“Azərbaycan çox etibarlı tərəfdaşdır” Siyasət

“Azərbaycan çox etibarlı tərəfdaşdır”

Prezident İlham Əliyev: "Sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur, verdiyimiz hər bir sözə əməl edirik və sözümüzün arxasında dayanırıq"

"Nə qədər ki, torpaqlarımız işğal altındadır biz Ermənistanı təcrid vəziyyətində saxlayacağıq. Bizim siyasətimiz nəticəsində Ermənistanda demoqrafik böhran yaşanır, insanlar ölkəni kütləvi şəkildə tərk edir".
Bunu Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev dekabrın 13-də Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı bildirib.
Prezident İlham Əliyev 2018-ci ilin ölkəmiz üçün uğurlu il olduğunu, bütün sahələrdə, həmçinin idman sahəsində Azərbaycanın böyük nailiyyətlər qazandığını deyib. Dünyada təhlükəli proseslərin getməsinə, beynəlxalq vəziyyətin daha da gərginləşməsinə baxmayaraq, Azərbaycanda sabitliyin, təhlükəsizliyin təmin edildiyini, qarşıda duran bütün vəzifələrin icra olunduğunu deyən dövlət başçısı bu il Ermənistanda baş verən ciddi dəyişikliklər nəticəsində 20 ildən çoxdur mövcud olan kriminal xunta rejiminin çökdüyünü diqqətə çatdırıb, Azərbaycanın ardıcıl və məqsədyönlü siyasətinin bu rejimin çökməsində öz rolunu oynadığını vurğulayıb.
Prezident İlham Əliyev bildirib ki, biz beynəlxalq müstəvidə sübut edə bilmişik ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində haqlı tərəfik. Azərbaycanın bu gün dünya miqyasında çox böyük hörmətə layiq olduğunu, beynəlxalq nüfuzumuzun artdığını deyən dövlət başçısı Avropa İttifaqı ilə imzalanan əməkdaşlıq sənədində və NATO-nun Zirvə görüşündə qəbul edilən Bəyannamədə Azərbaycanın ərazi bütövlüyünə verilən dəstəyin əhəmiyyətini vurğulayıb.

"Qələbələr cəmiyyətimizin vətənpərvərlik ruhunu artırır "

Azərbaycan Prezidenti bildirib ki, Rusiya və NATO-nun ali hərbi rəhbərlərinin çox böyük əhəmiyyət daşıyan növbəti görüşünün dünyada BMT-yə üzv olan 200-ə yaxın ölkə arasında məhz Azərbaycanda keçirilməsi ölkəmizə inamdan qaynaqlanır.
Dövlət başçısı 2018-ci ildə ölkəmizdə iqtisadi məsələlərin də çox uğurla həll edildiyini diqqətə çatdırıb. İdman sahəsində qazanılan qələbələrdən danışan Prezident İlham Əliyev bildirib ki, idmançılarımız bu il 800-ə yaxın medal qazanıb, onlardan da 263-ü qızıl medaldır. "Bu qələbələr sadəcə idman qələbəsi deyil. Bu qələbələr cəmiyyətimizin vətənpərvərlik ruhunu artırır, Azərbaycanı dünyada güclü idman ölkəsi kimi tanıdır, ölkəmizi təbliğ edir", - deyən dövlət başçısı idmançılarımzın həyatda da gözəl nümunə göstərdiklərini diqqətə çatdırıb. Artıq regionlarda 44 olimpiya idman mərkəzinin fəaliyyət göstərdiyini, gələn il 3 belə mərkəzin inşa olunacağını deyən Prezident İlham Əliyev ölkəmizdə beynəlxalq idman yarışlarının keçirilməsinin artıq ənənəyə çevrildiyini, Azərbaycanın uğurlarının beynəlxalq idman təşkilatları tərəfindən də yüksək qiymətləndirildiyini vurğulayıb.

"Azərbaycan öz yolu ilə uğurla gedir "

Azərbaycan Prezidenti dünyada 2018-ci ildə bir çox təhlükəli proseslər getdiyini vurğulayıb: "Qanlı toqquşmalar, müharibələr, etiraz aksiyaları və digər hadisələr demək olar ki, 2018-ci ilin mənzərəsini əks etdirir.
Azərbaycanda isə sabitlik, təhlükəsizlik təmin edilmişdir. Azərbaycan öz yolu ilə uğurla gedir və qarşıda duran bütün vəzifələri icra edir. Əlbəttə, biz dünyada gedən prosesləri izləyirik. Biz bu proseslərə biganə qala bilmərik. Çünki həm Avropada, həm bizim regionumuzda, Yaxın Şərqdə gedən proseslər narahatlıq doğurur", - dövlət başçısı vurğulayıb.

