkliflər gözləyirdi. O da 20 ildir çeynənən fikirləri fərqli şəkildə gündəmə gətirdi. Onun bu fikirləri həm Azərbaycan tərəfində, həm də bu münaqişənin həllində maraqlı olan dövlətlərdə heç müzakirə də olunmadı.
Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi istiqamətində orijinal fikri yoxdur. Zatən onun fikrinin olması müzakirələrin 0-dan başlaması deməkdir. Beynəlxalq hüquqda dövlətlərinvə hökumətlərin ardıcıl prinsipi var. Yəni Paşinyandan əvvəlki hökumətlər Dağlıq Qarabağ probleminin həll olunması istiqamətində bizim bilmədiyimiz hər hansı bir sənəd üzərində işləməyə razılıq veriblərsə, Paşinyan hökumətinin bundan imtina etməsi ehtimalı olduqca zəifdir. ATƏT-in Minsk Qrupu da bunu qəbul etməz. Digər tərəfdən onun başqa bir fikir səsləndirəcək potensialı da yoxdur.
Azərbaycan 30 ildir deyir ki, Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir. Biz beynəlxalq hüquq çərçivəsində bu məsələni sülh yolu ilə həll etməyə çalışırıq. Amma lazım gəlsə, hərbi yolla da bu məsələni həll edə bilərik.
Paşinyanın Dağlıq Qarabağla səsləndirdiyi bəyanatlar sadəcə erməni ictimai rəyini sakitləşdirməyə hesablanmışdı. Onun bəyanatları heç də ciddi qarşılanmadı. Hesab edirəm ki, Ermənistan müstəqillik qazanandan bəri ən naşı Nazirlər Kabineti bu gün Paşinyan hökuməti tərəfindən formalaşdırılıb".
O, əlavə edib ki, mövcud şəraitdə Paşinyan hakimiyyəti üçün ən böyük təhlükə Dağlıq Qarabağda hərbi əməliyyatların başlamasıdır: "Yəni atəşkəsin pozulmasıdır. Paşinyan heç vaxt Dağlıq Qarabağda lokal belə olsa, hərbi əməliyyatların başlamasına çalışmaz. Bu, onun üçün ciddi təhlükədir. Çünki hər hansı bir məğlubiyyət onun hakimiyyətinin sonu deməkdir. Paşinyan hətta son zamanlarda Dağlıq Qarabağ probleminin hərbi eskalasiyaya getməməsi üçün pərdə arxasında savaşır. İctimai rəyə verilən pafoslu çıxışlardan başqa məsələnin gizli tərəfləri də var. Çünki Paşinyan ictimai rəyin ondan nə istədiyini bilir və o yöndə də onlara cavab verir. Amma böyük ehtimalla, arxa tərəfdə daha məntiqli düşünür. Dağlıq Qarabağda atəşkəsin pozulması və hərbi əməliyyatların başlaması Paşinyanın bugünkü mövqeyi ilə üst-üstə düşmür…
Paşinyan əgər bir az daha geniş düşünə, Dağlıq Qarabağ probleminin həll olunması istiqamətində həqiqətən bir təşəbbüs göstərmək istəsə, bu keşməkeşli dövr onun üçün ən vacib dövr ola bilər. Yəni bu dövrdə Dağlıq Qarabağ probleminin həlli istiqamətində razılıq əldə oluna bilər. Köçəryan və Sərkisyandan fərqli olaraq, belə bir razılaşma olsa, bunun səbəblərini erməni ictimai rəyinə izah etmək Paşinyan üçün daha rahatdır. Amma Paşinyan qorxur. Ona görə ki, Paşinyandan əvvəl bunu Levon Ter-Petrosyan etmişdi, amma o, hakimiyyətdən istefa etmək məcburiyyətində qaldı. Əslində, bu gün Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün çox uyğun bir şərait meydana çıxıb. Yəni o şəraitin dayaqları var, sadəcə, Ermənistanın mövcud hökuməti bunu daha geniş düşünüb, həyata keçirə bilər. Ermənistan təxminən 30 ildir qarşılaşdığı problemin həlli istiqamətində müəyyən addımlar ata bilər, Azərbaycan da bunu dəstəkləyə bilər…Əgər Paşinyanın belə bir fikri olsa, əsas məsələ bunun erməni ictimai rəyinə hansı formada təqdim edilməsidir. Bu, xüsusi əhəmiyyət daşıyır. Paşinyan deyə bilər ki, bu problem bizə maliyyə yükü gətirir, insanlarımız ölür, ölkənin büdcəsinin böyük bir qismi müharibəyə xərclənir və s. Bunu erməni ictimai rəyinin qəbul edəcəyi şəkildə desə, müəyyən uğur əldə edə bilər, amma burada bir məqamı da unutmaq olmaz. Məsələn, 2016-cı ildə Sasna Çser qruplaşması Ermənistanın aprel döyüşlərində uğursuzluğuna görə meydana çıxdı. Bu kimi hadisələrin yaşanma ehtimalı hər zaman var. Bu da Paşinyana Dağlıq Qarabağ probleminin həll olunması istiqamətində müəyyən qısıtlamalar və məhdudiyyətlər yaradır".
Onun fikrincə, Paşinyan siyasi hakimiyyətin zirvəsinə qalxana qədər onun siyasi görüşü nə idi, ətrafında kimlər var idi, necə hökumət quracaq, necə xarici siyasət həyata keçirəcək və s. haqda ciddi bir məlumat yox idi: "Əslində indi də yoxdur: Paşinyanın nə etmək istədiyini heç özü də bilmir və bunu "xalq meydanda müəyyən edəcək"lə pərdələyir. Heç bir konsepsiyası, strateji hədəfə çatmaq üçün planı olmayan Paşinyan iqtidarının nə istədiyi bilinmir. Bu isə problem yaradır".