"Münaqişənin həlli üçün daha əlverişli vəziyyət yaranıb"

Prezident İlham Əliyev bu il Ermənistanda çox ciddi dəyişikliklərin baş verdiyini qeyd edib: "İyirmi il ərzində hakimiyyəti qanunsuz olaraq zəbt etmiş kriminal xunta rejimi çökdü və bizim dediyimizi indi erməni xalqı deyir. Kriminal, rüşvətxor rejim 20 il ərzində öz xalqını istismar edirdi və bu rejimin acı sonu məntiqə tam uyğundur. Onu da deməliyəm ki, bizim ardıcıl, məqsədyönlü siyasətimiz kriminal xunta rejiminin çökməsində öz rolunu oynamışdır. Çünki bizim siyasətimiz dəyişməz olaraq qalır. Nə vaxta qədər ki, bizim torpaqlarımız işğal altındadır, biz bütün imkanlardan istifadə edib Ermənistanı təcrid vəziyyətində saxlayacağıq və buna nail olduq".
Dövlət başçısı deyib ki, Azərbaycanın təşəbbüsü ilə reallaşan qlobal enerji, nəqliyyat layihələri Ermənistandan yan keçir: "Bizim siyasətimiz nəticəsində Ermənistanda demoqrafik böhran yaşanır, insanlar ölkəni kütləvi surətdə tərk edir, iqtisadi inkişaf üçün heç bir əsas yoxdur, xarici sərmayə qoyulmur, onların beynəlxalq bazarlara çıxışı çox çətinləşib. Beynəlxalq müstəvidə sübut edə bilmişik ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində haqlı tərəf bizik. Yəni, bütün bu və başqa amillər, əlbəttə, bizim hərbi qüdrətimiz Ermənistanı bu ağır vəziyyətə salmışdır.
İşğal edilmiş torpaqlarımızın bir hissəsinin iki il bundan əvvəl işğalçılardan azad edilməsi, o torpaqlarda Azərbaycan bayrağının qaldırılması kriminal rejimə çox böyük zərbə olmuşdur. O vaxtdan bu günə qədər o ölkənin güclü olmayan dayaqları daha da laxlayaraq sıradan çıxıb. Yəni, bu, bizim qonşuluğumuzda baş vermiş hadisələrdir. Əlbəttə, hesab edirəm ki, bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb. Bir çox amillər bunu deməyə əsas verir. İlk növbədə, bizim artan gücümüz, potensialımız, iqtisadi, hərbi, siyasi gücümüz, beynəlxalq mövqelərimiz bunu deməyə əsas verir. Biz bu istiqamətdə öz ardıcıl siyasətimizi davam etdirəcəyik".

"Beynəlxalq nüfuzumuz artır"

Prezident İlham Əliyev Azərbaycanın bu gün dünya miqyasında çox böyük hörmətə layiq olan ölkə kimi tanındığını deyib: "Bizim beynəlxalq nüfuzumuz artır. Mən bunu dəfələrlə qeyd edirəm və bu, sadəcə olaraq sözlər deyil".
Dövlət başçısı deyib ki, beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim mövqeyimizi əks etdirən bir çox qərar və qətnamələri olub: "İkitərəfli sazişlərimizdə bu məsələ bizim mövqeyimizi əks etdirərək öz həllini tapmışdır. Avropa İttifaqı ilə tərəfdaşlıq prioritetləri sənədinin imzalanması çox əlamətdar hadisə idi. Bu sənəddə göstərilir ki, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı dəstəklənir. NATO-nun Zirvə görüşündə ərazi bütövlüyümüzlə bağlı çox önəmli məsələ öz əksini tapmışdır. İkitərəfli imzalanmış sənədlərdə daim bizim mövqeyimiz öz əksini tapır. Mən deyəndə ki, bizim beynəlxalq nüfuzumuz artır, bunu nəzərdə tuturam. Eyni zamanda, Azərbaycan xalqı bunu yaxşı bilir ki, hətta Ermənistanın üzv olduğu, bizim üzv olmadığımız təşkilatlarda da bizim mövqeyimiz üstünlük təşkil edir və bu, Ermənistanda isterikaya səbəb olur.
Dekabrın 12-də Bakıda Rusiya və NATO-nun ali hərbi rəhbərlərinin növbəti görüşü olmuşdur. Bu, birinci görüş deyil. Bundan əvvəl Amerika və Rusiya baş qərargah rəislərinin Bakıda görüşü olmuşdur. NATO-Rusiya hərbi rəhbərlərinin görüşü də mütəmadi olaraq Azərbaycanda keçirilir. Bu, çox əlamətdar hadisədir. Dünyada BMT-yə üzv olan 200-ə yaxın ölkə var və bu ölkələr arasında bu görüş məhz Azərbaycanda keçirilir. Avropada 50-yə yaxın ölkə var, ancaq bu görüş Azərbaycanda keçirilir. Nəyə görə? Bunun bir neçə səbəbi var. İlk növbədə, bizə olan inam. Azərbaycan çox etibarlı tərəfdaşdır, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur, verdiyimiz hər bir sözə əməl edirik və sözümüzün arxasında dayanırıq. Digər tərəfdən, bizə olan hörmət. Bu gün apardığımız siyasət bizə dünyada çox böyük hörmət qazandırıb, Azərbaycana çox böyük rəğbət var. Müstəqil siyasət apararaq, sözün əsl mənasında, müstəqil ölkə kimi özümüzü təsdiq edə bilmişik. Hesab edirəm ki, bu, ikinci səbəbdir. Üçüncü səbəb ondan ibarətdir ki, həm Rusiya, həm də NATO ilə bizim sıx əlaqələrimiz var. Rusiya ilə strateji tərəfdaşlıq əlaqələrimiz gündən-günə güclənir. NATO ilə bir çox proqramlar əsasında işləyirik, Əfqanıstana sülhməramlı əməliyyatların keçirilməsi üçün böyük dəstək oluruq, yardımlar edirik və digər amillər burada rol oynayıb. Amma bir daha Azərbaycan ictimaiyyətinin diqqətini bu məsələyə cəlb etmək istəyirəm ki, məhz Azərbaycanda bu dünya üçün çox böyük əhəmiyyət daşıyan görüş keçirilir".

"Azərbaycan iqtisadi sahədə bütün vəzifələri uğurla icra edir"

Prezident İlham Əliyev ölkəmizin iqtisadi sahədə bütün vəzifələri uğurla icra etdiyini bildirib: "İqtisadiyyatımız artır, sosial məsələlər öz həllini tapır. 2018-ci ildə bir çox önəmli infrastruktur layihəsi uğurla icra olunmuşdur, nəqliyyat və neft-qaz sahələrində tarixi nailiyyətlər əldə edilmişdir. Bütün bunları biz etmişik, Azərbaycan xalqının böyük dəstəyi ilə buna nail olmuşuq.
Bilirsiniz ki, ölkəmizə turistlərin axını davam edir. Turistlərin sayı 2016-cı ildə 22 faiz, 2017-ci ildə 20 faiz, bu ilin 11 ayında 6 faizdən çox artmışdır. Düzdür, əvvəlki illərə nisbətdə artım bir qədər aşağıdır, ancaq biz bilməliyik ki, baza artır. Yəni, hər il bundan sonrakı ildə bu yüksək artımı əldə etmək daha çətin olacaq. Ancaq bu istiqamətdə də çox ciddi işlər aparılır. Deyə bilərəm ki, şəhərin mərkəzində keçirilən "Formula 1" yarışının turistlərin cəlb edilməsində xüsusilə çox böyük rolu, payı var. Azərbaycanın idman sahəsində uğurları beynəlxalq idman qurumları tərəfindən yüksək qiymətləndirilir. Həm Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi bizim fəaliyyətimizə çox yüksək qiymət verir. Gələn il Bakıda Avropa Gənclər Olimpiya Festivalı keçiriləcəkdir. Bu, gənclər arasında Avropa Oyunlarının bir növüdür. Biz bu yarışa da ciddi hazırlaşırıq. Bizdə əldə edilmiş təcrübə deməyə əsas verir ki, bu yarış yüksək səviyyədə keçiriləcək.